Deputat Nadejda Savçenkonu dövlət çevrilişi cəhdinə görə Ukrayna Ali Radasında saxlayıblar
Ukraynalı deputat Nadejda Savçenko Ukrayna Ali Radasının binasında saxlanılıb.
Hromadske-nin verdiyi məlumata görə, prokuror ona qarşı ittihamları səsləndirib, bundan sonra onu həbs ediblər. Savçenko özü müstəntiqlərə təklif edib ki, Təhlükəsizlik Xidmətinin binasına piyada getsinlər. O, UTX əməkdaşlarının müşayiəti ilə binanı tərk edib, küçədə onu “Nadejda, sən bizim ümidimizsən” şüarını səsləndirən tərəfdaşları qarşılayıb.
Martın 22-ə qədər Ukrayna Ali Radası Savçenkonun deputat toxunulmazlığını ləğv edib və onun həbsinə icazə verib.
Bundan əvvəl Ukrayna prokuroru Yuri Lutsenko sessiya zalında Savçenkonun Kiyevdə terror aktı həyata keçirmək üçün Şərqi Ukraynanın işğal olunmuş ərazilərindən silah çıxardığını “sübut edən” film nümayiş etdirib.
Videoda Savçenko hökumət kvartalı və Ali Radaya hücum planlaşdırılması haqda danışır və bildirir ki, sui-qəsdin əsas hədəfləri Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, prezident Pyotr Poroşenko və daxili işlər naziri Arsen Avakovdur.
Teqlament komitəsində baş prokurorluğun irəli sürdüyü ittihamlardan sonra Savçenko bildirib ki, özü qəsdən özünü ələ verib, çevriliş planlaşdırmayıb, sadəcə “hakimuyyəti qorxutmaq” istəyib.
Ukrayna Silahlı Qüvvələrinin zabiti Savçenko 2014-cü ilin yayında hərbi əməliyyatlar zamanı Ukraynanın Şərqində Rusiya yönlü silahlı dəstələrə əsir düşüb. Bir müddət sonra o, Rusiya ərazisinə aparılıb və orada həbs olunub – ona qarşı Luqansk ətrafında minaatandan açılan atəş nəticəsində həlak olan iki rusiyalı jurnalistin qətlində iştirak etməklə bağlı ittiham irəli sürülüb.
Savçenkonun danışdığına görə, onu zorla Rusiya ərazisinə gətiriblər. O, qətlə aidiyyatının olduğunu rədd edib. Ukrayna, beynəlxalq təşkilatlar və qərb ölkələrinin hökumətləri Moskvadan onun dərhal azad edilməsini tələb edirdi. Savçenkonun özü bir neçə dəfə aclıq aksiyası keçirib. Amma 2016-cı il martın 22-də Rostov şəhərinin məhkəməsi onu 22 il müddətinə azadlıqdan məhrum edib. Amma mayın 26-da Nadejda Savçenko Rusiya prezidenti Vladimir Putinin qərarı ilə əfv olunub. Əvəzində Ukrayna onlara qarşı döyüşən iki rusiyalı hərbçini azadlığa buraxıb. 2014-cü ilin sentyabrında hələ Rusiyada həbsdəykən, Savçenko “Batkivşina” partiyasından Ukraynanın xalq deputatı seçilib. Prezident Poroşenkonun sərəncamı ilə 2015-ci ilin martında Nadejda Savçenkoya Ukrayna Qəhrəmanı adı ilə təltif olunub.