“Biri 10 qəpiyə alışqan doldurub, xeyli pul qazanırdım” – Həşimin uğura aparan yolu
İlk qazancını 7-8 yaşlarında atasının maşınını yumaqla, toylardan sonra içki şüşələrini təhvil verməklə qazanıb. 13-14 yaşında isə yeni qazanc yolları tapıb, özünü təmin etməyi bacarıb. Onun fikrincə, Azərbaycanda magistratura təhsili boş enerji sərfidir. On ildən sonra isə özünü ABŞ-da şəxsi biznesi olan iş adamı kimi görür.
- Ömürlük damğa. Azərbaycanda keçmiş məhkumlar problemlər məngənəsində
- Azərbaycanda bullinqə məruz qalan 16 yaşlı məktəblini müdafiə edən tapılmır
- Bakıda “Qadına qarşı zorakılıq nədir?” kitabının təqdimatı keçirilib
JAMnews oxucularına Həşim adlı maraqlı gəncin hekayəsini təqdim edir.
10 qəpiklərlə toplanan şəxsi büdcə
“Özümü dərk etmədiyim zamanlarda, təxminən 7-8 yaşlarımda belə çalışırdım ki, öz pulumu qazanım. Fikirləşirdim ki, kimdənsə nəsə istəmədən hər şeyi özüm ala bilərəm. Belə işlər görərək sevinirdim ki, öz pulum var.
Atam alışqandan istifadə edirdi. Alışqan bitəndə isə yenisini alırdı. 1 manata marketdən qaz balonu aldım. Hər dəfə alışqanı 10 qəpikdən doldurur və pul qazanırdım. Eyni vaxtda bir neçə belə iş görürdüm, çünki hamsından qəpik-quruş qazanırdım”.
Həşimin 26 yaşı var. Balakəndə anadan olub. Bakalavr təhsilini Qafqaz Universitetinin pedaqogika fakültəsində alıb. Təhsil aldığı müddətdə “Çay saatı”, “Azərbaycan çağırır” kimi layihələr həyata keçirib və gənclərin onlara nümunə ola biləcək insanlarla tanış olmasına vasitəçilik edib. Bundan əlavə, özünə vaxt ayıraraq, hobbiləri ilə də məşğul olub, “Excel”, “Photoshop”, “Illustrator”, “PremierPro” kimi kompüter proqramlarında işləməyi sərbəst şəkildə internet vasitəsilə öyrənib.
“13-14 yaşlarımda isə təmirə ehtiyacı olan telefonları alırdım. Dostumla həmin telefonları daha ucuz qiymətə düzəltdirib digər insanlara satırdım. Bununla xeyli pul qazanırdım. Hətta getdiyim hazırlıqların pulunu belə bu şəkildə toplaya bilirdim”, – deyən Həşimin Bakıya gələndən sonra isə ilk işi redaktə olub.
Bir layihə üçün yazılar, ssenarilər hazırlayıb, redaktə edib. Bakıda ilk qazandığı pul 50 manat olub.
Təcrübə proqralarında könüllü kimi də fəaliyyət göstərib. Eyni zamanda, gələcəkdə xaricdə təhsil almağı planladığı üçün universitet dərslərini də yüksək qiymətlərlə davam etdirib.
“Universitet dövründə qazandığım 50 manat da, 200 manat da mənim üçün böyük məbləğ idi. Həm də düşünürdüm ki, məzun olduqdan sonra daha yaxşı iş tapa bilməyim üçün indi gördüyüm işlər xeyli kömək olacaq. Çünki şirkətlər təcrübəsiz işçi istəmir və təcrübəsiz işçinin maaşı da qənaətbəxş olmur”.
Həşim hal-hazırda rəqəmsal marketinqlə məşğuldur və sosial mediada faydalı məlumatları yazı halına gətirərək izləyiciləri ilə bölüşür. İşdən əlavə hobbilərinə də vaxt ayırır. Boş vaxtlarında bədən dili, fəlsəfə və psixologiyayla bağlı videolara baxmağı, məlumat toplamağı sevir.
