Ermənistanda yetkinlik yaşına çatandan sonra həyatı uşaq evində keçənlərin taleyi necə olur?
Qəhvənin xoş ətri iki mərtəbəli evin mətbəxinə yayılır. Qəhvə ağappaq fincanlara süzülür. Otağın küncünə yığışan qızlar qəhvə içə-içə son xəbərləri, öz həyatlarını və gələcək planlarını müzakirə edirlər.
Onların hər biri həyatını Ermənistanın müxtəlif uşaq evlərində keçirib. 18 yaşları tamam olandan sonra isə əşyalarını toplayıb, oranı tərk etməli olublar.
“Çoxlarının getməyə heç bir yeri yox idi, gedim küçədə yaşamaqdan başqa çarə qalmırdı”, – Qavar uşaq evindən gələn və artıq dörd ildir ki, burada yaşayan 25 yaşlı Marqarita Qriqoryan deyir.
“Bizim ev” təşkilatı artıq uzun illərdir ki, öz gücü ilə uşaq evlərinin məzunu olan qızlara kömək etməyə çalışır. Onlar Yerevanın 12 kilometrliyində yerləşən Eçmiadzin şəhərindəki bu evdə yaşayırlar. Oxuyurlar və ya iş axtarırlar, ayağa qalxana qədər.
“Bu, gözəl bir şansdır – müvəqqəti yaşayış yeri və təhsil almaq imkanı verilir. Biz həm də ev işlərini görməyi öyrənirik ki, bu da bizə gələcəkdə, öz ailələrimiz olanda lazım olacaq”, – Marqarita danışır.
Qaydalara görə 18 yaşından sonra getmək lazımdır
Ermənistanda uşaq evlərinin yetirmələri 18 yaşına çatandan sonra bu evləri tərk edirlər. Bu zaman da çox sayda problem və çətinliklərlə, ən əsası da evlərinin olmaması problemi ilə üzləşirlər. Çoxu sözün həqiqi mənasında küçədə qalır.
1991-2012-ci illərdə uşaq evlərini 498 gənc tərk edib. Dövlət Dəstəyi Proqramı çərçivəsində onlardan 193 nəfəri ödənişsiz mənzillə təmin olunub. Daha sonra 2016-cı ilin fevralına qədər olan dövrdə uşaq evlərinin 217 məzunu da bu cür “sosial mənzil” alıb.
“Sosial evlərdə” həyat necə qurulub?
Bu, faktiki olaraq, uşaq evinin davamıdır. Fərq yalnız ondadır ki, kommunal xidmətlərə görə ödənişlər uşaq evinin və donorların hesabına edilir, gənclər isə yemək və paltar alır, bir ailə kimi yaşayırlar. İşləyənlər digərlərinə kömək edir.
Burada gənclərlə birlikdə tərbiyəçi də yaşayır.
Sosial evlər uşaq evləri və müstəil həyat arasında keçid mərhələsi kimi nəzərdə tutulub.
İrimiqyaslı sui-istifadələr
2009-cu ildə Nəzarət Palatası uşaq evləri məzunlarına evin verilməsi prosesini yoxlayıb və ciddi sui-istifadələr aşkar edib. 2008-ci ilə qədər alınan 149 mənzilin əksəriyyətində yaşayış şəraiti qənaətbəxş olmayıb, 28-də isə ümumiyyətlə yaşamaq mümkün deyilmiş və gənclər onlardan imtina ediblər.
“Geniş miqyaslı pozuntular bu uşaqları normal yaşamaq imkanından məhrum etdi”, – Nəzarət Palatasının başçısı İşxan Zakaryan parlamentdə bildirib. Ümumilikdə 1,5 milyard dram (təxminən 4 milyon dollar) israf edilib.
Uşaq evlərinin yetirmələri illərlə öz növbələrini gözləyir. Çoxları yataqxanalarda və sosial evlərdə yaşayır. Yaxşı qazananlar mənzil kirayələyir.
Qızlar üçün “Bizim ev” – o necə işləyir?
Bu fonda “Bizim ev” təşkilatı uşaq evlərinin məzunlarına öz həyatlarını qurmaq üçün yaxşı imkandır.
Bura köçməzdən əvvəl onlar təşkilatın rəhbərliyi ilə müqavilə bağlayırlar, burada tərəflərin hüquq və vəzifələri göstərilir. Təhsil almaq, ali məktəbə qəbul olunmaq istəyənlərə üstünlük verilir.
Qızlar “özlərini ədəbli aparmağa, təşkilatın daxili nizam qaydalarına riayət etməyə, vaxta hörmətlə yanaşmağa” söz verirlər. Təşkilat isə onları lazım olan hər şeylə təmin etməyi öz üzərinə götürür.
“Bizim ev”in əsası 2005-ci ildə qoyulub, 2006-cı ildə isə özünün ilk sakinlərini qəbul edib. Proqram ABŞ-dan olan erməni əsilli xeyriyyəçi Culiya Arşekyanın hesabına həyata keçirilib. Onun ölümündən sonra anasının işini oğlu davam etdirib. Təşkilatın mərkəzi ofisi də ABŞ-da yerləşir.
