Çoxluqda azlıq
Lyusi Yedigarovanın evinin həyətində assuriyalıların məşhur ibadətgahı olan “Marez yerləşir, bura dünyanın hər yerindən gələn assuriyalılar şam yandırır, dua edir və özləri ilə bir ovuc torpaq aparırlar.
“Ulu babalarım İraqdan Ermənistana mühacirət edəndə, bura özləri ilə bir az torpaq da gətirdilər. Həmin torpağın bir hissəsi də bura düşdü. Həmin yerdə də Marezi tikdilər, Marez Məryəm ana deməkdir. Gələn hər kəs məndən xəbər alır: “Müqəddəs yerdən bir az torpaq götürə bilərik? Oğullarını hərbi xidmətə yola salan analar özləri ilə ikonaları aparır, iki ildən, yəni oğulları qayıdandan sonra isə Məryəm ananın ikonalarını geri qaytarırlar, – assuriyalı Yedigarova danışır. O, Ararat rayonunun Verin Dvin kəndində yaşayır. Kəndin 70 faiz əhalisi assuriyalıdır.
78 yaşlı Yedigarova ailəsi haqqında danışarkən, onun dəniz kimi mavi gözləri həyəcandan parıldayır: “Mən təmiz assuriyalıyam. Beş oğlum var. Gəlinlərimdən biri rus, ikincisi erməni, üçüncüsü ukraynalı, qalan ikisi də assuriyalıdır. Hamısı da özlərini assuriyalı sayır. 15 nəvəm, 8 də nəticəm var. Nəvələrimdən birinə Assuriyanın qədim paytaxtı kimi Ninve adını verdim.
Yerevandan 25 kilometr aralıda yerləşən Verin Dvin kəndində ermənilər də yaşasa da, hamı Assuriya dilində danışır. Kənddə erməni dili demək olar ki, işlənmir, bu da Ermənistana xas olmayan bir şeydir.
Erməni ailəsində böyüyən, sonra da erməni ilə ailə quran 58 yaşlı Rimma Badalyan əri və uşaqları ilə ancaq Assuriya dilində danışır.
“Anam erməni olub. O, bizimlə erməni dilində danışanda belə, biz ona Assuriya dilində cavab verirdik. İndiyə qədər də nadir hallarda ermənicə danışırıq. Burada qarışıq ailələr çoxdur. Elə bir ev yoxdur ki, erməni olmasın – ya gəlin, ya da ər. Hər iki xalqın dini xristian dinidir, buna görə də din qarışıq nikahların qurulmasına mane olmur, – Rimma izah edir.
Qabriel Sundukyan adına Milli Akademik Teatrın aktyoru, Ermənistan Milli Azlıqların Milli-Mədəni Təşkilatının əlaqələndirmə şurasının sədri Razmik Xosroyev izah edir ki, 1750 il əvvəl dövlətçiliyini itirən assuriyalılar bütün bu müddət ərzində şifahi dilləri sayəsində özgürlüklərini saxlaya biliblər:
“Buna görə də yazımız axsayır. O, təxminən 1000 il ərzində demək olar ki, istifadə olunmayıb, şifahi danışıq isə istifadə olunub. Bu məqsədlə vaxtıykən assuriyalılar qızı doğma dildə danışa bilən ailə başçısına cehizin yarısını verməyə və ya ümumiyyətlə verməməyə icazə verirdilər. Bizim üçün bu, milli genimizi və ailələrimizi saxlamaq üçün çox vacibiydi. Buna görə də bu gün bizdə hamı Assuriya dilini bilir, insanların doğma dilini qoruyub saxlamaq instinkti var.
Ermənistandakı 3000 assuriyalının böyük hissəsi Verin Dvin, Dimitrov və Arzni kəndlərində yaşayır. Verin Dvin ən çox assuriyalının yaşadığı kənd sayılır. Burada müqəddəs Fomanın məbədi yerləşir, bu Assuriya məbədi isveçrəli xeyriyyəçi tərəfindən təqdim olunan vəsait hesabına bərpa olunub.
“Assuriyalılar min il doğma dillərində dua etməyiblər. Müqəddəs Foma kilsəsi bərpa olunana qədər bura xarabalıq idi. Kilsənin tikintisi ilə paralel olaraq, biz Assuriya Şərq Kilsəsi dini təşkilatı kimi qeydiyyatdan keçdik, – Xosroyev danışır.
O, Qarni dərəsi ilə Xosrov meşəsi arasında yerləşən Golaysor (Assuriya bağı) kəndində anadan olub. Türkiyədən mühacirət edən 20 Assuriya ailəsi 1805-ci ildə burada məskunlaşıb. Assuriyalıların Ermənistana mühacirətinin ikinci dalğası 1826-1828-ci illərdə – rus-fars müharibəsi zamanı baş verib. Rusiya ilə İran arasında 1828-ci ildə Türkmənçay kəndində bağlanan Türkmənçay müqaviləsi ilə müharibə sona çatdı. Onda da 100 Assuriya ailəsi Rusiya ərazisində yaşamaq icazəsi alaraq, Ermənistanda məskunlaşdı.
“1949-cu ildə sovet hakimiyyəti Golaysora təzyiq etməyə başladı, çünki assuriyalıları qərbyönlü meyllərdə şübhəli bilirdilər. Əksər sakinlər Sibirə, Barnaula sürgün edildi, qalanları müxtəlif kəndlərə köçürüldü. Əksər həmkəndlilərimiz Verin Dvində məskunlaşdı, – Razmik Xosroyev danışır.
