“Biz 2020-də qalmışıq”
Qarabağ münaqişəsi
“Şəhid xəbəri gələndə, elə bilirəm ki, Elsevəri yenidən gətirirlər. İndi də deyirəm, necə dözə bildim, necə dəli olmadım? Təbiətən sakitəm, səs-küylü ağlaya bilmirəm. Adam var ki, səslə, ya necəsə ağrını, dərdi içindən çıxara bilir. Mən onu edə bilmirəm. Ancaq içimdə çəkirəm. Həmişə elə onu deyirəm ki, 2020-də qalmışıq. Bizim üçün heç nə yenilənmir. Bir yerə gedirəm, ancaq Elsevərin sağ olduğu vaxtlar gözümün önünə gəlir. Elsevərlə belə getmişdik, Elsevər bunu etmişdi. Evdə də bir şey olanda Fəridlə sözümüz-söhbətimiz odur. Nəsə baş verəndə deyirik ki, bax, Elsevər olsaydı belə deyərdi, belə edərdi. Hələ ki belə yaşayırıq. Xatirələrlə”.
Dilbər Əhədzadə Zabrat qəsəbəsində inşa edilmiş yeni şəhərcikdə yaşayır. İkinci Qarabağ müharibəsinə iki oğul göndərib. Biri qayıtmayıb. Rayondan Bakıya köçəndən sonra Dilbər illərlə yataqxanada şəraitsiz iki göz otaqda yaşayıb. Müharibəyə göndərdiyi iki oğlunu da elə orada böyüdüb. Oğlu şəhid olduqdan sonra isə dövlət ona təmirli, işıqlı iki otaqlı mənzil verib. Ana mənzili girişindən hər künc-bucağına qədər Elsevərin fotoları, xatirələri ilə bəzəyib. Gözünü müharibədə yaralanan qazi oğlu Fəridə və “nə vaxtsa sağalar” dediyi insult xəstəsi ərinə dikib.
Bakıdan 30 km uzaqda yerləşən Zabrat qəsəbəsində Birinci Qarabağ müharibəsindən sonra köçkün düşən ailələr üçün şəhərcik salınıb. Amma 2020-ci ilin payızından sonra ərazilərin Azərbaycanın nəzarəti altına qayıtması nəticəsində köçkünlərin öz doğma torpaqlarına qayıdacaqları nəzərdə tutulduğu üçün yeni tikilən bu binalardakı mənzillər kompensasiya olaraq İkinci Qarabağ müharibəsində şəhid olanların və müharibə veteranlarının ailələrinə paylanıb.
Şəhərciyin yolu boyunca şəhid posterləri sırayla düzülüb. Gənc, hərbi geyimli, gülər simalar müharibəni xatırladır. Çox mənzilli binalar, geniş, təmiz həyətlər insandan, səs-küydən qıtdır.
“Sentyabrın 21-i səhər hərbi komissarlıqdan zəng gəldi. Elsəvər onda işdəydi. İşdə telefondan istifadəyə icazə vermirdilər deyə həmişə telefonunu bağlı saxlayırdı. Ona görə, atasının telefonuna zəng vurublar. Mən açdım. Dedilər ki, təcili özünü komissarlığa çatdırsın. Axşam gələndə dedim. Qardaşını bir az gözlədi ki, görüb getsin, çox istəyirdi axı onu. Fərid onda işdən gec gəlirdi. Gecikirdi, gözləyə bilmədi, getdi”.
Dilbərin son cümlələrini hıçqırtılar bölür, söhbəti saxlayıb oğlunun çölə çıxmasını istəyir:
-Fərid, sən çıx.
“Onun yanında ağlaya bilmirəm. O da mənim yanımda ağlamır. İki il ötüb, elə bilirəm, hər şey dünən olub. Təlim adıyla aparmışdılar. Elsevər bir həftə Bakıda qaldıqdan sonra cəbhəyə göndəriblər. Elə həmin həftə də Fəridi apardılar, ayın 29-da. Fəridi aparıb özüm yola saldım”.
Ermənistan və Azərbaycan arasında 30 ildən artıqdır davam edən Qarabağ münaqişəsinin ikinci mərhələsi 2020-ci il sentyabrın 27-də başladı. Azərbaycan və Ermənistan arasında 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfi Qarabağın bir hissəsi və ətraf yeddi rayona nəzarəti bərpa etdi. Qanlı döyüşlərdə hər iki tərəf çoxsaylı itkilər verdi. Ötən vaxt ərzində tərəflər sülh quruculuğuna nail ola bilməyiblər.
Dilbər Əhədzadə oğlu şəhid olan günə qədər ön cəbhədə olduğunu bilməyib. Hər iki övladı döyüş bölgəsində olduğunu ondan gizlədib.
“Oktyabrın 15-də Fərid yaralanıb. Bilməmişəm. İki gün ondan xəbər çıxmadı. Onunla birgə gedən qohumumuz vardı, onun şəhid xəbəri gələndə narahat oldum. Başladıq axtarmağa. Şəhid, itkin siyahılarını yoxlatdıq. İki gündən sonra Fərid zəng vurdu, amma yaralı olduğunu demədi. Elsevərlə də hər gün danışırdım.
