Dağlıq Qarabağ: anasının ədyalı və xalçası, bir də 25 illik həsrət
75 yaşlı Yeranik hələ də Dağlıq Qarabağda amansız döyüşlər getdiyi zaman girov götürüldüyü evdə yaşayır
Artıq 25 ildir ki, anasının toxuduğu xalça Yeranik Sarqsyanın həmsöhbətidir. 75 yaşlı Yeranik itkin düşmüş anasını xatırladan azsaylı əşyalardan olan bu xalça ilə bütün günü dərdlərini paylaşır. Gecələr isə bu dərd-sərdən anasının ədyalının altında gizlənməyə çalışır.
Deyir ki, nə olursa olsun bu ədyaldan vaz keçən deyil.
“Bu ədyal mənə çox əzizdir”, – Yeranik deyir və gözləri yaşla dolur. 25 il əvvəlki hadisələr yaddaşında canlanır.
Yeranik danışır ki, 1992-ci il mayın 10-da səhər tezdən Azərbaycan tərəfi Ağdam istiqamətindən Aranzəmin (hazırkı Varazabun), Sarnağbuyur (əvvəlki adı Ağbulaq), Vardadzor (əvvəlki adı Pircamal) və Əskəran rayonundakı Naxicevanikə hücum etdi.
Müharibə dövründə iki dəfə azərbaycanlıların nəzarətinə keçmiş Əskəran rayonunun Varazabun kəndi.
80-ci illərin sonlarında Dağlıq Qarabağda başlayan münaqişə 1994-cü ildə Ermənistan, Dağlıq Qarabağ və Ermnistan arasında atəşkəs haqda saziş imzalanmasına baxmayaraq, hələ də insan həyatlarına son qoymağa davam edir. Bəzi ekspertlərin fikrincə regionda hərbi əməliyyatların yenidən başlanması təhlükəsi artmaqdadır.
Əskərandan cəmi 7 km, Stepanakertdən isə 25 km məsafədə yerləşən Aranzamin sakinlərinin çoxu kəndi tərk etsə də, Yeranik və anası ilə birlikdə 11 qadın kənddən çıxa bilməyib. Yeranikin sözlərinə görə, o, 80 yaşlı anası Arpenik yaxşı yeriyə bilmədiyi üçün onu qoyub gedə bilməyib.
“Azərbaycan tankları kəndə girdi, hər tərəfdən atəş səsləri gəlirdi”, – Yeranik xatırlayır.
O, danışır ki, anası və əlavə 9 qadınla birlikdə evin zirzəmisində gizləniblər. Qadınlardan ən yaşlısının, Zarinin 85, ən cavanının, Yeranikin 51 yaşı varmış.
“Bizi zirzəmidə tapdılar, çölə çıxarıb dedilər ki, həyətdə sıra ilə düzülək. Azərbaycanlıların yanında əli silahlı qadınlar da vardı, onlar rus dilində danışırdılar. Onlar bizə əmr etdilər ki, hərbi maşının yük yerinə qalxaq”, – Yeranik yada salır
2014-cü ildə ucaldılmış həlak olan və itkin düşənlərə həsr olunmuş abidədə kəndə qayıtmayan həmin 10 qadın əks olunub.
Varazabun kəndinin mərkəzində Qarabağ münaqişəsi zamanı həlak olan və itkin düşənlərə həsr olunmuş, 2014-cü ildə ucaldılmış abidə var.
Bu abidədən bizə 10 qadın baxır: Nadya, Parandzem, Zumbrut, Minavar, Araksiya, Heğine, Astğik, Anya, Zari və Yeranikin anası Arpenik. Girov götürülmüş 11 qadından ancaq Yeranik evə qayıda bilib.
DQR-də fəaliyyət göstərən hərbi əsirlər, girovlar və itkin düşmüş şəxslərin işi üzrə Komissiyanın məlumatına görə, bütün münaqişə müddətində 700 nəfər itkin düşüb.
