Daha üç hərbi əsir Azərbaycandan Ermənistana qayıdıb
Daha üç hərbi əsir Azərbaycandan Ermənistana qayıdıb. Onları gətirən təyyarə Yerevanın “Erebuni” aeroportuna enib. Hökumətdən bildirilib ki, onların qaytarılması ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səyləri nəticəsində və Azərbaycana qarşı beynəlxalq təzyiqin artması fonunda baş tutub.
“Biz ümid edirik ki, bu proses öz məntiqi davamını alacaq və tezliklə başa çatacaq”, – baş nazir müavini səlahiyyətlərinin icraçısı Tiqran Avinyanın ofisindən deyiblər.
Yerevandan informasiya
Sonuncu dəfə Ermənistan və Azərbaycan arasında əsirlərin dəyişdirilməsi 2021-ci il fevralın 9-da baş verib. O zaman beş erməni hərbi əsir vətəninə qayıtmışdı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonta Ermənistana ümumilikdə 66 əsir, o cümlədən də mülki şəxslər qaytarılıb.
Ermənistan Azərbaycana 15 nəfəri təhvil verib. Onların arasında yalnız 2020-ci ilin payızında – ikinci Qarabağ müharibəsi zamanında əsir götürülənlər yox, bundan çox daha əvvəl Dağlıq Qarabağda uşaq qətlinə, casusluğa və digər cinayətlərə görə məhkum edilən azərbaycanlılar – Şahbaz Quliyev və Dilqəm Əsgərov da olub. Müharibəyə qədər Ermənistan tərəfi heç bir şərtlə onların qaytarılmasına razı olmayıb.
Azərbaycanda hələ 59 nəfər qalır. Bu gün Yerevana qayıdanlar kimi onların hamısı əslən Ermənistanın Şirak vilayətindəndir.
Bakı daha əvvəl Qarabağda 2020-ci ilin dekabrında, yəni hərbi əməliyyatlar dayandırılandan sonra Azərbaycan SQ tərəfindən 62 hərbçinin əsir götürüldüyü məlumatını təsdiqləyib. Azərbaycan onları diversant adlandıraraq qaytarmaqdan imtina edir.
Bununla belə Ermənistan tərəfi Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin imzaladığı bütün əsirlərin və saxlanılan şəxslərin qaytarılması şərtini əks etdirən üçtərəfli bəyanata istinad edir.
Ermənistan hüquq müdafiəçiləri bildirirlər ki, Azərbaycan hələ də yüzə yaxın hərbi əsiri saxlayır. Azərbaycan tərəfi bu informasiyanı təsdiqləmir.
Bakıdan informasiya
Azərbaycan mediasının bildirdiyinə görə, “Azərbaycan prezidenti İlham Əliyevin humanist siyasətə uyğun olaraq 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra tərkislah edilən daha üç erməni hərbçi Ermənistana qaytarılıb”.
Qeyd olunur ki, azad edilənlər Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.
“Araşdırma zamanı onların erməni hərbçilər olduğu müəyyənləşsə də, cinayətkar fəaliyyətdə, o cümlədən Azərbaycan hərbçilərinin həlak olması və yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakları təsdiqlənməyib”, – məlumatda deyilir.
Saxlanılan şəxslərlə bağlı Azərbaycanın mövqeyi
2020-ci ilin dekabrında Qarabağda Xocavənd rayonu ərazisində Ermənistan SQ-nin 62 hərbçisi saxlanılıb.
Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransı zamanı onların saxlanması ilə bağlı Azərbaycanın mövqeyini ifadə edib:
“Döyüş əməliyyatları başa çatandan sonra, təxminən noyabrın 20-də Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan 60 nəfərdən çox bir dəstə göndərilmişdi. Bu dəstənin Laçın dəhlizindən necə keçməsi, Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə necə gəlməsi aydın deyil.
…Məlum oldu ki, bu, həm bizim hərbi qulluqçulara, həm də dinc vətəndaşlara hücumlar edən təxribat qrupudur.
…Təbii ki, biz əks-terror əməliyyatı apardıq, nəticədə bir neçə terrorçu tamamilə zərərsizləşdirildi, 60-dan çox terrorçu tutuldu. Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif edirlər.
…Bunlar terrorçu və təxribatçılardır. Ermənistan tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir”.