Daş karxanasında dəvələr
İstənilən Bakı bazarında çiynində soğan kisəsi aparan adam görə bilərsiz. İçindən soğan qabığı tökülən kisəsini aparır, qış üçün ehtiyat görür. Çünki ata-babaları da belə edib. Söhbət hamının orta statistik azərbaycanlı adlandırdığı şəxslərdən gedir. Sonra o qış üçün bir kisə kartof da alacaq. Təbii ki, əkinçinin bu soğana sərf etdiyi əmək çiynində kisəni aparan adamı maraqlandırmır. Onun üçün maraqlı olan qiymət məsələsidir. Soruşan olsa da deyəcəklər ki, son zamanlar soğanı baha qiymətə satırlar.
Əziyyətli soğan
Babək Abbasov Ağdam rayonunun Mahrızlı kəndində yaşayır. Artıq 7 ildir ki, soğan əkini ilə məşğuldur, ailəsini birtəhər dolandırır. Dərd orasındadır ki, Babəkin torpaq sahəsi çox kiçik olduğundan kəndlilərdən torpaq icarəyə götürməli olur: “Pay torpağım azdır, buna görə də dövlətin fermerlərə ayırdığı güzəşt və imtiyazlarından yararlana bilmirəm. Həmin güzəştləri torpağı mənə icarəyə verən şəxslər alır. Hər il 4 hektara yaxın sahədə soğan əkirəm. Daha sonra da Babək öz mühasibatından danışır: Bir hektar soğanın becərilməsinə 2500-3000 manat ($1535 – 1841) lazımdır. Yəni mövsümün axırında o azdan-çoxdan qazana bilirdi, sonra da devalvasiya baş verdi və hər şey bahalaşdı: gübrə, toxum, bitki dərmanları.
Ötən il isə ona xəstə toxum satıblar, soğan tamam çürüyüb, nəticədə Babəkə 1500 manat ($920) ziyan dəyib, indi də borcun içindədir.
Qiymətlərlə maraqlanırıq. Məlum olur ki, sahədə soğan əsasən 35 kiloqramlıq kisələrdə topdan satılır. Qiymət hər kisəyə 3-4 manat (təxminən 2 dollar) arasında dəyişir. Bakıya çatanda isə həmin kisənin qiyməti azı 17 manat olacaq, yəni hardasa 13 manat yolda itir. İstehsalçının özündən almaq daha ucuz olardı, burada da biz Azərbaycanda kənd təsərrüfatının əbədi problemi ilə üzləşirik – qaydaya salınmış satış kanalları yoxdur, nəqliyyat bahadır – istehsalçının Bakı bazarına çıxışı yoxdur.
Buna bazardakı inhisarçılığı da əlavə etsək kəndlinin bir təhər dolandığı məlum olur.
Subsidiya və imtiyazlar
Əslində, dövlət fermerlərə subsidiyalar ayırır, amma bu il subsidiyalar gecikib: Kənd Təsərrüfatı Nazirliyinin subsidiyalar üzrə komissiyasının qərarını gözləyirdilər. Nəhayət, sentyabrda fermerlərə 82 milyon manatdan bir qədər çox (50 milyon dollara yaxın) subsidiya verildi.
Ayrı-ayrı fermerlərə yanacaq və motor yağlarının istifadəsinə görə – torpağın sahəsindən asılı olaraq – mövsümdə 1 hektara 50 manat ($30) subsidiya verilir, buğda, çəltik, pambıq, tütün əkininə görə əlavə 40 manat ($25) verilir.
Son xəbər: hökumət pambıqçılığın inkişafı üçün tədbirlər görməyə hazırlaşır, buna görə də hər kiloqram xam pambığa görə, istehsalçılara 10 qəpik (6 sentə yaxın) subsidiya veriləcək.
Bundan əlavə, fermerlər vergi imtiyazlarından da istifadə edir, yəni onlar torpaq vergisindən başqa bütün “sahibkarlıq vergilərindən azaddırlar, ƏDV ödəmirlər və su xərcini güzəştli qiymətlə ödəyirlər. Amma oranjereya sahibləri həmişə şikayət edir ki, qazın qiyməti onları tamam müflis edir.