“18 yaşlarına qədər onlar dövlətın hesabına yaşayır. Bəs 18 yaşlar tamam olandan sonra hara getsinlər, nə etsinlər, onları hansı tale gözləyir? Bizim Qavar uşaq evindən çıxan qızların pis yola düşdüyünü görmək çox ağrılıydı. Mən görürdüm ki, çoxları təhsil almağı arzulayırdılar”, – təşkilatın rəhbəri Tiqranuhi Karapetyan danışır.
O deyir ki, əvvəlcə oğlanlar üçün ayrıca filial açmaq ideyası da olub.
“Amma anladıq ki, bu halda bizim xərclərimiz imkanlarımızı aşacaq”, – Tiqranuhi Karapetyan qeyd edir.
Bütün fəaliyyət müddəti boyu “Bizim ev”də 63 qız özünə sığınacaq tapıb. Onlardan 19 nəfəri elə “Bizim ev”dən gəlin köçüb və təşkilata artıq 26 nəvə bağışlayıblar. Tiqranuhi Karapetyan deyir ki, bu təşkilatı yaradanda heç vaxt düşünməzdi ki, onun yanına himayəsində olan qızlara elçi düşənlər gələcək.
“Bizim üçün bu, böyük bir məsuliyyəti idi, amma bunun da öhdəsindən gəldik. Qızlarımız uşaq evləri məzunlarının yaxşı həyat yoldaşı, gəlin və ana ola bilməyəcəyi ilə bağlı cəmiyyətdə mövcud olan stereotipi sındıra bildilər. İndi bu nikahların sayəsində haqqımızda daha yaxşı düşünürlər”, – Tiqranuhi deyir.
Hekayələr
6 yaşından uşaq evində yaşayan 28 yaşlı Ani Tsarukyan sonra “Bizim ev”ə gəlib, indi də artıq 4 ildir ki, ailəlidir. Onun sözlərinə görə, əvvəl qorxurmuş ki, uşaq evindəki keçmişinə görə qınaq yiyəsi olacaq, amma ərinin ailəsi heç vaxt bu mövzuya toxunmayıb.
“Yeni şəraitə, yeni insanların arasına düşmək bir az qəribəydi, amma yaxşı münasibətlə qarşılaşanda tez öyrəşirsən. Əvvəlcə onlar bizim evlənməyimizə qarşıydı, amma mənimlə tanış olandan sonra razılıqlarını verdilər. Yoldaşım Ayk onlara dedi: istəsəz də, istəməsəz də qərarım qətidir, mən bu qızı seçmişəm”.
“Bizim ev”ə Qavar uşaq evindən gələn 32 yaşlı Ani Arakelyan bir il əvvəl ailə qurub.
“Mən dəqiq nə anam, nə də atam kimi olmayacam. Elə hallar olub ki, qızlarımızı uşaq evindən çıxdığı üçün qınayıblar. Amma bəyənmirlərsə, evlənməsinlər. Yox, evlənirlərsə, sonra buna görə qınamasınlar”, – Ani deyir.
Müxtəlif səbəblərdən uşaq evlərində böyüyən qzılar öz ailələrinə dəyər verirlər: onlar üçün ailə ocağı dəyərdir.
“Qucaqlarında körpələri ya da hamilə vaxtlarında gəlib bizə baş çəkirlər, bu, çox xoşdur. Özləri tez-tez bizimlə bölüşürlər, qızlar təəccüblənirlər ki, necə öz anaları onları indi övladları yaşlarında olanda atıb gedə biliblər”, – Tiqranui deyir.
21 yaşlı Lena Petrosyan özünü xatırladığı müddətdə müxtəlif uşaq evlərində yaşayıb. 18 yaşından sonra anasının yanına qayıdıb, sonra yenə də uşaq evinə gəlib.
“Öz istəyimlə oranı tərk etdim – orada mənim gələcəyim üçün heç nə yoxuydu, o cür həyat istəmirdim. Uşaqlıqdan uşaq evlərində yaşamışam, bəlkə də ona görə ki, anamla bir-birimizi başa düşmürdük. Bura məni təhsil almaq arzusu gətirib. İndi tibb bacısı ixtisası üzrə oxuyuram”, – Lena danışır.
Tiqranui Karapetyan qeyd edir ki, biznes proqramlarını həyata keçirmək planları da var ki, yetirmələri elə təşkilatın daxilində işə düzələ bilsinlər.
“Biz təhsil veririk, amma bu qızlar iş tapa bilmirlərsə, neyləsinlər? Oturub, ərə getməyi gözləsinlər? İstəyirəm ki, onlar işləsinlər, bunun əhəmiyyətini anlasınlar. İş açmağı düşünürük. Qızlarımız hər sahədə bacarıqlıdır – həm mətbəxdə, həm xalça toxumaq işində, xarici dillər də bilirlər”, – təşkilat rəhbəri deyir.
Marqarita Qriqoryan qeyd edir ki, “Bizim ev”də onun demək olar ki, bütün arzuları çin olub, Yerevan Dövlət Universitetinin mədəniyyətşünaslıq fakultəsini bitirib, turizm kursunu keçib, indi də iş axtarır. Bir qədər əvvəl isə Vanadzor uşaq evindən bacıları Arpine və Marietta da onun yanına köçüb.