Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqının sədri Donald Tuska məktub göndərərək, ölkənin Avropa İttifaqından ayrılma prosedurunun başlanması barədə xəbərdar edib.
Böyük Britaniya bununla da Lissabon müqaviləsinin 50-ci maddəsində nəzərdə tutulmuş proseduru aktivləşdirib və Aİ-dan ayrılma proseduru rəsmi olaraq başlayıb.
“Bu, tarixi andır və indi artıq geriyə yol yoxdur – Britaniya Avropa İttifaqını tərk edir. Biz öz qərarlarımızı almağa və öz qanunlarımızı qəbul etməyə hazırlaşırıq, biz özümüz üçün daha böyük əhəmiyyət kəsb edən şeyləri nəzarət altına almağa hazırlaşırıq. Və biz Böyük Britaniyanı daha güclü və daha ədalətli etmək üçün, övladlarımızın və nəvələrimizin öz evləri ilə fəxr edə bilmələri üçün bu imkandan istifadə etməyə hazırlaşırıq”, – Britaniyanın baş naziri Tereza Mey bəyan edib.
O, əlavə edib ki, Avropa İttifaqından ayrılma Böyük Britaniyanın Avropa dəyərlərindən imtinası anlamına gəlmir. “Biz etibarlı partnyor, mehriban müttəfiq və yaxın dost olmaqda davam edəcəyik”, – Mey qeyd edib.
Böyük Britaniyanın Avropa İttifaqaından ayrılması barədə referendum 2016-cı il iyunun 23-də baş tutub. Onun nəticələrinə görə, Aİ-dən ayrılmanın lehinə 51,9% Britaniya vətəndaşı, əleyhinəsə 48,1% səs verib.
Sosioloji tədqiqatların nəticələrinə görə, Avropa İttifaqından ayrılmağı əsasən təhsil dərəcələri o qədər də yüksək olmayan yaşlı adamlar istəyib, gənclər və əhalinin ali təhsilli təbəqəsi isə çoxluqda bunun əleyhinə olub.
Böyük Britaniyanın regionlarının müxtəlif cür səs verməsi də mühüm əhəmiyyət kəsb edir. Məsələn, Şotlandiyada çoxluq Avropa İttifaqı üzvlüyünün qorunub-saxlanmasını istəyib. Hazırda Şotlandiya rəhbərləri Böyük Britaniyanın tərkibindən çıxmaq barədə referendum təşkil etməyə çalışırlar.