Dağlarda yerləşən qədim monastır kompleksi Azərbaycanla Gürcüstanın arasını vura bilər
Dağlarda, Gürcüstan və Azərbaycan arasındakı sərhədin delimitasiya olunmamış hissəsində yerləşən monastır kompleksi iki ölkə arasında ciddi diplomatik mübahisəyə səbəb olub, hər iki ölkədə mənfi bəyanatlara və ictimai qəzəbə gətirib çıxarıb.
Söhbət Gürcüstanda David Qareci monastır kompleksi, Azərbaycanda isə Keşiş dağı və ya Keşikçidağ kimi tanınan tarixi abidədən gedir.
2018-ci ildə Avropanın Europa Nostra təşkilatı bu unikal tarixi abidə ilə bağlı öz icmalını başa çatdırıb. Onun məruzəsində deyilir ki, ümumilikdə kompleksə 21 məbəd və 5 min hücrə daxildir. Elə o zaman Europa Nostra kompleksi məhvolma təhlükəsi altında olan bəşəriyyət üçün vacib abidələr siyahısına daxil edib.
Kompleks təxminən 6-cı əsrə aid olduğu üçün hər iki ölkə müxtəlif tarixi faktlara və mənbələrə sahibdir. Sərhəd düz kompleksin içindən keçir və strateji tərəfdaş olan iki dost ölkə arasındakı dəfələrlə baş tutan danışıqlarhələ ki, heç bir nəticə verməyib.
• Azərbaycan-Gürcüstan sərhədindəki minalar
Gürcüstan iddia edir ki, bu, gürcü mədəniyyətinə aid abidədir. Azərbaycanda hesab edirlər ki, kompleks alban mədəniyyətinin bir hissəsidir və gürcülərə heç bir aidiyyatı yoxdur.
Nəticədə Azərbaycan və Gürcüstan arasındakı 480 kilometrlik sərhədin 35 faizi razılaşdırılmayıb. Amma bu məsələ də onilliklər boyunca sakit halda qalıb. Din xadimləri və turistlər heç bir maneəsiz David Qarecinin həm Gürcüstan tərəfdə olan hissəsinə, həm də Azərbaycan tərəfində qalan hissəsinə pasport təqdim etmədən, heç bir məhdudiyyətsiz gəlub-gedə bilirdilər.
2019-cu ilin aprel-may aylarında birdən-birə tarixi abidə ətrafında vəziyyət gərginləşib.
Nə baş verib?
Gürcüstan prezidenti Salome Zurabişvilinin aprelin 20-də Gürcüstan-Azərbaycan dövlət sərhədini ziyarət etməsi və David-Qareci monastr kompleksinin ərazisində sərhədçilərə baş çəkdikdən sonra mövzu təkrar gündəmə gəlib.
Orada prezident ikitərəfli komissiyanın işinin bərpa edilməsi və iki ölkə arasında sərhədlərin demarkasiyasının vacibliyini qeyd edib. Bundan az sonra Azərbaycan tərəfi kompleks əraziisinə girişi bağlayıb və bu da Gürcüstanda narazılıq dalğasına səbəb olub.
Bir neçə siyasətçi hadisə ilə bağlı kəskin şərh verib, mediada tənqidi materiallar dərc olunub. Azərbaycanda da analoji reaksiya özünü göstərib.
İki ölkənin xarici işlər nazirləri arasında üç gün sürən telefon danışıqlarından sonra kompleksə giriş açılsa da, mövzu hər iki tərəf üçün aktual qalıb. Məsələn, Gürcüstanda “David Qarecinin müdafiəsinə” hərəkatı başlaylb. Yüzllərlə fəal abidənin yanına gəlib, dağın ətəyində Gürcüstan tərəfdən “canlı zəncir” təşkil ediblər – əl-ələ tutub bir neçə saat beləcə dayanıblar.
İndi fəallardan ibarət həmin qrup David Qareci ətrafında bu aksiyaları mütəmadi keçirməyə söz verir.
Həmçinin müxtəlif media orqanlarının məlumatına görə, Azərbaycan tərəfində sərhədçilərin sayı artırılıb
Bakıda hesab edirlər ki, Gürcüstanda səslənən bəyanlar vəziyyəti mürəkkəbləşdirir
“Məbədə girişin bağlanması rəsmi Bakının qərarı olub. Gürcüstan prezidenti aprelin 20-də Azərbaycanla həmsərhəd zonaya səfər etdi və gürcü sərhədçilərlə görüşdən sonra sərhədin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyindən danışdı. Bundan sonra Gürcüstanın az qala bütün rəsmiləri mütləq şəkildə onun sözlərini təkrarlamağa başladılar. Bu açıqlamalar sanki bir mərkəzdən idarə olunur”, – “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu JAMnews-a deyib.
Politoloq İlqar Vəlizadə də hesab edir ki, Gürcüstan tərəfi məsələni siyasiləşdirib.
“Prezident Salome Zurabişvilinin məlum açıqlaması siyasi çağırış kimi qiymətləndirildi. Bundan sonra məsələ ətrafında ajiotaj yarandı”, – Vəlizadə JAMnews-a bildirib.
Sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin dövründə milli azlıqlar məsələsi ilə bağlı müşavir olmuş Mübariz Qarayev deyir ki,Zurabişvilinin sözləri müəyyən hadisələr zəncirinin davamı olub.
“Bu ilin əvvəlində Akalkalakidə [Gürcüstanın erməni icmasının kompakt yaşadığı regionu — JAMnews] erməni döyüşçüsü Avaqyana abidə qoyulması, aprelin 23-də “erməni soyqırımı”na həsr olunmuş yürüş, Pankisi dərəsində hüquq-mühafizə orqanları ilə yerli əhalinin toqquşması və bu hadisələrin fonunda David Qareci məsələsinin gündəmə gəlməsi ölkənin siyasi elitası üçün bir mesaj olmalıdır.
Hakimiyyət ölkədaxili qeyri-stabilliyi həll etdikdən sonra dövlətin siyasi vektorunu müəyyən etməlidir”, – Qarayev JAMnews-a bildirib.
2019-cu il mayın 3-də, yəni monastır kompleksi ətrafında mübahisənin ən qızğın vaxtındaAzərbaycan prezidenti 5 ay əvvəl işdən azad etdiyi xarici işlər nazirinin müavini Xələf Xələfovu vəzifəsinə geri qayrtardı. Ona yenidən dövlət başçısının sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi də həvalə olundu.
Gürcüstan İctimai İşlər İnstitutunun (GIPA) professoru Tornike Şaraşenidze hesab edir ki, David Qareci ətrafında hazırkı gərginliyin səbəbi iki ölkənin rəhbər strukturları arasında normal siyasi kommunikasıyanın olmaması ilə bağlıdır.
“Prezident Əliyev Gürcüstanın hazırkı formal lideri baş nazir Mamuka Baxtadzeni şəxsən tanımır. Gürcüstan XİN rəhbəri güclü fiqur deyil. Hökumətdə praktiki olaraq Bakıya zəng vurub sadə yolla problemi həll edəcək heç kim yoxdur”, – JAMnews-a Tornike Şaraşenidze deyib.
“Sərhədin delimitasiyası məsələsi 2007-ci ildə demək olar ki, həll olunmuşdu, amma sonra 2008-ci il avqust müharibəsi baş verib və bu məsələ bir kənara atılıb. 2012-ci ildə isə yeni hökumət gəlib və hər .eyi yenidən başlatmaq qərarına gəlib. İstənilən halda yalnız hakimiyyətlər arasında yox, ictimaiyyət, tarixçilər və sair arasında da kommunikasoyaya ehtiyac var idi. Amma heç nə edilmədi”.
Ərazi mübadiləsi həll yolu kimi?
Politoloq İlqar Vəlizadə xatırladır ki, Gürcüstan tərəfinin iddia etdiyi ərazi de-fakto Azərbaycan torpağıdır:
“Baxmayaraq ki, sərhədin delimitasiya prosesi hələ yekunlaşmayıb, amma burada dövlət sərhədi mövcuddur. Odur ki, sərhəd istənilən zaman açıla və bağlana bilər. Azərbaycan tərəfinin kiməsə izahat verməsinə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, burada sərhəd keçid məntəqələri fəaliyyət göstərmir.”
Vəlizadə delimitasiya işlərinin illər boyu uzanmasını prosesin qapalı olması ilə əlaqələndirir.
Onun sözlərinə görə, Gürcüstan tərəfi müxtəlif vaxtlarda Azərbaycana ərazi mübadiləsi, yəni, abidənin Azərbaycan tərəfinə düşən hissəsinin əvəzinə özünün başqa bir ərazisini təklif edib. Rəsmi Bakı bu təkliflərdən imtina edib.
Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Gürcüstanın Azərbaycana qarşı ərazi iddiası var və rəsmi Bakı torpaq məsələsində güzəştə getməyəcək.
“Rəsmi Tbilisi Azərbaycanla danışıqlarda ritorikasını dəyişdirməlidir. Əks halda gərginlik iki ölkə arasındakı münasibətlər üçün yaxşı olmayacaq. İki ölkənin xarici işlər nazirlərinin görüşünə və birgə komissiyanın toplanmasına ehtiyac var. Azərbaycanda da “Gürcüstan azərbaycanlılarına muxtariyyət tələb edək” kimi fikirlər səslənir. Bu nə Gürcüstanın, nə də Gürcüstan-Azərbaycan münasibətlərinin maraqlarına xidmət edir”, – Şahinoğlu hesab edir.
Tarix xalqları və dövlətləri bölməməlidir, əksinə, onları biləşdirməlidir – bu cür düşüncə tərzi gərginləşmə mərhələsində heç də həmişə populyar olmur.
Amma tbilisili politoloq Qela Vasadzenin fikrincə, bu, David Qareci məsələsinə ən doğru yanaşma ola bilərdi:
“İki ölkə arasında bu gün mövcud olan sərhədlər sovet hakimiyyəti dövründə təsərrüfat fəaliyyətinə uyğun olaraq müəyyən edilib. Həmin dövrdə gürcülər və albanlar arasında parçalanma yox idi, bura ümumi mənəvi mərkəz idi.
