Dağlıq Qarabağda müharibədən sonrakı həyat: İnsanlar gediblər ki, qayıtsınlar
Müharibə nəticəsində dağıntılar sakinlərin çoxunu tanınmamış respublikadan getməyə vadar edib
Foto, video: Tiqran Qasparyan, Arman Qaracyan
Qarabağda hərbi əməliyyatlar bitəndən yarım ildən çox vaxt keçib, amma tanınmamış DQR sakinləri hələ də müharibənin doğurduğu iqtisadi və sosial çətinlikləri yaşayırlar.
Öz evlərinə qayıda bilməyən qaçqınların mənzil problemi həll olunmayıb. Yaşayış yerini itirənləri mehmanxanalarda, internatlarda, yataqxanalarda, o cümlədən də xərcini dövlətin ödədiyi kirayə evlərdə yerləşdirirlər. Gərgin hərbi əməliyyatlar zamanı Ermənistana qaçan yerli sakinlərdən çoxu evlərinə qayıda bilmir.
Müharibədən sonra ətrafla əlaqələr çətinləşib ki, bu da iqtisadi vəziyyətə təsir edir. Regionda bəzi müəssisələr, xidmət obyektləri bağlanıb, işsizlik artıb.
- “Zəngəzur” dəhlizi uğrunda qiyabi döyüş: Azərbaycan və Ermənistanda nə danışırlar?
- Ermənistanın baş naziri Azərbaycanda saxlanılan əsirlərin əvəzinə oğlunu verməyə hazırdır
- Ermənistanda seçkiqabağı ifşalar: eks-prezident qalmaqallı səs-yazısı yayıb
Vəziyyət rəqəmlərdə
Ermənistan tərəfinin nəzarəti altında qalan ərazidə 6943 mənzil və fərdi ev tam və ya qismən dağılıb, onlardan 4435-i Stepanakertdə yerləşir. Bu, tanınmamış Dağlıq Qarabağ Respublikası hökumətinin məlumatıdır. Hakimiyyət Stepanakertdə və Martuni rayonunda bərpası mümkün olmayan 24 və çox dağılmış 58 ev sayıb.
Şəhərsalma Nazirliyinin məlumatına görə, məcburi köçkünlərin evlə təmin olunması proqramı üzrə 2022-ci ilin sonuna qədər 700-dən çox yeni mənzilin təhvil verilməsi nəzərdə tutulub.
Stepanakertdə 108 mənzilli yaşayış binası tikilir, 200-dən çox mənzilli yeni qəsəbənin inşası planlaşdırılıb. 300 mənzillik 10 yeni binanın inşası üçün tender elan olunub. İvanyan ərazisində 160 mənzillik üçmərtəbəli binaların tikilməsi nəzərdə tutulub.
Mövcud boş yaşayış yeri fondu məcburi köçkünlərə təqdim olunur – onları mehmanxanalarda, qonaq evlərində yerləşdirirlər. Hazırkı mərhələdə 1300 nəfərə yaxın insan bu cür məskunlaşdırılıb – Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyindən bildirilib. İlk növbədə ikinci Qarabağ müharibəsində həyatı itirənlərin ailələrinin, əlil olanların, çoxuşaqlı ailələrin və hərbçilərin ailələrinin mənzil problemi həll olunur.
“Təəssüf ki, hazırda boş mehmanxana olmadığı üçün proses dayandırılıb. Amma ailələrin başqa yaşayış yeri tapıb, otaqları boşaltdığı, başqa proqramlardan yararlandığı, dövlətin onların icarə xərclərini qarşıladığı da olur. Boşalan otaqlar isə evsiz qalan başqa vətəndaşlara verilir”, – nazirliyin mətbuat katibi Vaçe Vardanyan deyib.
Müvəqqəti köçkünlərin kirayə, kommunnal xidmət, o cümlədən də bütün yerli sakinlərin kommunikasiya xərclərini hökumət qismən öz üzərinə götürür – kirəyə xərcini müəyyən edilmiş limitlər çərçivəsində maliyyələşdirir.
