“Bizi buna məcbur etdilər” – Gürcüstanın mədən rayonu Çiaturada etiraz iştirakçıları ağızlarını tikiblər
Gürcüstanın mədən rayonu Çiaturada kənd sakinləri etiraz əlaməti olaraq ağızlarını tikiblər
Qərbi Gürcüstanın mədən rayonu Çiaturanın Şukruti kəndinin üç sakini manqan hasilatı ilə məşğul olan Georgian Manganese Ltd. Şirkətinin dağıdıcı fəaliyyətinə qarşı keçirilən kütləvi etirazlara hakimiyyətin diqqətini tələb edərək ağızlarını tikiblər.
Etirazın digər on iştirakçısı aclıq elan edib.
Çiaturada etirazlar 2021-ci il aprelin 23-də, ətraf kəndlərdə mədənçilər və fermerlər danışıqlar zamanı problemlərinin həllinə nail ola bilmədikdən sonra başlayıb. Əsas tələblər ekolojidir, çünki manqan hasilatı üzrə işlər ətraf mühitə ciddi ziyan vurub. Bəzi evlər də ciddi zərər çəkib və vəziyyət getdikcə pisləşir.
Etiraz iştirakçıları işlərin dayandırılmasını, kompensasiya ödənməsini, həmçinin problemlərin həllinə hökumətin cəlb olunmasını tələb edirlər.
Mütəxəssislərin dəyərləndirməsinə görə, Gürcüstandakı manqan filizləri yüksək keyfiyyəti, böyük sənaye ehtiyatları və rahat coğrafi vəziyyəti ilə fərqlənir. Çiatura yatağının emalı 1879-cu ildən başlayıb. 1990-cı illərə qədər 203 milyon ton xam filiz, 108 milyon ton hazır məhsul əldə olunub. 1990-cı ildə manqan hasilatı kəskin azalıb. “Çiaturmanqan” müəssisəsinin özəlləşdirilib, reabilitasiyası yönündə çoxsaylı uğursuz cəhdlərdən sonra Ətraf Mühitin Mühafizəsi Nazirliyi 2006-cı il noyabrın 11-də tender elan edib. Qalib gələn şirkət Çitaura yatağında faydalı qazıntıların hasilatı hüququnu və “Çiaturmanqan” ASC-nin bütün aktivlərini əldə edib.
Əhali nəyə etiraz edir?
Şukruti kəndinin sakinləri bildirirlər ki, manqan hasilatı metodları bir çox evləri qəzalı vəziyyətə gətirib, insanlar daima həyat və sağlamlıqlarına görə qorxu içində yaşayırlar.
85 gün ərzində davam edən danışıqlar nəticəsində heç nəyə nail ola bilmədikləri üçün hazırkı kəskin etiraz formasına keçmək qərarı alınıb. Çiatura rayonunun inzibati binası qarşısında çadır qurmaq cəhdlərinin də qarşısı alınıb.
Dağılan evlər Şukrura sakinlərini narahat edən yeganə problem deyil. Mədənin həyətyanı sahələrin altından keçməsi torpaqda çatların əmələ gəlməsinə və kənd təsərrüfatı üçün yararsız hala düşməsinə səbəb olub.
“Evlər başımıza uçur, torpaq çat verib. Mer Givi Modebadze bizə çadır qurmağa icazə vermədi. Biz heç bir vasitə ilə nə şirkətin, nə də hökumətin diqqətini çəkə bilmədik. Budur, biz etirazın kəskin formasına keçməyə məcburuq”, – yerli sakinlər bildiriblər.
Şukruta kəndi yardım üçün Xalq Müdafiəçisinə müraciət edib.
Manqan hasilatı metodlarına qarşı hazırkı etiraz bu regionda ilk deyil. Uzun illər böyu hakimiyyət filiz hasilatı nətcəsində dəyən genişmiqyaslı ekoloji zərərin öhdəsindən gələ bilməyib, baxmayaraq ki, vəziyyətə nəzarət üçün dövlət tərəfindən xüsusi menecer təyin olunub.
Etirazın ilk mərhələsində, apreldə etirazçılara mədən işçiləri də qoşulub. Onlar əməkhaqlarının 50 faiz qaldırılmasını, sığorta paketlərinin yaxşılaşdırılmasını, muzdlu işçilərə əmək müqavilələrinin verilməsini, ağır yük maşınlarının şəhərdə hərəkətinin qadağan olunmasını tələb edirdilər.
Bu məsələlər üzrə şirkət və əməkdaşlar arasında razılıq əldə edilib və onlar iş yerlərinə qayıdıblar.