Postsovet dövründə bir çox assuriyalı Ermənistandan köçdü. Xosroyevin sözlərinə görə, assuriyalılar ermənilərə nisbətən daha çox mühacirət edirdilər: sovet illərində Ermənistanda onların sayı 7000-ə çatırdı.
Verin Dvin sakini Seda Nikolayevnanın atası assuriyalı, anası isə ermənidir. Qızları ermənilərə ərə gedib, oğlu da erməni qızı ilə evlənib:
“Assuriyalı olmağımla fəxr edirəm. Atam assuriyalıdır. Assuriyalılar şərəfli insanlardır. Kənddə kiminsə problemləri olanda, bütün kənd yığışıb, kömək edir. Ermənilərlə assuriyalılar arasında fərq isə ancaq dildə və bir neçə adətdədir, – Seda deyir. – Biz ermənilər kimi, toyları restoranlarda keçirmirik, biz öz adətlərimizi saxlamışıq. Gəlini bəy evinə gətirəndə, artıq qapının ağzında ona hədiyyələr verməyə başlayırlar. Növbə ilə hamını çağırırlar, kim nə hazırlayıb, onu da bağışlayır. Ənənəyə görə, toy öküzünü cümə günü axşam kəsirlər, ətin yarısını da qudalara göndərirlər.
Razmik Xosroyev həmyerlilərini bu cür təqdim edir: “Xaricilər həmişə deyir ki, assuriyalıların bir qabırğası artıqdır, yəni inaddırlar. Assuriyalı “yox deyibsə, dünyada heç bir qüvvə ona fikrini dəyişməyə məcbur edə bilməz. Bu, əlbəttə ki çox gözəl milli xüsusiyyətdir. Deyirsə, qatıq qaradır, deməli qaradır.
Assuriyalılar yeni illərini aprelin 1-də qeyd edirlər. Bundan başqa, onlar milli Şara bayramını, adətən Arzni kəndində keçən rəqs və mahnı gününü qeyd edirlər. Bundan əlavə, müqəddəs Foma və Marez günləri də qeyd olunur. Bütün bayramlarda assuriyalılar ümumi qurban kəsilər. Gecə hər kənddə ay işığı altında iki öküz kəsilir və əti bütün sakinlərə paylayırlar.
Lyusi Yediqarova danışır ki, Marez bayramında xüsusi halva hazırlayıb, hamıya paylayırlar: “Marezi hər il iyunun 14-də qeyd edirik. Halva həmin günün qurbanıdır. Onu mortuxa adlandırırıq. Çox böyük bir qazanda əridilmiş yağı möhkəm qızdırıb, sonra da un, süd və yumurta əlavə edirik. Yaxşıca hamısını bişiririk, sonra da plitədən götürüb, lavaşa büküb, paylayırıq.
Rimma və Seda mətbəxdə Assuriya yeməyi olan Büşala hazırlayırlar.
“Bu yeməyə ağ çuğundur yarpaqları, kərəviz, yaşıl bibər əlavə edirik. Biz büşalanın həmişə süfrə üstündə olmasını istəyirik, bu assuriyalıların qanunundur, – Seda Nikolayevna deyir.
Razmik Xosroyev qeyd edir ki, Ermənistandakı Assuriya icması heç vaxt siyasi problemlərlə üzləşməyib, onların üzləşdiyi çətinliklər əsasən mədəniyyət və təhsil sahələri ilə bağlıdır:
“Hələlik biz milli azlıqların etnik mədəniyyətini erməni mədəniyyətinin bir hissəsinə çevirə bilmirik. Hökumət və Mədəniyyət Nazirliyi bu istiqamətdə çox iş görməlidirlər. Misal üçün, mədəniyyət universitetlərinin tələbələri dövlət sifarişi ilə qəbul olunsaydı [pulsuz təhsil almaq hüququ alsaydılar], çox yaxşı olardı.
Daha bir problem Assuriya dili ilə bağlıdır. Ermənistandakı heç bir ali məktəbdə o tədris olunmur. Biz icma vəsaiti hesabına gənclərimizi Urmiyanın (İran) Assuriya Universitetinə təhsil almağa göndəririk, bundan sonra da onlar qayıdıb, kənd məktəblərində uşaqlara dərs deyirlər. Amma bu zaman da onlar müəllimlik peşəsinə yiyələnmək üçün Yerevan Pedaqoji Universitetində qiyabi şəkildə təhsil almalı olurlar. Bax, bu problemdir.
Xosroyev deyir ki, hökumət hər il Ermənistandakı bütün 11 milli azlığa 10 milyon dram (təxminən 20 min dollar) ayırır, bu məbləğ də onların sayından asılı olmayaraq, aralarında bərabər bölünür. Razmik onu da deyir ki, milli azlıqların hüquqları həm Avropa Şurası ilə müqavilə və Ermənistan Konstitusiyası, həm də “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiya ilə qorunur, amma reallıqda bunun çox az xeyri var:
“Bir neçə il əvvəl hökumətə milli azlıqlar haqqında qanun layihəsini təqdim etdik, onun qəbul olunduğu halda problemlərimizin həlli mexanizmi olardı. Amma bu layihə elə də parlamentə göndərilmədi. Bütün problemlərimiz məktub, xahiş, tanışlıq vasitəsiylə həll olunur.
Amma güclü iradəsi olan assuriyalılar öz hüquqları uğrunda mübarizəni davam etdirməyə və nəticələrə nail olmağa söz verirlər. Ümid də verirlər: qorxmayın, qatığa qara deməyəcəyik.
Dərc olunub: 16.09.2016