“Bizi aldatdılar, dedilər ki, üç-dörd gündən sonra kəndə qayıdacağıq”
“Müharibədən bir həftə əvvəl kiçik oğlum evdə təmiri bitirdi ki, evlənsin. Hər şeyi öz əlləri ilə elədi, toy üçün bütün hazırlıqları bitirmişdik, musiqiçilərlə danışmışdıq, Stepanakertdə zal tutmuşduq, amma alınmadı, müharibə başladı”, – Daşaltı/Karin Tak kəndindən olan 63 yaşlı məcburi köçkün Susanna Sarqsyan danışır.
Müharibədən sonra azərbaycanlıların nəzarətinə keçən Daşaltı/Karin Tak kəndindən olan Saqsyanlar ailəsi gərgin hərbi əməliyyatlar zamanı Ermənistana gedib.
“İki dəfə bizə, Karin Tak yerli müdafiəçilərinə kəndi tərk etmək göstərişi verdilər. Biz düşünürdük ki, qəsdən bu cür azərbaycanlıları bizə doğru cəlb edirlər ki, məhv etsinlər. Amma onlar rahatlıqla bizim kənddən Şuşaya getdilər və bizi Karin Takdan çıxardılar. Üstəlik aldatdılar, dedilər ki, iki-üç gündən sonra kəndə qayıdacağıq, odur ki, özümüzlə heç nə götürmədik”, – ailə başçısı Aleksandr Sarqsyan danışır.
Ermənistanda 10 nəfərlik ailə bir neçə dəfə köçməli olub – bir yaşayış yerindən digərinə. Beş ay ərzində onlar altı yer dəyişiblər. Amma ailənin bütün üzvləri geri qayıtmaq istəyiblər və bir ay əvvəl qayıtmağa yerləri olmasa da Ermənistandan çıxıblar. Nəticədə ailəni Stepanakertdə yarızirzəmi ofis məkanına yerləşdiriblər. Hakimiyyət onların kirayə və kommunal xərclərini kompensasiya edir.
“Kəndlilərə torpaq lazımdır, onlar əkib-becərməlidirlər, onlar “asfaltda” yaşaya bilmirlər. Biz doğma kəndimizdə evlərimizi, istirahət zonasını, 3,5 hektara yaxın torpaq sahəsini, biznesimizi – Şuşada barımız vardı – qoyub gəlmişik. Əkinçiliklə, maldarlıqla məşğul olurduq. Rifah içində yaşayırdıq. Şuşanın, Karin Takın azad olunmasını gözləyirik ki, doğma evimizə qayıdaq. Ora bizim vətənimizdir, evlərimiz dağılmış olsa da, ora qayıtmalıyıq”.
“Viktoriya hələ qələbə rəmzi olacaq”
Stepanakert sakini Qayane Ağacanyan dördüncü uşağının doğulmağını gözləyirdi. Yaşayış məntəqələri bombalanmağa başlayanda anlayıb ki, üç uşaqla zirzəmidə qala bilməz.
“Ərim artıq cəbhədəydi və əlaqə yox idi. Uşaqlarla birlikdə maşına oturdum, qardaşımın azyaşlı uşaqlarını və arvadını götürdüm və biz Yerevana getdik”, – Qayane danışır.
Balaca Viktoriya Yerevanda doğulub, oktyabrın 18-də, müharibənin qızğın vaxtında. Qızın adını dosları və uşaqları məsləhət görüb. Belə qərara gəliblər ki, o, qələbə rəmzi olacaq.
“Biz öz qələbəmizdən imtina etmirik. O gün hələ gələcək”, – Qayane deyir.
Yeri gəlmişkən, gedəndən sonra onların mənzilinə “Smerç” mərmisi düşüb. Eyvan və uşaq otağı qismən dağılıb. İndi mənzil hökumət proqramı üzrə bərpa olunur.
