“Noviçok” kimyəvi silahının hazırlandığı Rusiya kəndindən fotoreportaj
“Nə Rusiyada, nə də SSRİ-də heç vaxt “Noviçok” şərti adlı kimyəvi maddə hazırlanmayıb” – 2020-ci il sentyabrın 23-də Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova bunu üç ölkə – Almaniya, Fransa və İsveç hökumətlərinin rusiyalı müxalifətçi Aleksey Navalnıya Kimyəvi Silahların Qadağan Olunması Konvensiyası ilə qadağan edilmiş “Noviçok” zəhərli maddəsilə sui-qəsd edildiyi haqda bəyanatına cavab olaraq bildirib.
Rusiya müxalifətinin lideri Aleksey Navalnı 2020-ci ildə avqustun 20-də Rusiyada zəhərlənib. Müalicə üçün Almaniyaya aparılıb, 18 gün koma vəziyyətində qalıb. Sentyabrın 23-də Berlinin “Şarite” xəstəxanasından çıxsa da uzun reabilitasiyadan keçməli olacaq.
“Rusiyanın iştirakının [Navalnının zəhərlənməsində] hər hansı sübutu, baş verənlərdə onlarınn dediyi kimi “Rusiya izi” yoxdur, ola da bilməz”, – Zaxarova bildirib.
“Noviçok”la bağlı ilk hadisə də Rusiya tərəfindən oxşar bəyanatlarla yekunlaşmışdı. 2018-ci il martın 4-də Britaniya hakimiyyətinin versiyasına görə, bu maddə ilə Böyük Britaniyanın Solsberi şəhərində yaşayan keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliyanı zəhərləmək istəmişdilər.
O zaman Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Tereza Meyin ittihamını “Britaniya parlamentində sirk şousu” adlandırmışdı. Rusiya prezidenti Vladimir Putin isə ingiltərəli jurnaistin Skripala qarşı sui-qəsdlə bağlı sualına belə cavab vermişdi:
“Siz əvvəlcə orda ayırd edin, sonra biz bunu sizinlə müzakirə edərik”.
• Putin Makrona bildirib ki, Navalnı simulyant və şantajçıdır
• General Rusiya müxalifətinin liderini duelə çağırıb
• Sergey Skripalı nə ilə zəhərləyiblər?
Qərb ölkələri Solsberidə kimyəvi silah tətbiqindən sonra Rusiyaya qarşı əlavə sanksiyalar elan edib. Yeni hadisədən, Navalnının “Noviçok”la zəhərlənməsindən sonra bu ölkələr yeni sanksiyaların tətbiq ediləcəyini bildiriblər.
“Noviçok” preparatı haqda isə məlum olanlar az deyil. Rusiya jurnalistləri Rusiyanın Saratov vilayətinin Şixanı qəsəbəsində olublar. Britaniya xüsusi xidmət orqanlarının bildirdiyinə görə, “Noviçok” zəhərli maddəsi məhz burada hazırlanıb.
“Novaya qazeta”nın 2019-cu ilin əvvəlində bu qəsəbədən hazırladığı reportaj.
Britaniya xüsusi xidmət orqanlarının iddia etdiyinə görə “Noviçok”un hazırlandığı Saratov vilayətində yerləşən Şixanı qəsəbəsi bu ilin əvvəlindən qapalı inzibati ərazi birləşməsi (QİƏB) statusunu itirib.
Dünyanın ən məşhur Saratov brendinin vətənini artıq istənilən şəxs ziyarət edə biləcək. Şixan sakinləri, onların maliyyələşməsinin əməlli-başlı azalacağı, ixtisarların başlanacağı və ixtisaslaşmış klinikanın bağlanacağından ehtiyat edirlər.
Səfalət kimyəvi maddələrdən də dəhşətlidir
«İnstitut buradan on kilometr aralıda idi. Mən ora getməməyə çalışıram. Az bilən rahat yatır», – Şixan sakini Sergey İzvekov deyir. Sovet dövründə kimyəvi silah hazırlayan Dövlət Orqanik Sintez Texnologiyaları İnstitutu (DOSTİ) müflis oldu və rəsmi olaraq öz fəaliyyətini 10 il əvvəl dayandırdı.
