Cənubi Qafqaz ölkələrində demokratiya səviyyəsinin göstəriciləri pisləşir
Paylaşmaq
Paylaşmaq
Freedom House beynəlxalq qeyri-hökumət təşkilatı aprelin 11-də keçid mərhələsində olan ölkələr haqda illik hesabatını dərc edib. Bu hesabatda siyasi rejimi hibrit (qismən demokratik) kimi xarakterizə edilən 29 ölkədə demokratiyanın vəziyyəti analiz olunub.
Bu hesabatda Cənubi Qafqaz, Baltikyanı, Şərqi Avropa, Orta Asiya ölkələri və Rusiya yer alıb. Bir neçə göstərici analiz edilib: seçkilərin şəffaflığı, vətəndaş cəmiyyətinin inkişaf dərəcəsi, medianın müstəqilliyi, məhkəmə sistemi, korrupsiya səviyyəsi. Göstəricilər yeddi ballıq şkala ilə qiymətləndirilib (burada yeddi ən pis göstəricidir).
Keçid mərhələsində olan ölkələrdə demokratiyanın ümumi səviyyəsi aşağı enib. 29 ölkə arasında ən pis göstərici Türkmənistana – 6,96, ən yaxşı göstərici isə Estoniyaya – 1,82 aiddir.
Azərbaycan demokratiyası Türkmənistandan bir qədər yaxşı vəziyyətdədir. Son on ildə ölkədə yuxarıda sadalanan bütün göstəricilər pisləşib. Əgər 2009-cu ildə Azərbaycanda demokratiya reytinqi 6,25 bal təşkil edirdisə, yeni hesabata əsasən, 2018-ci ildə bu göstərici daha da pisləşərək 6,93 bal olub.
Ermənistan Azərbaycanı bir yarım bal geridə qoyur, amma bu ölkə də demokratiya səviyyəsi ilə bağlı ciddi prolemlər yaşayır. Hesabat müəllifləri bildirirlər ki, Serj Sarqsyanın on illik hakimiyyəti dövründə ölkədə media müstəqilliyindən başqa bütün göstəricilər pisləşib.
Ötən illə müqayisədə Ermənistan ölkədə nə seçkilərin şəffaflıq səviyyəsinin artırılmasına, nə də insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına nail ola bilməyib.
Digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə Gürcüstanda demokratiya daha çox inkişaf edib. Amma burada da demokratiya reytinqi ötən illə müqayisədə pisləşib – 4,61-dən 4,68 bala yüksəlib.
Ölkədə media müstəqilliyi göstəricisi də əhəmiyyətli dərəcədə pisləşib. Bunun əsas səbəbləri hakimiyyətə qarşı tənqidi əhval-ruhiyyəli “Rustavi-2” telekanalına göstərilən təzyiq və Tbilisinin mərkəzində azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanmasıdır.
Bundan başqa Freedom House-un rəyincə, Gürcüstanda məhkəmə sisteminin siyasiləşmə səsəviyyəsi də yüksəlib, bu da sölkədə demokratiyanın ümumi vəziyyətinə pis təsir edir.