Qarabağ münaqişəsi haqda Ermənistan-Azərbaycan müştərək filmi müzakirə olundu
Qarabağ münaqişəsi haqda Ermənistan-Azərbaycan müştərək filmin hazırlanmasını Böyük Britaniyanın “Barışıq Resursları” təşkilatı 2012-ci ildə təklif etdi.
Nəticədə 3 hissəli sənədli film ərsəyə gətirildi. Сari ilin may aynınım 12-də bu 3 filmin əsasında 75 dəqiqəlik bir film təqdim olundu. Filmin üç hissədən ibarət olan orijinal versiyası iyunda göstəriləcək.
“Filmin orijinalına baxmaq lazımdır”
Jurnalist, “Dairənin hissələri” adlı sənədli filmin həmmüəllifi Şahin Rzayev deyir ki, indiki halda ingiliscə 75 dəqiqəlik filmin təqdim olunmasında əsas məqsəd layihəyə diqqəti cəlb etməkdir.
“Mən istərdim ki orijinal filmin üç hissəsi yayımlansın və onlara baxandan sonra nəticə çıxarsınlar. Məhz bu qısa filmlə xarici auditoriyaya münaqişə barədə əsas mesajı ötürmək mümkün olmayıb. Bizim istəyimiz daha artığı idi. Bu layihənin qaydası bundan ibarət idi ki, bütün qərarlar konsensus şəklində qəbul olunurdu”.
Rzayev əlavə edir ki, hər iki tərəfin veto hüququ vardı və tərəflər hər biri daha çox özü haqqında məlumat ötürmək istəyirdi.
O hesab edir ki, ilk addım üçün bu film mühüm nəticədir. İstədiklərini tam ötürə bilməsələr də, beynəlxalq aləmə müəyyən qədər məlumat verdikləri qənaətindədir.
“Əsas iş bir tərəfdə gedib”
Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev deyir ki, filmə dəqiq qiymət bütün hissələrə baxdıqdan sonra verilməlidir.
“Bu filmləri birləşdirib vahid film kimi ortaya qoyanda iki məsələ irəli çıxır: ssenari və montaj. 4 illik məsafə var, bu illər ərzində hadisələrin mahiyyətinə təsir edən hallar baş verib, ssenari dəfələrlə işlənib və s. Birləşdirilmiş filmdə qoyulan ssenaridə bərabərlik bir o qədər də nəzərə alınmayıb. Çox ehtimal, əsas iş bir tərəfdə gedib”.
Əliyev hesab edir ki, bu amil də prosesin ardıcıllığına ziyan vurub. Belə ki, Ermənistanla bağlı hadisələr təsvir olunanda hər bir kəndin tarixi böyük Qarabağ probleminin içərisində öz əksini tapıb.
“Azərbaycanda isə proseslərə çox mühüm təsir etmiş Quqark və Bağanis Ayrım hadisələri kənarda qalıb. Belə təəssürat yaranır ki, ermənilər sülh şəraitində azərbaycanlıları bir yerə yığıb evə göndəriblər, azərbaycanlılar isə hər bir kəndin tarixində qanla, təzyiqlə problemin həllinə çalışıblar”.
“AzTV öz arxivini bizə vermədi”
Şahin Rzayev bildirir ki, montaj prosesi əsasən İnternyus-Azərbaycan təşkilatı vasitəsilə həyata keçirilib. О, iş prosesi zamanı xeyli problemlə üzşlədiklərini sadalayır:
“Biz arxiv materialları üçün müraciət edəndə AZTV öz arxivini bizə vermədi. Rəhmətlik video operator Seyidağa Mövsümlü öz çəkdiyi kadrları AZTV-dən ala bilmirdi.
Ermənistan tərəfi isə bir məktub yazırdı, bütün dövlət arxivi onun üzünə açılırdı.
2014-cü ildə QHT-lərə təzyiqlərdən sonra da imkanlarımız xeyli azaldı. Bütün montaj işləri Ermənistanda aparıldı. Bunun da obyektiv səbəbi var – Azərbaycanda şərait yox idi.
Məmurlara müraciət edirdik. Bu layihədə ermənilər olduğunu deyərək, şərh vermirdilər. Sumqayıtda çəkiliş apara bilmirdik, icra hakimiyyəti imkan vermirdi.
O ki qaldı Quqark hadisələrinə, həmin hadisələrinin şahidi olan bir nəfər müsahibə verməkdən imtina etdi ki, vəzifədə olan qohumuna söz gələr. Sonradan hadisənin şahidi olan başqa bir nəfər tapılır və 3 hissəli filmdə bu məsələ öz əksini tapır”.
“Quqark hadisələri var, hansısa bir formada montajda onu nəzərə almaq olardı,” deyir Arif Əliyev.
“Hər bir kadrı özündən sonra gələn kadr izah edir. “Dairə əməliyyatı”ndan sonra Mütəllibovun təqdim olunması və onun gətirib söhbəti buna çıxarması ki, biz Qorbaçovla danışdıq: bu məsələni Azərbaycanın xeyrinə həll etmək istəməsi bütövlükdə proses haqqında bir qədər düzgün olmayan məlumatdır”.
Əliyev əlavə edir ki, hər iki tərəfin hadisələrə baxışı tamamilə fərqlənir. “Biz qərəzsiz olmağa, ədalətli olmağa, hislərə uymamağa çalışsaq da, bu, haradasa şüur altında oturur və montaj prosesində özünü göstərir. Buna görə də pariteti təmin etmək son dərəcə vacib idi”.
“Sumqayıt və Marağa hadisələri əks olunur, bəs Xocalı?”