«Qonşu mənzillərdə yaşamağımıza baxmayaraq, kimyaçıların məhz nə işlə məşğul olduğundan xəbərsiz idik. Soruşmaq təhlükəli idi», – Sergey çiyinlərini çəkir.
Qəsəbə bağlı olanda, demək olar ki, bütün təşkilatlar birbaşa Moskva rəhbərliyinə tabe idi.
“Paytaxt komissiyaları bura gəlməkdən qorxurdular. Hətta suyun altında əllərini belə yumaq istəmirdilər. Deyirdilər, bizim üçün suyu Volskdan [qonşu şəhər] gətirin”, – İzvekov xatırlayır.
Özü nədənsə ərazinin ekoloji təmizliyindən narahat deyil.
«Tibb məntəqəsini bağlasalar bizim üçün fəlakət olar. Ginekoloji və cərrahi şöbələr ixtisara salınıb. Yeni il bayramlarında məndə appendisitin olmasından şübhələnib, rayon xəstəxanasına apardılar. Sulu sıyıq verdilər. Bizim tibb məntəqəsində isə uşaq bağçasındaki kimi menyu var idi!»
Güc strukturlarında da ixtisarlardan qorxurlar: rejim yoxdursa – paqonlu insanlara da ehtiyac yoxdur. Qəsəbədə kişilər üçün başqa iş yeri yoxdur.
Qapalılıq rejiminin qaldırılması maliyyənin ciddi azaldılması deməkdir – iki ildən sonra qəsəbə öz gəlirləri və vilayət dotasiyaları ilə yaşamağa məcbur olacaq, Moskvadan maliyyələşdirmə dayandırılacaq.
Əvəzi tapılmayıb
Vladimir Fedosov Şixanını ilk dəfə 1975-ci ildə görüb.
«Bizim instituta yerli direktor gəldi. Dedi ki, şəhər tipli yaşayış məntəqəsinə gedəcəksiz, institutunuz bir az aralıda meşədə olacaq, amma zərərə görə maaşda artım olacaq».
Məxfi instituta Moskva və Leninqrad kimya-texnologiya instutlarının ən yaxşı məzunlarını topladılar. Elmi karyera tez inkişaf edirdi. Gənc ailələrə o vaxta görə komfortlu beşmərtəbəli evlərdə mənzillər verilirdi.
«Təchizat yüksək səviyyədə idi!” – Vladimir Fedosov defisit malları sadalayır. – “Zeytun yağı, mandarin, banan. İtaliya istehsalı cins şalvarı ilk dəfə burada görmüşdüm. Onu mağazaya gətirib, heç bir paylaşdırma olmadan satırdılar. Mənim mənzilimdə Rumın mebeli, yataq otağında ADR, mətbəxdə Polşa mebeli idi, yumşaq mebel isə Yuqoslaviya istehsalı idi. 1986-cı ildə həmkarlar ittifaqından “2108” aldım, o isə hələ 1985-ci ildə çıxmışdı! Vətənin bizim əməyimizi qiymətləndirməsi dəqiq idi».
1990-cı illərdə kimyəvi silahın məhv edilməsi haqqında konvensiya imzanaldıqdan sonra müəsisənin əsas fəaliyyəti qadağa altına düşdü. Büdcədən milyardların ayrıldığı kimyəvi silahın məhv edilməsi proqramına şixanlıları götürmədilər.
Elmi işçilər buranı tərk etməyə başladı. Fedosov sevdiyi kimyanı buraxmalı oldu. İndi o qonşu şəhər Volskda yerləşən texniki peşə məktəbində işləyir.
“Noviçok” sayəsində “Şixanı” dünyaca məşhurlaşdı. Amma bu, qəsəbəyə heç bir xeyir gətirmədi. Əhalinin demək olar ki, yarısı təqaüdçüdür. Fedosovun qızı digər gənc Şixan sakinləri kimi, Saratovda işləyir, oğlu isə Astraxanda.
“Müəsisəni əvəzləyən bir şey tapmayıblar”, – Vladimir köks ötürərək deyir.