Bloq: ikinci Qarabağ müharibəsinin canlandırdığı birinci müharibə haqda xatirələr
Armine Martirosyan tanınmamış Dağlıq Qarabağ Respublikasındandır. Öz bloqunda o, birinci Qarabağ müharibəsi (1991-1994) ərəfəsində polis dəyənəyinin təsadüfən onun əlinə keçməsi və ikinci müharibə (sentyabr-noyabr 2020) zamanı rəmzi rol oynaması haqda danışır.
“Bu polis dəyənəyi 1988-ci ildə əlimə düşüb və uzun, mürəkkəb yol keçib, baxmayaraq ki, o vaxtdan bəri təyinatı üzrə istifadə olunmayıb.
Bu, Stepanakert (Xankəndi) küçələrində xüsusi təyinatlıların sıx kordonlarının sıralandığı zaman idi. Onlar tam təchizatlı olurdular: dəbilqə, dəyənək, qalxan, qaşlarının altından zillənən sərt baxışlar.
Ermənistan və Azərbaycan arasında silahlı münaqişə 1991-1994-cü illərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və ətraf rayonların ərazisində baş verib. 1987-ci ildən DQMV-nin Ermənistan SSR-in tərfibinə verilməsini tələb edən erməni icmasının kütləvi mitinqqləri daha sonra hərbi əməliyyatlara keçib.
Gündüz xüsusi təyinatlılar əsasən mitinqlərin keçirildiyi mərkəzi meydanın ətrafına düzülürdü, gecələr isə əsgərlər avtobuslarda yatırdı. Avtobusların bir neçəsi bizim evin qarşısında da dayanırdı.
Bir tərəfdən erməni icmasının qorxusu vardı. Digər tərəfdən əminlik vardı ki, mərkəz çaxnaşmaya imkan verməz. “Kreml imkan verməz!” – özümüzə deyirdik.
Axşamları radio-qəbuledici qarşısında keçirirdik. Saat 7-də qonşularla “Amerikanın səsi”ni dinləyirdik, saat 10-da isə televizora baxırdıq, Moskvanın “Vremya” informasiya proqramı “Dağlıq Qarabağ və ətrafındakı vəziyyət” haqda son xəbərləri verirdi.
Əvvəlcə bizi “ekstremist” və “separatçı” adlandırdıqlarını eşidəndə çox qəzəblənirdik. Sonra alışdıq, daha sonra isə bu hətta bizim üçün iltifat kimi oldu.
Qonşuluğumuzda sovet hərbi hissəsi yerləşirdi, hər səhər biz əsgərlərin sıra mahnılarının səsinə oyanırdıq. Su xətti elə qurulmuşdu ki, bütün ətrafda yaşayış evlərinə su hərbi hissənin ərazisindən keçib gəlirdi və orada ümumi ventil qoyulmuşdu. Tezliklə hərbçilər əhvallarına görə suyu bağlamağa başladılar.
Biz, rayon sakinləri küçədəki bulaqdan suyu vedrələrə və çəlləklərə doldurmalı olurduq, orada sonsuz növbələr yaranırdı.
Amma tezliklə məhəlləmizin uşaqları problemin həllini tapdılar. Onlar əsgərləri araq şüşəsi ilə satın alırdılar, onlar da suyu açırdı.
Bir dəfə səhər tezdən növbəti dəfə su dalınca getdiyim zaman orada bir xüsusi təyinatlı gördüm. O, səs-küylə əl-üzünü yuyur, soyuq suyu üzünə, çiyinlərinə, qollayına çırpırdı. Sonra isə dəyənəyini bulağın yanında unudub getdi.
Bu, mənim birinci Qarabağ müharibəsindən qənimətim oldu.
2020-ci ilin sentyabrında ikinci Qarabağ müharibəsi başladı. Stepanakertə noyabrın 14-də, atəşkəs elan olunandan sonra qayıda bildim.
Qarabağ zonasında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında silahlı münaqişə 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edib. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, o cümlədən də Ermənistanın baş naziri tərəfindən hərbi əməliyyatların dayandırılması haqda razılaşma imzalayıblar. Razılaşmaya əsas maddələr olaraq aşağıdakılar daxil edilib: Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycanın nəzarətinə qaytarılması; regiona Rusiya sülhməramlılarının yerləşdirilməsi; əsirlərin dəyişdirilməsi və qaçqınlarn qayıtması.
Müharibədən sonrakı şəhərlə bağlı təəssüratlar o qədər də yaxşı deyildi. Axşam gec saatlarda gəlib çıxdıq. Küçələr qaranlığa bürünmüşdü, ancaq bir neçə pəncərədə işıq yanırdı. Evlərdə qaz yox idi, mağazalar işləmirdi.
Bu zaman küçələrdə nadir rast gəlinən insanların üzlərində çaşqınlıq, etibarsızlıq, eyni zamanda qəzəb və “nə etməli?” sualına cavab axtarışı vardı. Heç kim nə edəcəyini bilmirdi.
Mən yenə də Yerevana gedirdim, mənzili dolaşdım ki, özümlə xatirə olaraq dəyərli bir şey götürüm. Adətən vətəni tərk edərkən insanlar xatirə olaraq nəsə götürür. Kimsə bir ovuc torpaq, kimsə şəkil. Mən isə öz “qənimətimi” – dəyənəyi götürdüm, hələ də bilmirəm ki, niyə.
İndi, 30 il keçəndən sonra Qarabağda yenə də su problemi aktualdır. Amma artıq 1988-ci ildəki kimi lokal miqyasda yox.
(Tanınmamış) DQR-in XİN-i ATƏT-in Mİnsk Qrupunun hıımsədrlərinə Kəlbəcərdə [birinci Qarabağ müharibəsindən sonra Ermənistanın nəzarəti altına keçən Azərbaycanın yeddi rayonundan biri. İkinci Qarabağ müharibəsindən sonra isə yenidən Azərbaycanın nəzarəti altınna qayıdıb – “Trayektoriya” layihəsi] beynəlxalq monitorinq mexanizmi yaradılması çağırışı ilə müraciət edib.
Qarabağda istifadə olunan su mənbələrinin başlanğıcı məhz oradan gəlir.
“Əks halda Artsax (Qarabağ) xalqının əsas hüquqlarından biri – su hüququ pozulacaq və onun [Qarabağ xalqının] mövcudluğu yenidən faktiki təhlükə altına düşəcək”, – Qarabağ XİN-in müraciətində deyilir.
Cəmiyyətdə müzakirə edirlər ki, bəlkə “satın almağın” vaxtı yetişib.
u hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.