BQXK-nın Yerevan və Bakı nümayəndəliyi, həmçinin Dağlıq Qarabağdakı missiyası 1992-1994-cü illərdə münaqişə nəticəsində itkin düşmüş 4500 nəfərdən çox adamı qeydiyyata alıb. BQXK-nın Qarabağ missiyasının qeydə aldığı 370 nəfər itkin düşmüş şəxsin ailəsi ilə hazırda BQXK iş aparır.
75 yaşlı Yeranik Sarqsyan: 51 yaşı olanda girovluqda bir gün keçirib.
Yeranik danışır ki, onları azərbaycanlıların yaşadığı Göytəpə qəsəbəsinə, ordan Bərdəyə, ordan da Ağdama aparıblar, o, bir daha doğmalarını görə biləcəyinə artıq ümid etmirdi. Amma taleyin hökmü ilə azərbaycanlı hərbçilər arasında tanışlarına rast gəlib.
“Onlardan birini tanıdım. Soruşdum ki, sən Rafaelsən? O birilər təəccübləndilər, başladılar soruşmağa ki, onu hardan tanıyıram”, – Yeranik danışır və əlavə edir ki, məhz Rafaelin atası Bora onu xilas edib.
Yeranikə veə qayıtması üçün şərt qoyublar: o, öz kəndinə qayıtmalı, kəndin kənarında vurlmuş tankın mexanik-sürücüsünün meyitini götürüb azərbaycanlılara təhvil verməli idi, yalnız bundan sonra onun anasını və digər qadınları buraxacaqdılar.
Səhər açılanda onun ardınca maşın gəlmişdi, o, anasını da onunla buraxmaqlarını xahiş etdi, amma rədd cavabı aldı.
Yeranikin anası ondan bir stəkan su istədi, anasına su və mütləq geri qayıdacağına dair söz verdi.
“Anam kəndimizə getməyimi istəmirdi. Ağlayırdı, yalvarırdı ki, getməyim. O inanmırdı, qorxurdu ki, məni aldadıb, öldürəcəklər. Anamım qorxu dolu baxışları hələ də ağlındadı”, – Yeranik danışır.
Ertəsi gün səhər açılanda Yeraniki kəndin yaxınlığında yerləşən fermanın ərazisinə gətiriblər. Onu geri qayıdacağı ümidi ilə buraxıblar. Maşında iki kişi vardı – Alik və Yakov, o xatırlayır.
Fotoda Yeranikin anasının xurcunu əks olunub. Bu xurcunla Arpenik tarlaya giləmeyvə toplamaöğa gedirmiş.
Yeranik danışır: “Mən addımlayırdım və hər an arxadan atəş açılacağını gözləyirdim”.
Amma heç kim atəş açmayıb.
Yolda qarşısına əli avtomatlı erməni çıxıb. O, yaxınlaşıb və suallar verməyə başlayıb.
“Dedim ki, erməniyəm, amma hiss edirdim ki, o mənə inanmır. Bəxtimdən az sonra bizə gənc oğlan yaxınlaşdı, oğlumun dostu idi, dedi ki, məni tanıyır”.
Mən dərhal qayıdıb, qalanlarını xilas etməyə hazır idim, Yeranik deyir.
Fotoda 11 qadının girov götürüldüyü həmin həyət əks olunub. Azərbaycanlılar kənddəki başqa evlərdən fərqli olaraq bu evi yandırmayıblar.
“Mən inanırdım ki, o adamın meyitini onlara versəydim, onlar qalanlarını da azad edəcəkdilər”.
Amma həyat yoldaşı və doğmaları ona geri qayıtmağa icazə verməyiblər. Əri deyib ki, qayıtmağın mənası yoxdur. “O qayıtsaydı, nə onu, nə də digərlərini buraxmayacaqdılar”.
“O fikirlər mənə rahatlıq vermir, düşünürəm ki, bəlkə də onları xilas edə bilərdim, amma eləmədim… Fikirləşirəm ki, bəlkə onlar doğrudan da qadınları buraxacaqdılar… Amma eyni zamanda içimdə bir səs deyir ki, çətin belə bir şey mümkün olardı. Həm də onlara lazım olan adamın meyiti artıq orda yox idi”, – Yeranik deyir.
