“BMT Təhlükəsizlik Şurasının qətnaməsi güc dəstəyi olmadan adi kağızdır”. Bakıdan baxış
BMT Təhlükəsizlik Şurasının iclası haqda şərh
“Güc dəstəyi olmadan qətnamə adi kağızdır. Artıq bildiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbulundan düz 27 il sonra Azərbaycan güc yolu ilə həyata keçirdi”. Siyasi icmalçı Hacı Namazov BMT Təhlükəsizlik Şurasının iclasının mümkün nəticələrini belə şərh edib.
“Ermənistanın hazırda belə bir imkanı yoxdur və yaxın gələcəkdə də çətin ki, olsun, çünki Ermənistanın hərbi gücünün nə vaxtsa hətta qonşusu və müttəfiqi Türkiyənin köməyi olmadan belə Azərbaycanın qüdrətini üstələməsi mümkünsüz görünür”, – ekspert əlavə edib.
- Yarım ayda “İşçi Masası”nın 3 üzvü həbs edilib, dördüncü risk altında oduğunu deyir
- “Okamponun rəyinə istinadən Azərbaycanı suçlayanlar nüfuzlarına ziyan vururlar”. Bakıdan şərh
- Mərhum jurnalist Elmar Hüseynovun ailəsi Azərbaycana hökumət xəttilə gəlib
Avqustun 16-da Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasda Qarabağın ermənilər yaşayan hissəsi, eləcə də Laçın yolu ətrafında vəziyyət müzakirə olunacaq.
Azərbaycanlı siyasi şərhçi Hacı Namazov Nyu-Yorkda keçirilən görüşün mümkün nəticələrini JAMnews-a şərh edib.
Məsələnin etnik tərəfi haqda
“Birincisi, özümüz üçün müəyyənləşdirməliyik ki, bu gün BMT Təhlükəsizlik Şurası nədir və Azərbaycanın suveren ərazisi ilə bağlı hansı qərarlar qəbul edə bilər?
Dərhal qeyd edim ki, iclasın təşəbbüskarı Ermənistandır və ermənilərin yaşadığı Azərbaycan ərazisi müzakirə obyektinə çevrilməlidir. Yəni bir ölkə digər ölkənin ərazisi məsələsini ən yüksək səviyyədə qaldırır. Etik nöqteyi-nəzərdən bu detal mənə görə beynəlxalq aktorlar üçün çox mübahisəli görünür”.
90-ların əvvəllərində və indi dünyadakı vəziyyət
“BMT Təhlükəsizlik Şurasının ötən əsrin 90-cı illərinin əvvəllərində qəbul etdiyi dörd qətnaməni son günlər Azərbaycanda yalnız tənbəllər xatırlamır. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü aydın və aşkar şəkildə tanınır və Ermənistandan qonşu ölkənin işğal olunmuş ərazisini qeyd-şərtsiz tərk etmək tələb edilir.
O illərdə dünyada vəziyyət indikinə bənzər idi. 90-cı illərin əvvəllərində Qərb tamamilə postsovet məkanının və Şərqi Avropanın “udulması” ilə məşğul idi və beynəlxalq arenadakı əsas aktorlar onların qiymətləndirmələrinə görə “xırda” münaqişələrin (Qarabağ məsələsi də belələrindən idi) hayında deyildilər.
İndi Qərb Ukraynada və iqtisadi cəbhədə Rusiyaya qarşı qlobal müharibə ilə məşğuldur. Burada xatırlatmaq yerinə düşər ki, Azərbaycan həm Kiyevə hərtərəfli dəstək, həm də Avropanın enerji təhlükəsizliyi baxımından bu mübarizədə Qərbin tərəfdaşıdır”.
Azərbaycan narahat olmur
“Bu gün səhər məlum oldu ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün göndərib. Görünür, erməni tərəfi vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının üzvlərinə daha ətraflı məruzə edilməsinə ehtiyac hiss edir.
Hələlik Azərbaycan tərəfdən bu istiqamətdə heç bir addım hiss olunmayıb. Bakı Xarici İşlər Nazirliyinin növbətçi bəyanatı ilə kifayətlənib.
Bu, onu deməyə əsas verir ki, Azərbaycan Təhlükəsizlik Şurasındakı tərəfdaşlarını öz qərarlarının aktuallığına inandıra bilib və narahat olmağa səbəb görmür”.
