Ceyranova işi: Gürcüstanda gənc qadını linç edənlərdən biri də günahkar bilindi
Gürcüstanda Xanım Ceyranova işi
Gürcüstan Prokurorluğunun məlumatına görə, Xanım Ceyranova işi üzrə digər təqsirləndirilən haqda hökm oxunub. Söhbət Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı kəndində gənc qadının ərinin qohumları tərəfindən “linç edilməsindən” gedir.
Prokurorluğun təqdim etdiyi sübutlar əsasında andlılar məhkəməsi yekdilliklə bu iş üzrə təqsirləndirilən şəxsləri gender bərabərliyinin pozulmasında, bir qrup şəxs tərəfindən ləyaqəti alçaldan rəftarda və qanunsuz azadlığın məhdudlaşdırılmasında təqsirli bilib.
2014-cü ildə Gürcüstanın Lambalo kəndində 30 yaşlı Xanım Ceyranova ərinin qohumları tərəfindən xəyanətdə ittiham edilərək kəndin mərkəzində sakinlərin gözü qarşısında şiddətlə döyülüb, təhqir olunub. İki gün sonra qadın özünü asıb.
“Münsiflər heyəti ittiham tərəfinin təqdim etdiyi sübutları tam şəkildə bölüşdü və hesab etdi ki, təqsirləndirilən şəxs 2014-cü il sentyabrın 16-da digər cinayət ortaqları ilə birlikdə zərərçəkmişi zorla maşına mindirərək kəndin mərkəzinə aparıb və orada onu həmkəndlilərinin gözü qarşısında təhqir, fiziki və psixoloji zorakılığa məruz qoyub”, – deyə Prokurorluğun bəyanatında bildirilir.
Andlılar məhkəməsinin çıxardığı hökmə əsasən məhkəmə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Onun dörd ortağına gəlincə, bir qədər əvvəl, 2023-cü il yanvarın 9-da Tbilisi şəhər məhkəməsi tərəfindən onlar haqqında hökm çıxarılaraq, hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.