Birgə enerji və infrastruktur layihələrinin inkişafı - Gürcüstanın baş naziri Azərbaycanda
Gürcüstanın baş naziri Azərbaycanda
Aprelin 7-də Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfərinin ilk günü enerji və infrastruktur sahələrində birgə layihələrin artması ilə bağlı bəyanatlar və iki ölkə liderlərinin bir sıra qeyri-rəsmi fotoşəkilləri ilə yadda qalıb.
- Tbilisidə etiraz aksiyaları nəticəsində həbs olunan Lazar Qriqoriadisin hüquqları pozulub – müstəqil vəkillər
- İran Azərbaycanda nəyə nail olmaq istəyir? Bakıdan şərh
- Aİ Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəkmi? Bakıdan görünüş
Prezident İlham Əliyevlə görüş Gürcüstanla sərhədə nisbətən yaxın olan Qəbələ şəhərində baş tutub. İlham Əliyev və İrakli Qaribaşvili vətəndaşlara qeydiyyat məhdudiyyəti olmadan müxtəlif sahələrdə xidmət göstərən Qəbələ regional “ASAN xidmət” mərkəzində olublar.
Mərkəzin nümayəndələri, xüsusən də ucqar qəsəbələrin sakinlərinə maarifləndirici xidmət göstərdiklərini fəxrlə bildiriblər. Mərkəz bunun üçün 10 səyyar avtobus və “ASAN Qatar” səyyar qatarından istifadə edir.
Görüşdən sonra keçirilən mətbuat konfransında aşağıdakı mesajlar verilib:
- Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi enerji və infrastruktur layihələrinin, o cümlədən Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti. “Avropa İttifaqı ilə ötən il imzalanmış Anlaşma Memorandumuna əsasən, Azərbaycan yalnız 2027-ci ilə qədər Avropa məkanına 20 milyard kubmetr qaz nəqlini təmin etməlidir”, – İlham Əliyev deyib.
- Yol infrastrukturu layihələrinin, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
- Məlumat verilib ki, ölkələr arasında ticarət dövriyyəsi artır.
- Azərbaycanın SOCAR şirkətinin Gürcüstandakı uğurlu fəaliyyəti xüsusi vurğulanıb. Onun səyləri ilə Gürcüstanda 11 min kilometr qaz xətti çəkilib və 830 mindən çox abonent təbii qazla təmin olunub.
- Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin əhəmiyyəti.
- Qara dənizin dibi ilə kabel çəkilişinin əhəmiyyəti, bu kontekstdə Azərbaycan və Gürcüstanın digər tərəfdaşlarla qarşılıqlı əlaqəsi.
- Ukraynadakı mövcud vəziyyət müzakirə edilib. “İkinci Dünya Müharibəsindən bəri baş verməmiş risklər və çağırışlar var. Bizim əsas məqsədimiz sülh və sabitliyin təmin edilməsidir, bunsuz hər hansı inkişafdan və tərəqqidən söhbət gedə bilməz”, – deyə İrakli Qaribaşvili bildirib.
“AzərTac” xəbər verir ki, İlham Əliyev 2022-ci ilin oktyabrında Tbilisi yaxınlığındakı Mtsxeta şəhərinə səfərini də məmnunluqla xatırlayaraq bildirib ki, “bölgələrdə (paytaxtlarda deyil) belə görüşlərin keçirilməsi mühüm ənənədir”.
Gürcüstanın baş naziri öz növbəsində xatırladıb ki, bu il Azərbaycanda eks-prezident Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. “Gürcü xalqı da Gürcüstanın və gürcü xalqının böyük dostu olan ulu öndərin parlaq xatirəsini böyük ehtiramla yad edir”, – Qaribaşvili deyib.