Üçtərəfli razılaşma və Beynəlxalq Məhkəmənin qərarı haqda
“Əgər sabahkı müzakirələrin mahiyyətindən danışsaq, o zaman Ermənistan çətin ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı məcburi beynəlxalq sənəd kimi təqdim edə bilsin.
Bu sənəd, bildiyimiz kimi, daha çox üç dövlətin liderlərinin “centlmen razılaşması”na bənzəyir və sonradan onun rəsmi müstəviyə keçməsini lazım bilməyiblər. Bu ölkələrin parlamentlərinin heç biri sazişi ratifikasiya etməyib; onun beynəlxalq hüquqa görə heç bir beynəlxalq əhəmiyyəti yoxdur.
Ermənistanın özü isə bu müqavilənin şərtlərini hələ yerinə yetirməyib – Ermənistan qoşunları Qarabağı tərk etməyib, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol layihədə belə yoxdur.
Ermənilərin digər arqumentinə – Beynəlxalq Məhkəmənin qərarına gəlincə, o, Azərbaycan tərəfindən tam şəkildə həyata keçirilir. Laçın yolu açıqdır və Ermənistanla sərhəddə keçid məntəqəsi bütün suveren ölkələr üçün ümumi dünya təcrübəsidir.
Müxtəlif politoloqların çıxışlarından panikaya düşmək lazım deyil. BMT-nin Beynəlxalq Məhkəməsi heç vaxt Bakıya qərarının icrası ilə bağlı hər hansı problem haqda xəbərdarlıq etməyib. Ona görə də burada ilişiləcək bir şey yoxdur”.
Mümkün ssenarilər
“BMT Təhlükəsizlik Şurası nə qərar verə bilər? Mənə elə gəlir ki, o, tərəfləri sülh müqaviləsi imzalamağa və humanitar məsələləri həll etməyə çağıran məcburi olmayan bəyanatla kifayətlənəcək.
Ancaq nəzəri cəhətdən mümkün olan digər ssenarilərə baxaq.
Əgər birdən BMT Təhlükəsizlik Şurası Azərbaycandan Ermənistandan gələn humanitar yardım üçün Laçın yolunu açmağı tələb edən qətnamə qəbul etsə, bu, yenə də heç nə demək deyil.
Birincisi, Azərbaycan başqa ölkələrdən gələn malları öz ərazisinə buraxmaqda və ya buraxmamaqda azad olan suveren ölkədir. Üstəlik, Ermənistan Qarabağa humanitar yüklərin daşınması üçün rəsmi Bakıdan icazə istəməyib.
İkincisi, Azərbaycan bir neçə dəfə öz ərazisindən Xankəndiyə lazımi malların çatdırılmasını təklif edib ki, bu da məntiqlidir və həm Azərbaycan qanunvericiliyinin, həm də beynəlxalq hüququn bütün tələblərinə cavab verir. Yəni Bakını hansısa blokadada və “soyqırım”da ittiham etmək manipulyasiya və yalandan başqa bir şey deyil.
Ən əsası isə qətnamə icra olunmalıdır və bunun üçün hərbi güc lazımdır.
Gəlin etiraf edək ki, BMT öz sülhməramlılarını Qarabağa göndərə bilməyəcək. Bunun qarşısını Qarabağda öz qüvvəsindən başqa heç bir qüvvənin olmasını istəməyən Rusiya alacaq. İndiki beynəlxalq şəraitdə bu, praktiki olaraq nonsensdir.
Bəli, güman etmək olardı ki, BMT Qarabağdakı Rusiya sülhməramlılarına beynəlxalq mandat verəcək, lakin bu, həm də Qərbin Rusiyaya münasibətinə görə mümkün deyil.
Güc dəstəyi olmadan sadəcə qətnamə isə adi kağızdır. Artıq bildiyimiz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbulundan düz 27 il sonra onları güc yolu ilə həyata keçirə bildi.
Ermənistanın hazırda belə bir imkanı yoxdur və çətin ki, yaxın gələcəkdə olsun, çünki qonşusu və müttəfiqi Türkiyənin köməyi olmadan belə Ermənistanın hərbi gücünün Azərbaycanın qüdrətini nə vaxtsa üstələməsi mümkün deyil”.