Demək olar ki, bütün Azərbaycan bütün gecə elektrik enerjisiz qalıb
Demək olar ki, bütün Azərbaycan elektrik enerjisiz qalıb. Elektrik iyulun 2-dən 3-ə keçən gecə kəsilib və yalnız səhər saatlarında hər yanda olmasa da, bəzi evlərdə bərpa olunmağa başlayıb. Mobil operatorlar işini fasiləsiz davam etdirir və insanlar sosial şəbəkələrdə fəal şəkildə yazışırlar. Bu yazılanlara əsasən, ölkənin demək olar ki, heç yanında işıq yoxdur.
Iyulun 3-də Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ölkə ərazisinin elektrik enerjisi ilə təminatında yaranmış fasilə ilə bağlı birgə operativ məlumat yayıb.
Məlumatda deyilir ki, “bir neçə gündür havaların normadan artıq isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.
İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub”.
Bildirilir ki, hazırda vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təminatı bərpa olunub.
Bakıda səhər saatlarında elektrik təchizatı demək olar ki, tam bərpa olsa da, hələ də şəhərin bir çox hissələrinə su verilmir. “Azərsu”nun mətbuat xidmətinin məlimatına görə buna səbəb Mingəçevirdəki qəza səbəbindən artezian nasoslarında yaranan fasilə olub. Su təchizatı axşama qədər bərpa olunmalıdır.