Cənubi Osetiyada etirazlar: dəfn, zorakılıq, “gürcü izi”
Cənubi Osetiyada 28 yaşlı İnal Cabiyevin təcridxanada işgəncə nəticəsində baş verdiyi ehtimal olunan ölümü ilə əlaqədar gecə saatlarına qədər etirazlar davam edib. Prezident Anatoli Bibilov isə etirazların Gürcüstandan idarə olunduğuna eyham vurub.
Dəfn və etirazlar
Avqustun 31-də İnal Cabiyevin dəfninə iki minə yaxın insan toplaşıb. Cənubi Osetiya prezidenti Anatoli Bibilov da dəfndə iştirak edib.
Dəfndən sonra yüzlərlə insan yenidən mərkəzi meydana toplaşıb. Onlar prezidentin istefasını tələb ediblər.
Cənubi Osetiyada İnal Cabiyevin işgəncə nəticəsində baş verdiyi ehtimal olunan ölümündən sonra prezidentin və hökumətin istefasını tələb edirlər. Prezident ədalətli araşdırma vəd edib
Bundan başqa, “Nıxas” müxalif partiyasından olan deputat David Sanakoyev hazırkı baş prokuror və artıq keçmiş DİN rəhbərinə qarşı cinayət işinin açılması tələbini irəli sürüb.
Deputat həmçinin Cənubi Osetiyanın hüquq-mühafizə sistemində islahatların aparılmasında və DİN əməkdaşlarının şübhəlilərə qarşı zorakılığı ilə bağlı digər halların da araşdırılmasında israr edir.
Etiraz iştirakçıları gecə saatlarında güc strukturları tərəfindən mühasirəyə alınan prezident administrasiyası binasına doğru addımlamağa başlayıblar. Amma deputatların sözünü dinləyərək binaya hücum etməyiblər.
Avqustun 30-da 2001-ci ildən 2011-ci ilə qədər Cənubi Osetiya prezidenti olmuş Eduard Kokoytı da video-müraciətlə çıxış edib. O, faktiki olaraq Anatoli Bibilova ultimatum verib və onu istefaya getməyə çağırıb.
Vətəndaş cəmiyyəti fəalının döyülməsi
Cabiyevin dəfni zamanı küçənin ortasında vətəndaş cəmiyyəti fəalı və iş adamı Timur Sxurbatiyə hücum edilib. O, döyülüb və çənə sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib.
Sxurbatinin bildirdiyinə görə, ona qarşı hücumun səbəbi sosial şəbəkədə yazdığı şərhlər olub.
“Mənə hücum etdilər – əvvəlcə qadın, əsl təxribatçı. Görünür ki, o, mənim onu vurmağımı istəyirdi. Əlbəttə ki, mən onu vurmadım, amma yenə də yanına guya onu qorumağa çalışan insanlar toplaşdı. Nəticədə mənim çənə sümüyüm sındı və az qala kütləvi dava düşəcəkdi”.
Fəal cəmiyyətə müraciət edib və insanları qanunsuzluqla barışmamağa çağırıb.
“Mən sizə müraciət edirəm, əgər biz sussaq, o zaman bu, davam edəcək, heç vaxt bitməyəcək. Əgər biz qanuna dəvət etməsək, bu, davam edəcək və sabah mənim çənəmi sındırmayacaqlar, biz yenə də bir gənc oğlanı basdıracağıq”, – o qeyd edib.
Hakimiyyətin reaksiyası
İnal Cabiyevin ölümündən doğan qəzəbə cavab olaraq prezident bütün hökuməti tam tərkiblə istefaya göndərib.
Onun ölümündə şübhəli bilinən səkkiz nəfər DİN əməkdaşı həbs edilib.
Amma Anatoli Bibilov öz istefası ilə bağlı tələbi hələlik ictimai şəkildə şərh etməyib.
Bibilovun yeganə şərhi Ukraynanın şərqində Donetsk Respublikasında baş verən hadisələri işıqlandıran @wargonzo Telegram kanalında yayılıb.
