“Bu gün biz mümkün olanın maksimumunu aldıq”: Bakıdan şərh
Ötən gecə açıqlanan üçtərəfli bəyanat Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Əksəriyyət qələbəni bayram edir, amma müxtəlif siyasətçilər və icmalçılar Rusiya sülhməramlılarının Qarabağa daxil olmasını mənfi dəyərləndirirlər.
- Qarabağ: rayonlar Azərbaycana təhvil verilir, Rusiya sülhməramlıları, Ermənistanda etiraz. LIVE
- Qarabağ üzrə razılaşma və Ermənistanda hökumət evinin talan edilməsi. Video
“Böyük Qələbə səhəri! 32 il əvvəl başlayan Ermənistan-Azərbaycan münaqişəsinin ikinci hərbi fazası sona çatdı. Onun nəticələrinə əsasən, məcburi köçkünlərin 99 faizi öz evlərinə qayıtmaq və öz Vətənində yeni həyata başlamaq imkanı əldə edəcək. Ümid edirəm və əminəm ki, həmvətənlərimin ailələri daha övladlarını dəfn etməyəcəklər. Biz ölkəmizi stabil inkişaf etdirmək imkanı əldə edəcəyik!
Amma bu hələ münaqişənin sonu deyil və biz bütün Azərbaycan ərazisində dövlətimizin suverenliyinin tam bərpası üçün mübarizəmizi davam etdirəcəyik.
Siyasət mümkün incəsənətidir və biz bugün mümkün olanı maksimum əldə etdik”, – Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb
“Əlbəttə ki, şanlı Ordumuzun zəfərləri göz önündədir. O, artıq düşmənin hülqumundan tutub tam boğduğu bir zamanda Putin işə qarışır (bu arzuolunmaz ehtimalı əvvəllər dəfələrlə vurğulamışdım) və tərəfləri atəşkəsə məcbur edir. Xalq 28 il ayrı düşdüyü yaşayış məntəqələrimizin və ərazilərimizin geri qaytarılmasının sevincini yaşayır və bu təbiidir.
İndi yenidən bütün ümidlər ABŞ-a və Qərbə qalır. Bir dəfə SSRİ-ni çökdürüb bizə müstəqilliyimizi bərpa etmək şəraiti yaratdılar. Bu dəfə də işğalçı və mərdimazar Rusiyanı çökdürüb bizə Xankəndi üzərində tam suverenliyimizi bərpa etmək imkanı yarada bilərlər. Başqa variant çox müşkül məsələdir. Səninlə qürur duyuruq, Azərbaycan Ordusu!” – tanınmış müxalifətçi, keçmiş siyasi məhbus Tofiq Yaqublu öz fikirlərini ifadə edib.
“Bir şey ki gecə, xalqdan gizli, parlamentlə, ictimaiyyətlə məsləhətləşməmiş, xəlvətcə razılaşdırılır, elan edilir, onda böyük əmma olur.
Ermənistan özbaşına heç vaxt Azərbaycanın bir kəndini belə işğal edib, 30 il işğal altında saxlaya bilməzdi. Hamı, o cümlədən prezident də çox yaxşı bilir və deyirdi ki, Ermənistana müftə silahlar göndərən var. Hamı bilirdi ki, həm Qarabağda əsgərlərimizi vuran silahlar, həm Gəncədə, Tərtərdə, Bərdədə mülki əhalini vuran raketlər Rusiyanın Ermənistana verdiyi müftə silahlar idi.
Əslində Qarabağı işğal edən Ermənistan yox, Rusiya idi. Paşinyan da Rusiyaya güvənərək Cıdır düzündə yallı gedirdi.
İndi Rusiya qoşunlarının Azərbaycanda nə işi var? Sülhməramlı lazım idisə, bu missiyanı neytral ölkələrə məxsus başqa silahlı qüvvələr də edə bilərdilər.
Moskvadakı 11 saatlıq danışıqlarda Azərbaycan tərəfinin ən çox dirəndiyi məqam elə Rusiya sülhməramlılarının Azərbaycana gəlməsinə müqavimət idi. Əgər razılaşılacaqdısa, o zaman döyüşləri bir ay davam etdirib, Rusiyanın müftə verdiyi silahlarla daha çox Azərbaycan əsgərinin şəhid olmasına, yaralanmasına niyə razı olunurdu?
Təəssüf ki, sizin kimi tam sevinə bilmirəm. Bu və yüz digər suallar mənə rahatlıq vermir.
Küçələrdə siqnal verib, rəqs edib, yorulanda bunları da düşünün”, – Facebook səhifəsində bloqer Bəxdiyar Hacıyev yazıb.
“Son 45 günlük müharibəni Azərbaycan uddu, Ermənistan uduzdu, amma son 200 ildə olduğu kimi, regionda qələbə çalan Rusiya oldu. Belə…” – müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli yazıb.
“Kremlin vasitəçiliyi ilə imzalansa da bu qələbə sazişidir. Rusiya Azərbaycana 100 faizlik qələbəyə imkan verməzdi və belə də oldu.
Təbii ki, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəranın ermənilərin yaşayış məskəni olaraq saxlanılması milli maraqlara cavab vermir. Azərbaycan ərazisində xarici hərbçilərin yerləşdirilməsi də suverenliyə, müstəqilliyə xələl gətirən haldır.
Dağlıq Qarabağın statusunun müzakirələrdən çıxarılması və Naxçıvanla nəqliyyat kommunikasiya imkanlarının yaradılması böyük uğurdur”, – tanınmış azərbaycanlı hüquqşünas Əlövsət Əliyev hesab edir.