Bundan başqa, onlara güzəştli şərtlərlə kreditlər də verilir, fermerlərin özləri isə şikayət edir ki, əksər vaxtlarda banklar kreditlərin alınması üçün sərt tələblər qoyur, misal üçün Sabirabad rayonunda yaşayan sahibkar Bakıdakı əmlakı girov qoymalıdır. İqtisadiyyatın ümumi qeyri-stabil vəziyyətini nəzərə alsaq, nəticədə sahibkarlar daha az kredit götürməyə başlayıb.
Kənd təsərrüfatı ili
Neft gəlirlərinin azalması hökuməti alternativlər axtarmağa vadar edib. Prioritetlər arasında kənd təsərrüfatı da var. 2015-ci il “Kənd təsərrüfatı ili elan olunmuşdu. Çoxsaylı qərar, fərman və sərəncamlar verilmişdi. Hökumətin 2015-ci ilin nəticələrinə dair iclasında baş nazir Artur Rəsizadə bildirib ki, kənd təsərrüfatı məhsulunun istehsalı 6,6%, ixracat 7,2% artıb.
Ötən il həm də “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının son ili olub.
Proqramda məhsuldarlığın, əkin sahələrinin və s. nə qədər artırılmalı olduğu göstərilmişdi. Amma kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, hökumətin aqrar siyasəti qarşıya qoyulan məqsədə çatmaq imkanı yaratmayıb və statistika proqramın heç bir xeyir vermədiyini göstərir: “Təkcə bir fakt. Proqramın başladığı 2008-ci ildə ölkədə 2498,3 min ton taxıl istehsal olunduğu halda 2014-cü ildə bu göstərici 118,9 min ton azalıb.
Səbəblər
Nazirlikdə hesab edirlər ki, aşağı məhsuldarlığın səbəblərindən biri bələdiyyələrin fermerlərə icarəyə verdiyi torpaqların düzgün istifadə olunmamasıdır. Buna görə də istehsal üzrə öhdəliklərini yerinə yetirməyən fermerlərdən icra hakimiyyəti həmin torpağı alır və müqaviləni ləğv edir. Belə ki, Saatlı rayonunda 104 ha, Haciqabulda isə 4 443 ha torpaq sahəsi geri alınıb. Abşeronda vəziyyət daha pisdir: 19 min hektardan çox ərazi dəvələrin örüş sahəsi üçün verilmişdi, bu yaxınlarda isə orada daş karxanaları aşkarlanıb.
Kənd təsərrüfatındakı problemlərin daha bir səbəbi kimi Nazirlik Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən kənd təsərrüfatı üçün yararlı olan 200 min hektarlıq ərazinin işğalını göstərir. Dağlıq Qarabağ və ətraf rayonlar həqiqətən də əlverişli iqlimi və münbit torpağı ilə fərqlənir. Amma bəzi ekspertlər belə hesab edirlər ki, əlində olan torpağın səmərəli istifadəsi zamanı Azərbaycan idxalın əvəz edilməsində uğur qazana bilər.
Ekspert Vahid Məhərrəmov deyir ki, dövlət qurumu ötən il ona ayrılan 600 milyon manat vəsaiti səmərəli xərcləsəydi, ərzaq asılılığımızı azaltmaq mümkün idi: “Bu proqrama ümumilikdə 914 milyon manat ayrılıb. Bu qədər vəsaitin müqabilində vəziyyət acınacaqlıdır. Süd, kartof, ət istehlakı sahəsində Rusiya, Ukrayna, Ermənistan, Belarus, Qazaxıstandan geriyik. Azərbaycana hətta Gürcüstan vasitəsilə Ermənistandan kartof gətirilir.
Xəbərlər
Apreldə prezident İlham Əliyev əbədi satış probleminin həlli üçün xüsusi qurumun – “Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Bu təşkilat fermerlərin mətbuat üçün verdikləri hər müsahibədə toxunduqları çoxdankı arzularını yerinə yetirəcək: onlar öz məhsullarını sadəcə dövlətə müəyyən qiymətə satacaq və daha onun əziyyətini çəkməyəcəklər.
Plana görə, sistem artıq payızda işə düşməlidir. Fermerlər də, iqtisadçı ekspertlər də səbrsizliklə dövlət proqramlarının nəticə verəcəyi günü gözləyirlər.
Dərc olunub 25.09.2016