“Gələcək üçün qorxu, narahatlıq mərhələsi başlayıb. Bizi nə gözlədiyini bilmirik. Dərk etmək çətindir ki, biz burda oturmuşuq, kimsə hardasa bizim əvəzimizə taleyimizi həll edəcək, bəlkə də bizim ziyanımıza. İndi sülhməramlılar burdadır, ümid edirik ki, onlar ppz missiyalarını yaxşı yerinə yetirəcəklər, amma kim bilir, bu axı siyasətdir.
Onlar sadəcə bilməlidirlər ki, əgər kimsə hardasa Qarabağın Azərbaycanın tərkibində ola biləcəyi haqda razılaşma imzalasa, biz burada qalmayacağıq. Qərar qəbul edənlər bunu anlamalıdırlar. Əsir düşə biləcək cə ya azərbaycanlıların yanında olacaq ermənini nələrin gözlədiyi aydındır”.
Arayış
Hərbi əməliyyatların dayandırılması haqda 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanat imzalanandan sonra Rusiya münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirib. Sülhməramlılar təmas xətti boyunca, o cümlədən də Dağıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizində yerləşdirilib. Kontingent beş il burada qalacaq, tərəflərdən biri bu müddət bitənə yarım il qalmış onların münaqişə zonasında iştirakının dayandırılması niyyətini bəyan etməsə, avtomatik daha beş il müddətinə uzadılacaq.
Müharibədən sonra Dağlıq Qarabağ ətrafdan daha çox təcrid olunmuş vəziyyətə düşüb – əcnəbi vətəndaşların əraziyə gəlmək qaydaları dəyişib. İndən belə Ermənistan vətəndaşlarından başqa bütün əcnəbilər giriş icazəsi almaq üçün əvvəlcədən tanınmamış DQR-in XİN-ə müraciət etməlidir. Bu məlumat Rusiya sülhməramlılarına da ötürülür.
Yeni qayda milliyətindən asılı olmayaraq bütün xarici ölkə vətəndaşlarına şamil edilir. Yəni əslən Qarabağdan olan başqa ölkə vətəndaşları xüsusi icazə almadan vətənə gəlmək hüququna sahib deyil.
Bundan başqa, müharibə nəticəsində tanınmamış DQR Ermənistana gedən ikinci Kəlbəcər yolunu da itirib. İndi Laçın dəhlizi Ermənistana gedən yeganə yodur və həmin yolda Rusiya sülhməramlılarının bir neçə postu qurulub. Sülhməramlılar mütləq qaydada gedənlərn və gələnlərin nəqliyyatını və sənədlərini yoxlayırlar.
“Öz evin olmayınca harada yaşamağın fərqi yoxdur”
Hadrut sakini Marqarita Karamyan danışır ki, 2020-ci ilin payızında hərbi əməliyyatlar eyni zamanda Qarabağın bütün perimetri üzrə başlayıb, bütün yaşayış məntəqələri Azərbaycan SQ-nin atəşi altında qalıb.
İlk partlayışlar səslənəndə ailə yatıbmış. İlk atəş səslərindən dərhal sonra Marqarita uşaqlarla birlikdə zirzəmiyə düşüb.
Amma yerli sakinlər tezliklə anlayıblar ki, zirzəmilər onları xilas etməyəcək: dronlar və “Smerç” raketləri hədəflər – xəstəxanalar, hərbi hissələr, binalar üzrə işləyirdi.
Qərara alınıb ki, uşaqları və qadınları çıxarsınlar, amma Marqarita oktyabrın 7-ə qədər Hadrutda qalıb.
“Əgər ağlımızın ucundan keçsəydi ki, hər şey belə olacaq, evlərimizdən nələrsə götürərdik. Heç olmasa, şəkil albomlarını, toy mərasimlərinin disklərini və ya sənədləri”, – o deyir.