Filmdə tənqid olunan məqamlardan biri də, hadisələrin təsvirləri ilə bağlıdır. Sumqayıt və Marağa hadisələri bir neçə dəqiqə və detallı əks olunsa da, Xocalı faciəsi haqqında yetərli bilgi verilmir. Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Tom de Vaala Xocalı etiraflarından bəhs edən müsahibəsinin də xatırlanmaması əsas iradlardan biridir.
Rzayev isə bu məqamların hər birinin 3 hissəli orijinal versiyda əks olunduğunu deyir.
“Xocalı barədə bizim bir neçə şahidimizin ürək ağrısı ilə danışdıqları epizodlar var. Bir saatlıq filmə bu daxil edilməyib. Montaj Londonda olunub və onlar bu qənaətdədirlər ki, qərb auditoriyası üçün belə münasibdir. Bununla bərabər, biz bu filmdə indiyə qədər olmayan həqiqətləri dünyaya çatdırmağa nail olduq.
20 fevralda ağdamlıların Əsgərana yürüşü zamanı Vitali Balasanyan, Əsgəran batalyonunun komandiri özü etiraf edir ki, azərbaycanlılar silahsız olublar, atəşı onlar açıb, həlak olanlar azərbaycanlılar olublar.
Bundan əlavə, Spitak zəlzələsindən sonra azərbaycanlıların Ermənistana təyyarə ilə humanitar yardımı göndərilir və həmin təyyarə qəzaya uğrayır. Bunu ermənilər özləri bilmirdi. Tam istədiyimizi verə bilməsək də, müəyyən qədər iş görə bildik”.
“Bunun üstündə dayanmaq lazım idi”
Arif Əliyev hesab edir ki, bu film Azərbaycanda geniş yayılsa, daha çox tənqidlə qarşılanacaq.
“Biri var ümumi prosesin özündən doğan təndiq, biri də var, elə bir tənqid ki, ona cavab vermək çətin olacaq. Nə cür ki, Ağdam ilk şəhidlər olan səhnə idi, Bağanis Ayrım hadisəsi də bir ölkənin digər ölkənin ərazisində əməliyyat keçirərək, onu işğal etdiyi birinci hadisə idi”.
Bu məqamda Rzayev Əliyevə, “bundan əvvəl Naxçıvandakı Kərki anklavı var idi” xatırlatmasını edir.
Arif Əliyev ciddi tənqid olunacaq məqam kimi, filmdə hadisənin hüquqi qiymətinin olmamasını göstərir. Onun qənaətinə görə, BMT-nin 4 qətnaməsi yalnız atəşkəs tələbini ortaya qoyan sənəd kimi təqdim olunur.
“Mən montaj məsələsini ona görə qabartdım ki, hər tərəf bu filmdə öz istədiyini görmək istəyir. Azərbaycan tərəfinin görmək istədiyi detal işğala son qoyulması və işğal olunmuş ərazilərin azad olunmasıdır. Bu detal filmdə ümumiyyətlə yoxdur. Filmdən belə çıxır ki, 4 qətnamənin əsas məğzi atəşkəsdir. Bunun üstündə dayanmaq lazım idi”.
Müsahibə almaq mümkün olmadı
Bu məsələyə münasibət bildirən Rzayev, “bu qədər hüquqi məsələyə dalmaq tamaşaçıları çaşdıra, yora bilər. Bunu düşünərək etmişik. Tam versiya açıqlananda, 3-cü hissədə BMT-nin qətnamələri daha dolğun əks olunacaq, ” cavabını verir.
Filmin hazırlanmasında iştirak etmiş Əvəz Həsənov müsahibəsində bir siyahı açıqlayıb. O vaxt Ali Sovetin sədri olmuş Yaqub Məmmədov, Rəsul Quliyev, Sumqayıtda işləmiş Əli Həsənov, Tamerlan Qarayev, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Xocalının sabiq icra başçısı olan Elman Məmmədovdan müsahibə almaq mümkün olmayıb.
Şahin Rzayev bu siyahıya Dağlıq Qarabağın azərbaycanlı icmasının keçmiş rəhbəri Bayram Səfərovu da əlavə edir. Çünki filmi təndiq edərkən, irad kimi göstərilən məsələlərdən biri də, icma üzvlərindən müsahibənin olmaması idi.
Üç hissədən ibarət olan orijinal versiyanın da montaj prosesində Azərbaycan tərəfi kənarda qalıb. Rzayev qeyd edir ki, bütün həlledici işlər Ermənistanda aparılıb, çünki onların texniki imkanları daha genişdir. “Azərbaycan tərəfi son montaja razılıq verib. Böyük işi onlar aparıblar, son qərarı bir yerdə qəbul etmişik”.
“Bu, konfliktin tarixinə nəzər salmaq üçün böyük cəhddir”
Arif Əliyev düşünür ki, bu filmi məhdud imkanlarla mükəmməl etmək olardı. Belə ki, burada müzakirə olunan detalların nəzərə alınmasını məqsədəuyğun hesab edir.
“Bu, konfliktin tarixinə nəzər salmaq üçün böyük cəhddir, əvvəl belə təcrübə olmayıb”.
Şahin Rzayev: “Mən bu filmi yenidən çəksəydim, tamamilə başqa cür yanaşardım. Bu da bir təcrübə idi. Demək olmaz ki, film uğursuz alındı, Azərbaycanla bağlı fikirləri dünyaya çatdırmaqda müəyyən qədər iş gördü. İstərdim ki, təzyiq, sıxıntı olmadan bu filmi yeni bir layihə ilə müştərək çəkək”.