“Dekriminallaşma olmayacaqsa, sülh də olmayacaq”
Yanvarın 25-də Gürcüstan parlamentinin binası önündə hakimiyyətin sərt narko-siyasətinə qarşı növbəti aksiyası baş tutub.
Yanvarın 23-də Tbilisi şəhər Məhkəməsi artist Giorgi Giorqanaşvilini xüsusilə iri həcmdə narkotik maddələrin əldə edilməsi və saxlanmasına görə 8 il müddətinə azadlıqdan məhrum etdikdən, fəallardan biri Beka Sikaraşvili isə məhkəmə binasının yanında xuliqanlıq əməlləri törətdiyi üçün 14 sutka həbs cəzası aldıqdan sonra fəallar etiraz aksiyası keçiriblər.
Vətəndaş cəmiyyətinin nümayəndələri hesab edirlər ki, Giorqanaşvilinin işində çoxlu suallar var, hökm isə sübuta yetirilməyən faktlar əsasında çıxarılıb (bu işin şahidləri yalnız polis əməkdaşlarıdır, saxlanma zamanı video-çəkiliş yoxdur və s.), bu da artistin üzərində narkotikin olmadığına və narkotiki polislərin onun cibinə atdığına dair şübhələr oyadır. Giorqanaşvili də bunu bildirir. Onun sözlərinə görə, narkotiki onun üzərinə polis əməkdaşları qoyub.
Sərt cəza – 8 il müddətinə məhkumluq da cəmiyyətin qəzəbinə səbəb olub, çoxlarının fikrincə, bu, ifrat cəzadır.
Aksiya iştirakçıları Giorqanaşvili və Sikarişvilinin dərhal azad edilməsini, işdə adları hallanan polis əməkdaşlarının cəzalanmasını, ən qısa müddətdə “repressiv və qeyri-humanist” narko-siyasətin liberallaşmasını tələb ediblər. Onlar Gürcüstan prezidentini Giorqanaşvilini əfv etməyə çağırıblar. Fəallar aksiyaya “Dekriminallaşma olmazsa, sülh də olmayacaq”, “Polisləri cəzalandırmaq!”, “Bitirin!” şüarları ilə gəliblər.
Fotolar Beka Buxnikaşvilinindir
Tətbiq olunan narko-siyasətlə bağlı yanvarın 25-də xalq müdafiəçisi də fikrini açıqlayıb. Nino Lomcariya hesab edir ki, Giorqanaşvilinin işi “Cinayət Məcəlləsinin narkotiklərlə bağlı sərt və repressiv nizamlamaların mövcud olması problemini xüsusi kəskinliyi ilə nümayiş etdirir”. Ombudsmen həmçinin parlamenti narko-siyasətdə islahatlar keçirilməsini prioritet məsələ kimi tanımağa və “ən qısa müddətdə” yeni qanunlar qəbul etməyə çağırıb.
Narko-siyasət son bir neçə ildə aktuallığını itirməyən mövzudur. Ötən il bununla bağlı bir neçə etiraz aksiyası baş verib. Ən çoxsaylı aksiya iyunun 10-da Tbilisidə Rustaveli küçəsində keçirilən nümayiş olub – minlərlə gənc Tbilisi sakini hakimiyyətin narko-siyasətinə qarşı çıxıb, səbəb isə “Birja-mafiya” rep qrupunun iki üzvünün həbsi ilə bağlı olub.
21 yaşşlı Giorgi Keburiya və 28 yaşlı Mişka Mqaloblişvili xüsusi iri həcmdə psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanmasına görə həbs edilib. Musiqiçilər isə bildiriblər ki, narkotikləri onların üzərinə hüquq-mühafizəçiləri qoyub və bununla da onlardan gürcü polisinin satirik obrazının əks olunduğu kliplərinə görə, qisas almaq istəyiblər. Olaylar Bidzina İvanişvilinin oğlu Beranın Facebook səhifəsində bu musiqiçiləri dəstəklədikdən sonra onların azad edilməsi ilə başa çatıb.
Giorgi Giorqanaşvili və “Birja-mafiya”ya qarşı işlər haqqında nəinki sadə ölkə vətəndaşlarının, həmçinin qeyri-hökumət təşkilatlarının və müşahidəçilərin də sualı yaranan hər hansı xüsusi iş deyil.
Hüquq-mühafizə orqanları əməkdaşlarının vətəndaşların üzərinə narkotik atması Gürcüstan prezidenti və onun ailəsinə yaxşı məlumdur. Prezidentin qızı Anna Marqvelaşvili televiziya verilişlərinin birində bildirib ki, polisin üzərinə narkotik atdığı qurbanlar əsasən ölkənin fərqli düşüncəyə sahib vətəndaşları olur.
Qeyri-hökumət təşkilatlarının hazırladığı narko-siyasətin liberallaşması haqda qanun layihəsi artıq Gürcüstan parlamentinə təqdim olunub və müzakirə edilir.
Dekabrın 27-də Gürcüstan parlamentinin Səhiyyə Komitəsi ilk dinləmədə qanunvericilik dəyişiklikləri paketini dəstəkləyib, bu dəyişikliklərə əsasən, az miqdarda narkotik maddənin müalicəvi istifadə üçün əldə edilməsinə görə cinayət məsuliyyəti ləğv edilməlidir. Dəyişikliklər həmçinin reabilitasiya proqramının həyata keçirilməsini də nəzərdə tutur.
Amma Səhiyyə Komitəsinin mövqeyinə baxmayaraq, hakim “Gürcü arzusu” partiyasının böyük hissəsi hesab edir ki, dekriminallaşma əks effekt doğuracaq və narkotik istifadəçilərinin sayının artmasına səbəb olacaq.
Bir neçə gün əvvəl Katolikos-Patriarx İkinci İliya bu mövzuda bəyanatla çıxış edib. Milad epistolunda patriarx hakimiyyəti cəzaya əsaslanan sərt narko-siyasəti yenidən nəzərdən keçirməyə və yeni reabilitasiya mərkəzlərinin yaradılması imkanı haqda düşünməyə çağırıb. Amma bununla belə məlum olub ki, Patriarxiya qeyri-hökumət təşkilatlarının parlamentə təqdim etdiyi qanun layihəsini dəstəkləmir, hətta layihəyə baxış prosesini dayandırmağı tələb edir. Kilsənin böyük nüfuza malik olduğu Gürcüstanda din xadimlərinin mövqeyi çox vaxt hətta hakimiyyətin də atdığı addımları müəyyən edir.
Yanvarın 22-də – Giorqanaşvili haqda hökm elan olunandan bir gün öncə daxili işlər naziri Giorgi Qaxariya narko-siyasətlə bağlı bəyanatla çıxış edib. Onun sözlərinə görə, “humanist və kompleks şəkilli narko-siyasətin tətbiqi vəziyyətdən yeganə çıxış yoludur”, baxmayaraq ki, narkotik maddələrin satışı və yayılması məsələsində “sərt yanaşma nəinki olduğu kimi saxlanılacaq, hətta daha da kəskinləşdiriləcək”.
Sosial şəbəkələrdə Giorgi Giorqanaşvilini dəstəkləyən şərhlərlə yanaşı nakro-siyasətin sərtləşdirilməsi haqda çağırışlara da tez-tez rast gəlinir.
Parlamentin qarşısında “Ağ küy” ictimai hərəkatının keçirdiyi aksiya o qədər də izdihamlı olmayıb. Müşahidəçilər bildirir ki, bütün bunlar bu mövzuda cəmiyyətdə konsensusun olmadığından xəbər verir.