Gürcüstanda 3 min mədənçi tətil elan edib, Çiaturada obyektlər dayandırılıb
Qərbi Gürcüstanın İmereti regionunun Çiatura şəhərində Georgian Manganese şirkətinin və törəmə şirkətlərinin üç minə yaxın əməkdaşı tətil elan edib. Əsas tələbləri əməkhaqqıların 50 faiz qaldırılması, sığorta paketlərinin yaxşılaşdırılması, muzdlu işçilərlə əmək müqaviləsinin bağlanması, böyük yük nəqliyyatının şəhərin içindən keçməsinə qadağa qoyulması, şəhərdə və ətraf kəndlərdə ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasından ibarətdir.
Çiaturada və ətraf rayonlarda kütləvi şəkildə havanın, içməli suyun və Kvirila çayının çirklənməsi baş verir, filizin hasilatı və zavod emalı məsuliyyətsiz şəkildə aparıldığı üçün torpaq yararsız vəziyyətə düşür – tətil iştirakçıları bildirirlər.
İnformasiyanı İdarəetmə Monitorinqi Mərkəzi (GMC) yayıb.
Tətil Georgian Manganese şirkətində çalışan sürücülərin səhiyyə nazirinə məktub ünvanlaması ilə başlayıb. Məktubun tərtib olunması üçün onlar həmkarlar ittifaqına müraciət etməyiblər və fərdi hüquqşünasın yardımından yararlanmağa üstünlük veriblər.
Danışıqlar zamanı şirkət rəhbərliyi hər bir işçinin maaşını 250 lari [72 dollara yaxın] artırmağı təklif edib – Gürcüstanın Həmkarlar İttifaqlarının nümayəndəsi Tamaz Dolaberidze bildirib. Amma bu təklif qəbul edilməyib. Tətil davam edib, iştirakçılar siyahıdakı bütün tələblərinin yerinə yetirilməsini tələb edirlər.