“İdmanı və səyahəti çox sevirəm. Fürsət yarada bildiyim qədər səyahət etməyə çalışıram. Yeni yerlər kəşf etmək, yeni insanlar tanımaq həyatı daha əyləncəli edir. Həyatın digər üzlərini görmək, fərqli mədəniyyətləri öyrənmək, müşahidə etmək mənə həyat eşqi verir. Hər gün gəzintiyə vaxt ayırıram. Müəyyən məsafə qət etməyə, sağlam qidalanmağa çalışıram. Velosiped sürmək, dostlarımla vaxt keçirmək mənə enerji verir. Eyni zamanda yeni dil öyrənməyə çalışıram.”
“İlk uğurum sözümü rahat deyə bilməyim olub”
Həşim deyir ki, ilk uğurum uşaq vaxtlarında öz sözümü rahat deyə bilməyim olub.
“Özümü dərk edəndən sonra verdiyim ən uğurlu qərar keçən il psixoterapiyaya başlamağım olub. Kimləsə yaşadıqlarımı, hiss etdiklərimi bölüşmək, özümü sorğulamaq özümə etdiyim ən böyük yaxşılıq idi”.
“Azərbaycanda magistraturada təhsil almaq enerji israfıdır”
“Gənclərin Azərbaycanda çox çətinliklərlə üzləşdiyini düşünürəm. Sosial vəziyyət, mentalitet, düşüncə tərzi, köhnə nəslin yeni nəsil gəncləri sıxışdırması gənclərə pis təsir edir. Zaman-zaman bunları özüm də yaşamışam, amma çox fikir verməməyə çalışıram.
Xaricdə təhsil almağa fokuslanmışam, çünki Azərbaycanda magistratura pilləsində təhsil almaq mənə çox mənasız gəlir, enerji israfıdır. Çünki təhsil sistemi düzgün qurulmayıb. Xaricdə təhsil almaq hər baxımdan daha avantajlıdır.
İnsanlar düşünür ki, bakalavr təhsili bitər-bitməz magistraturaya başlamalıdırlar. Burada çox yanılırıq. İnsan bir az işləməli və həyatda öz yerini tapmalıdır. Həyatımız boyunca hansı işlə məşğul olacağımıza daha dəqiq qərar verə bilmək üçün müəyyən zamana, təcrübəyə ehtiyacımız var.
Ümumiyyətlə, Azərbaycanda yaşamaq mənə özümü məhdudlaşmış hiss etdirir. İstər sosial, istər siyasi, iqtisadi baxımdan. Azad söz haqqımın olmaması, ətrafdakı reaksiyalar və s.”.
“Dünyada sülh yaratmaq istəyərdim”
Həşimə sual verdik ki, əlində imkan olsaydı, dünyada ilk olaraq nəyi dəyişərdi.
“Ölkələr, insanlar üzrə bərabərlik yoxdur. O bərabərliyi bərpa etmək istərdim. İnsanlar nə çox yüksək, nə çox aşağı olsunlar istəyərdim. Sığorta, sağlamlıq, iqtisadi azadlıq, sosiallıq və s.
Bir insanın çörək tapa bilmədiyi halda digər insanın dünyanın bütün naz-nemətlərinə çata bilməsi mənə ədalətsiz gəlir. Əgər balanslaşdırmaq mümkün olsaydı, mütləq bunu seçərdim.
Dünyada sülh yaratmaq istəyərdim. İnsanların bir hissəsinin daim sülh içində yaşamağı, başqalarının isə atəş səslərində yaşamağı mənə çox təsir edir”.
“ABŞ-da biznesi olan iş adamı”
On lidən sonra isə Həşim özünü ABŞ-da öz biznesi olan iş adamı kimi görür:
“Özümü Amerikada bir çox genişmiqyaslı işlərin sahibi kimi görürəm. Xəyallarını artıq reallaşdırmış, özünə zaman ayıran, dostlarıyla əyləncəli vaxt keçirəm, şəxsi evi, maşını olan bir insan kimi görürəm.
Ekstrim idman növləriylə məşğul olacaq və dünyanın əksər ölkələrinə səyahət edəcəyəm”.