21-i – şəhid olan günü də danışmışdım Elsevərlə. Səhər tezdən idi. Bizə dua edin deyirdi. Fəriddən ötrü narahat idi. Onun geri qayıtmasını istəyirdi. 24-ü axşam gətirdilər. Millət yığılıb binanın qarşısına, dəhlizə. Qonşulara da deyiblər ki, mənə xəbər eləsinlər, amma heç kəs ürək etməyib.
Biz də onda yataqxanada qalırdıq. Dəhlizə çıxanda qəribə oldum, hamı üzümə baxır, daha da qəribə oluram, soruşuram heç nə demirlər, dəli oluram. Sonra mənə yaxınlaşıb Elsevərin yaralandığını dedilər. Dedim ki, yaralansa bura niyə gətirirlər, xəstəxanaya apararlar da.
Yoldaşım ağlaşma səslərini eşidəndə əvvəl yaralandığını dedik. Sonra dəfn olunacağı yer üçün məsləhət alanda öyrəndi, vəziyyəti ağırlaşdı. Elə eşitdik, elə bildik… Fərid isə bir də müharibədən qayıdandan sonra öyrəndi. Beləcə bir-birimizi aldada-aldada, gizlədə-gizlədə… Elə bu gün Şəhidlər Xiyabanına getmişdim, bütün analar ordaydı. Öyrəşə bilmirik, barışa bilmirik ”.
Dilbər Əhədzadənin təsəllisi kiçik oğlu Fəriddir. Müharibədə yaralansa da, əli-ayağı yerində gəlməsinə şükür edir. Övladlarını iki göz otaqda zülm-zillətlə böyütdüyü illəri xatırlayanda isə boş yerə əziyyət çəkdiyi hisslərinə qapılır.
“Elsevər körpə vaxtı ağlağan idi. Dəcəl idi, çox dəcəl idi. Həmişə ona görə mənə şikayət gəlirdi. Qaynayan uşaq idi. Tərbiyəli idi amma. Dost kimi olmuşduq, heç vaxt onları qorxutmamışam, vurmamışam. Elə atası da. Ona görə hər nə olsa çəkinmədən gəlib mənə deyirdilər. Heyif, qismət beləymiş. Əziyyət çəkdi, ali məktəbə daxil oldu. Böyüyüb təmkinli, halal uşaq olmuşdu. Az dostu vardı, amma hamısı da özü kimi idi”.
İkinci Qarabağ müharibəsindən sonra da tərəflər arasında zaman-zaman toqquşmalar baş verir. Dilbər şəhid xəbərləri gələndə kədərinin yeniləndiyini söyləyir.
Elsevər və Fərid Əhmədzadələr əsgərlik illərini eyni hərbi hissədə başa vurublar. Ana danışır ki, oğlu Fərid üçün qardaşının yoxluğu daha çətindir:
“Fərid üçün çox ağırdır. Onun təkcə qardaşı şəhid olmayıb. Bizə təsəlli olmaq üçün ağlamır, özünü sıxır. Qıymır. Müharibədən söz düşəndə, elə danışır, elə bil kurorta gedibmiş. Amma mən onun da qanlar gördüyünü, yeri gələndə şəhid daşıdığını bilirəm. Yemək daşıyanda minomiyot düşüb, ayaqları yaralanıb. O günlərdə ad günündə dostlarıyla yığışmışdılar. Elsevərlə ad günlərində bir-birləri üçün nəsə təşkil edərdilər. Axşam gəldi. Otağına girəndə gördüm ağlayır. Elə bircə bu sözü deyə bildi ki, mama çıx çölə. Bircə dəfə onda ağlayanda görmüşəm. Tək qoydum ki, ürəyini boşaltsın. Mən yenə evdə o işə gedəndən sonra ağlayıram. O isə bizə görə ağlaya da bilmir. Qəbir üstünə ayrı-ayrı gedirik”.
Şəhid anasını təəssüfləndirən hələ də sülhün bərqərar olmamasıdır. Sual edir ki, əgər sülh olmayacaqdısa, torpaqlar tam alınmayacdısa bu qədər can niyə qurban verilirdi:
“Düzdür, mən bu söhbətləri özümdən uzaqlaşdırıram. Amma oturmuşdu da balam yanımda. Yalan deməyəcəm, bir də müharibə olsa, Fəridi göndərmərəm. Elsevər onsuz da cənnəti bu dünyada qazanmışdı. Bütün arzu elədiklərini də bizim üçün qoydu getdi. Neçə il yataqxanada yaşamışdıq, evimiz olsun istəyirdi. İndi onun evində oturmuşam”.
Söhbətimiz bitdikdən sonra Dilbər oğlunu otağa çağırır, çay süzür, Fəridin ali məktəbə hazırlaşdığını söyləyir. Fərid imtahanların çətinliyindən, diplomun iş tapmaq üçün vacib olduğundan danışır. Bayaq dərdini oğlunun yanında danışa bilməyən, gözlərini bir-birindən qaçıran ana və oğul başqa şəhid ailələrinin çətinliklərini sadalayırlar.
Dilbər məni yola salanda şəhərcikdə az sayda şəhid və qazi ailəsi yerləşdirildiyini söyləyir. Digər mənzillərin isə satışa çıxarıldığından xəbər tuturam. Bura axşam saatlarında da səssizdir. Həyətlər işığa qərq olsa da, binalarda tək-tək mənzillərdə işıq yanır. Odun düşdüyü yerlər kimi…
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.