Ona görə də bu gün bu, sərhədlərin demarkasiyası ilə həll edilməməlidir. Ümumi tarix və mədəniyyət qoruğunun yaradılması problemi çoxdan həll edə bilərdi”.
Niyə sərhədin məhz bu hissəsini delimitasiya etmək çətindir?
Delimitasiya və dövlət sərhədinin demarkasiyası üzrə ikitərəfli Gürcüstan-Azərbaycan dövlətlərarası komissiyası 1996-cı ildə yaradılıb. Komissiyasının fəaliyyəti heç vaxt aktiv olmayıb, son bir neçə ildir ki, ümumiyyətdə işləmir – sonuncu iclası 2011-ci ildə Bakıda keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı yaradılmış dövlət komissiyasının bugünədək 11 iclası keçirilib. İki ölkə arasında 480 km sərhədin 314 km hissəsi dövlət komissiyaları çərçivəsində razılaşdırılıb. 166 km ərazi isə ekspertlər səviyyəsində araşdırılır.
“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədi beynəlxalq təcrübədə mövcud olan qaydalara əsaslanaraq, eləcə də qarşılıqlı əlaqələndirmə çərçivəsində ikitərəfli formatda həll olunur”.
Gürcüstan prezidenti Salome Zurabişvili “Amerikanın səsi” radiosunun Gürcüstan xidmətinə məsələni şərh edib. O bildirib ki, “Sovet İttifaqının sonuna yaxın, 1938-ci ilin xəritələrinə əsasən inzibati sərhəd olan sərhəd mövcud idi. O zamandan sonra yeni xəritələr olmayıb”.
Buna görə də hüquqi prinsiplərdən çıxış edərək, bu, adi qərardır, Gürcüstan prezidenti bildirib.
Amma Abdullayeva bildirir ki, Gürcüstanla Azərbaycan arasında sərhədə dair istinad olunan sənədlərdən biri 1938-ci ilə aid olan 1:500000 miqyasda olan, daha çox sxematik xarakterli xəritədir:
“Bu xəritə Azərbaycan və Gürcüstan SSR tərəfindən qəbul olunmuş sənəddir. Daha sonra SSRİ 1942-cu ildə daha aydın görüntülü 1:100000 miqyaslı xəritələrin işlənib hazırlanması qərarını verib. Bundan başqa, 1963-cü ildə Gürcüstan SSR Ali Sovetinin də təsdiq etdiyi xəritə mövcuddur.
İşçi qrupu səviyyəsində delimitasiya məsələsinə baxıldıqda bu xəritələrə istinad olunur. İndiyə kimi də bununla bağlı hansısa problem yaşanmayıb“, – Azərbaycan XİN-in mətbuat katibi deyir.
Amma bir çox ekspertlər hesab edirlər ki, problem xəritələrdə deyil. Hətta iki ölkə siyasətçilərinin vəd etdiyi kimi delimitasiya üzrə komissiya qısa müddətdə işini bərpa etsə də, abidənin məsələsini həll etməkdə çətinlik çəkəcək.
Mübariz Qarayev JAMnews-a bildirib ki, “yüksəkliyin cənub-qərb yamacı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir ki, bu da prosesi siyasi problemə çevirir”.
Fəsadlar nədən ibarət ola bilər?
Cənubi Qafqaz regionunda beynəlxalq iqtisadi layihələr əsasən Gürcüstan və Azərbaycanın iştirakı ilə reallaşır; Bakı-Supsa neft, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bunun bariz nümunəsidir.
“Gürcüstan Azərbaycanın enerji daşıyıcılarının qapısıdır, xaricə çıxarılma dəhlizidir. İki ölkə arasındakı ticarət dövriyyəsi ötən ilin rəsmi məlumatlarına görə 1 milyard 88 milyon ABŞ dolları olub”, – İqtisadçı ekspert Natiq Cəfərli deyir.
“Qonşu ölkənin ümumi ticarət dövriyyəsində Azərbaycanın payı 9 faiz təşkil edir ki, bu da Türkiyə və Rusiyadan sonra Gürcüstanın 3-cü ən böyük ticarət tərəfdaşı anlamına gəlir. Azərbaycanın Gürcüstana əsas ixracatı təbii qaz və enerji daşıyıcılarıdır. SOCAR-Georgia Gürcüstanın ən böyük vergi ödəyicisidir”.
Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycan Gürcüstan iqtisadiyyatına ümumilikdə 3 mlrd. ABŞ dolları investisiya yatırıb və bu göstəriciyə görə 2012-ci ildən 1-ci yerdədir.
“İlham Əliyev zirvəsi”
Prezident İlham Əliyev 2007-ci ilin 19 dekabrında Azərbaycanın Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu elan edilməsi barədə sərəncam imzalayıb. Qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəklik “İlham Əliyev zirvəsi” adlandırılıb.