90-cı illərdə, birinci Qarabağ müharibəsi zamanı Marqarita orduda xidmət edib:
“DQMV-nin artıq 40 faizi olmadığı və Hadrut rayonunun cənub qolunun 14 kəndi deportasiya edildiyi zaman biz Hadrutu saxladıq – 1991-ci il mayın 16-dan 19-a qədər”.
Bu müharibədə isə Karamyan ailəsi Hadrutda dörd fərdi ev, istixana təsərrüfatı qoyub çıxıb.
“Amma ən əsası, biz orda Vətənimizi qoyduq. Biz doğulub, böyüdüyümüz Vətənimizi itirdik. Əcdadlarımız orada yaşayıb. Ailəmin konkret dörd nəsli Hadrutda yaşayıb. Biz keçmişimizi, həyatımızın faktlarını itirdik, özümüzlə heç nə götürmədik”, – Marqarita deyir.
Azərbaycanın nəzarəti altına qayıdan ərazilərdə 35 min insan evlərini itirib. İlkin məlumata əsasən onlardan demək olar ki, 25 mini Ermənistandadır.
Marqarita ailəsi ilə birlikdə hazırda Yerevanda yaşayır, hazırkı mərhələdə onun qayıdacaq yeri yoxdur:
“İndi Qarabağ o qədər balaca qalıb ki, bütün məcburi qaçqınlar ora sığışa bilməz, orda heç onların hamısını təmin etmək üçün ev də yoxdur. Amma qorxu, təhlükəsizliklə bağlı əminliyin olmaması da insanları hələlik qayıtmamağa vadar edir, hərçənd düşünmürəm ki, Ermənistan daha təhlükəsizdir. Amma öz evin olmayınca, harada yaşamağın fərqi yoxdur – Ermənistanda, Rusiyada və ya hansısa başqa bir ölkədə. Hər yanda sənin evin deyil, sənin evin deyilsə, sənin üçün harada yaşamağın fərqi yoxdur”.
Marqarita Yerevanda Hadrut köçkünlərinin hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilat yaradıb. Onun sözlərinə görə, insanlar deyirlər ki, ancaq Hadruta, ancaq öz evlərinə qayıtmaq istəyirlər.
“Qoy dağılmış olsun, qoy orda heç nə olmasın, ancaq divarlar olsun, amma Hadrut olsun və bu bizim divarlar olacaq. Biz yenə də tikərik, öz evimizdə və öz torpağımızda yaşayacağıq. Biz Hadruta qayıdacağıq, biz mütləq ora qayıdacağıq”, – Marqarita deyir.
“İtkiləri qiymətləndirmək və beynəlxalq təşkilatlara müraciət etmək”
2020-ci il müharibəsindən sonra tanınmamış DQR-də ən pis vəziyyət yaranıb – iqtisadçı Tatul Manaseryan hesab edir:
“44 günlük müharibəyə qədər son bir neçə ildə Qarabağda ikirəqəmli iqtisadi yüksəliş müşahidə olunurdu. Amma müharibə elə bir vəziyyətə gətirdi ki, indi hətta dövlət münücmüntini də bərpa etmək çətindir. İtkiləri, riskləri və aktual olaraq qalan iqtisadi təhlükəsizliklə bağlı təhdidləri dəyərləndirmək, prioritetləri dəqiqləşdirmək, Qarabağ və Ermənistan arasında iqtisadi proqram hazırlamaq lazımdır”.
Amma burada ən aktual məsələ stabillik, sülhün qorunması, təhlükəsizlikdir. Hazırda həyata keçirilən layihələr Ermənistandan və “Hayastan” Ümumi Erməni Fondundan maliyyələşdirilir.
“Amma Qarabağ ayaqda qalmaq üçün vəsait almaqdan ötrü beynəlxalq təşkilatlara da müraciət etməlidir. Onlar yalnız tanınmış yox, həm də tanınmamış dövlətlərlə işləyirlər”, – Tatul Manaseryan hesab edir.
Mediaşəbəkənin dəstəyilə