İki digər girovun – Heğine və Nadyanın oğlanları da onun qayıtmağına etiraz ediblər. “Heç kimi buraxmayacaqlar, getsən, sən də onların qurbanı olacaqsan”, – girov düşən qadınların doğmaları ona deyiblər.
Yeranikin həyat yoldaşı, Alyoşa Sarqsyan. Səssiz, təmkinli olsa da, həlak olan oğlunu xatırladanda gözünün yaşını saxlaya bilmir.
Yeranikin 85 yaşlı həyat yoldaşı Alyoşa Sarqsyan o vaxtları ürək ağrısı ilə xatırlayır və sadəcə bunları deyir: “O günlər bir də heç vaxt geri gəlməsin”.
Yeranikin doğmaları sadəcə onun qayıtdığı günü xatırlamaq istəyirlər. Hər il mayın 11-də kiçik oğlu Qarik yemək-içmək hazırlayıb anasının ikinci doğum gününü qeyd edir.
“Noyabrın 7-də anadan olsam da, artıq uzun illərdir ki, doğum günümü mayın 11-də qeyd edirik”, – Yeranik deyir.
Girov düşəndən bir il sonra 1993-cü il iyulun 27-də ailə böyük oğlunu – Armeni itirir, o, Xalbənd rayonunda həyata keçirilən hərbi əməliyyatlar nəticəsində həlak olur.
Bu ailə indiyə qədər kənddə qalan azsaylı ailələrdən biridir. Qarabağ müharibəsinə qədər kənddə 120 sakin vardı, indi isə cəmi 40 nəfər qalıb.
Yeranik deyir ki, hazırkı yaşayış şərtlərinə uyğunlaşmağa hazırdırlar, təki sülh olsun
Sarqsyanlar cütlüyü bir oğlanları və onun siləsi ilə birlikdə yaşayırlar.
Yeranikin sözlərinə görə, həyatları asan deyil, evin ikinci mərtəbəsində hələ də müharibənin izləri qalır, təmir üçün vəsait yoxdur.
BQXK iqtisadi proqramlar çərçivəsində itkin düşmüş şəxsin ailəsi olaraq onlara bir inək verib.
Yeranik deyir ki, onlar hazırkı şəraitə alışıblar, təki bir də heç vaxt müharibə olmasın ki, bir daha itkilərlə çıxıb getməli olmasınlar.
Müharibə vaxtından qalan raket qutusundan Yeranik komod kimi istifadə edir
Yeranik azərbaycanlılar haqda bunları deyir: “Onların arasında da yaxşı insanlar var… Xeyirxah insanlara rast gəlmişəm. Müharibədə çətindi, insanlar ailələrini qorumaq üçün bir-birini öldürməli olur”.
Yeranikin evini tərk edərkən artıq hava qaralmışdı. Birdən səmada hərəkət edən ləkəni görən Yeranik deyir:
“Bax, görürsən, azərbaycanlıların pilotsuz təyyarəsidir, bunu demək olar ki, hər gün görürük. Atəşləri eşidirsən? Bizimkilər onu vurmaq istəyirlər. Mən necə inanım ki, sülh mümkündür?”
O, sülh istəyir, amma sülhü təsəvvür edə bilmir. Deyir ki, Qarabağda da, Azərbaycanda da insanlar sülhə hazır deyil.
BQXK 2014-cü ildə itkin düşən şəxslərin yaxın qan qohumlarından bioloji nümunələr – DNK toplanılması üzrə proqrama başlayıb. Yeranikin ailəsindən də nümunə götürülüb.
İndiyə qədər 110 itkin düşmüşşəxsin 318 qohumundan bioloji nümunə götürülüb. “Bu, eksqumasiya və ya meyirlərin tapılması halında bioloji nümunələr vasitəsilə qohumlarının müəyyən edilməsi məqsədilə həyata keçirilir”, – BQXK-nın Dağlıq Qarabağ missiyasının informasiya şöbəsinin əməkdaşı Eteri Musaelyan deyir.
Photo 11 Yeranikin anasının toxuduu xalça
Yeranik artıq anasının yolunu gözləmir.
“Artıq ümid yoxdur, anam 1912-ci ildə doğulmuşdu…”
“Eşidilməyən səslər” layihəsi International Alert təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır və International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.