BMT-nin büdcəsi 285 milyon dollar azalıb
2018-2019-cu illərdə BMT-nin büdcəsi iki il əvvəlki dövrlə müqayisədə 285 milyon dollar həcmində az olacaq, CNN xəbər verir. Bu, BMT Baş katibi Antonio Qutyeresin oktyabrda razılaşdığı ixtisar həcmindən 85 milyon çoxdur.
Bu qərarı Amerika tərəfi və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli şəxsən təşviq edib. “Biz bundan sonra BMT-nin amerikalıların səxavətindən sui-istifadə etməsinə imkan verməyəcəyik”, – deyə o bildirib.
2016-2017-ci illərdə BMT-nin büdcəsi 5,39 milyard dollar təşkil edirdi. Büdcəyə ən böyük ödəməni ABŞ edir. Yeni büdcədə ABŞ-ın payının necə dəyişəcəyi bəlli deyil.
ABŞ və BMT arasında münaqişə dekabrın 21-də, bu təşkilata üzv ölkələrin əksəriyyəti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarını pisləməyin lehinə səs verdiyi zaman başlayıb.
Bu səsvermə öncəsi Tramp qərarının pislənməsi lehinə səs verəcək ölkələri maliyyə dəstəyinin azaldılması ilə təhdid etmişdi.