“Gürcüstan botlarının Sxinvaldakı mitinqlərə dəxli var”, “Gürcüstan tərəfi siyasi böhran doğuran vəziyyətdən istifadə etmək fürsətini əldən verməyib və sosial şəbəkələr vasitəsilə daha da qızışdırmağa çalışır. İş sistemli aparılır və çox güman ki, Dövlət Deparlamentinin (ABŞ) strukturları tərəfindən kurasiya edilir”, — kanal Bibilovdan sitat gətirib və yaxın zamanda onunla etdikləri eksklüziv müsahibənin dərc ediləcəyinə söz verib.
“Bibilov məsələnin həll edilməsi əvəzinə yenə də kuratorların-polittexnoloqların məsləhətinə əməl etmək və ümumrusiya “metodları” ilə hərəkət etmək qərarına gəlib, Gürcüstan botları və ABŞ Dövlət Departamenti haqda bəyanat da bu qəbildəndir”, – Osetiyanın “Bonvaernon” Telegram kanalı öz növbəsində şərh edib.
Etirazların səbəbi
Cənubi Osetiyada çoxları Sxinvalda etirazlar dalğasının başlamasının səbəbinin yalnız İnal Cabiyevin ölümü ilə yox, eyni zamanda daha əvvəl hakimiyyət nümayəndələrinin yol verdikləri və indiyə qədər araşdırılmamış qalan özbaşınalıqlarla əlaqəli olduğu fikrində uzlaşır.
Məsələn, 2015-ci ildə milis şöbəsində işgəncə nəticəsində ölən Vladimir Skayevin olayı. Bu işlə bağlı məhkəmə prosesi hələ də davam edir.
Cənubi Osetiya həbsxanalarında və təcridxanalarında zorakılıq halları bununla yekunlaşmır. Məhbuslar və onların doğmaları bildirirlər ki, orada insanları döyür, işgəncə verir və alçaldırlar.
2019-cu ilin oktyabrında xüsusi təyinatlılar islah müəssisəsində aclıq aksiyasını zorla boğaraq, məhbusları amansızca döymüşdülər. O zaman bu, siyasi qalmaqal doğurmuşdu, amma Bibilov müxalifətin tələbini yerinə yetirməkdən, ədliyyə və daxili işlər nazirlərini istefaya göndərməkdən imtina etmişdi.
2020-ci il iyunun 6-da 20 nəfərə yaxın məhbus qəddar münasibətə etiraz əlaməti olaraq damarlarını kəsmişdi.
Şərh: Cənubi Osetiya, Rusiya və Belarus arasında ortaq nə var?
Respublikada baş verənlər Rusiya baş nazirinin müavini Marat Xusnullinin şəxsi uğursuzluğudur, çünki Abxaziya və Cənubi Osetiyanın kurasiyası məhz ona tapşırılıb – Rusiyanın “Mısli-NeMısli” Telegram kanalı yazıb.
Mənbənin bildirdiyinə görə, Xusnullinin bu vəzifədəki sələfi Oleq Qovorun “Abxaziya istiqamətini yarıtmayıb, bu ölkədəki siyasi böhran və Aslan Bjaniyanın timsalında müxalifətin hakimiyyətə gəlməsi bunun sübutudur”.
“Hazırda Abxaziya ssenarisi Cənubi Osetiyada təkrarlanır, amma indi vəziyyət Belarusdakı hadisələrlə daha da ağırlaşıb. Rusiya sərhədləri boyu qeyri-stabillik zonası yayılır və bu, ölkə rəhbərliyini qıcıqlandırmaya bilməz”.
Xatırladaq ki, son etirazlar Cənubi Osetiyada 2011-ci ildə baş verib və nəticədə Kremlin himayə etdiyi prezidentliyə namizəd Anatoli Bibilov (hazırkı prezident) məğlubiyyətini etiraf etməyə məcbur olub və bu da Rusiyada 2011-2013-cü il etirazlarının başlanğıcı rolunu oynayıb”, – Telegram kanal yazıb.
Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə aiddir, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düçməyə də bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən qeyri-etik sayılan şərhləri silmək haqqını özündə saxlayır.