Bir neçə ölkədə milyonlarla insan küçələrə axışaraq etiraz edir – icmal və fotoreportaj
Bütün dünyanı bürüyən kütləvi etirazların səbəbi nədir? Aksiyalar nə dərəcədə çoxsaylıdır? İştirakçılar bu gün üçün nəyə nail olublar? Dörd ölkə (Honkonq, Boliviya, İraq və Livan) üzrə sualların cavablarını təqdim edirik.
Honkonq
Honkonqda etiraz aksiyaları 2019-cu ilin avqustunda başlayıb və artıq üç aydır ki, sakitləşmir.
Ən başından etirazların səbəbi Çinin mərkəzi hakimiyyətinin tələbi ilə Honkonq vətəndaşlarının ekstradisiyasına imkan verən qanun olmuşdu.
Honkonq Çinin müktar rayonudur. 20 ildən bir qədər artıq müddət əvvəl Böyük Britaniyanın nəzarətindən Çinin yurisdiksiyasına keçib və Honkonq vətəndaşları insan haqları və azadlıqları məsələsinə çox həssas yanaşırlar.
Bəzən iştirakçıların sayı milyon nəfəri aşan küçə aklsiyaları nəticəsində ekstradisiya haqda qanun geri çağırılıb.
Amma polis tərəfindən rezin güllələrin və gözyaşardıcı qazın tətbiq edilməsinə baxmayaraq, etirazlar dayandırılmayıb. Bu aksiyaların əsas hərəkətverici qüvvəsi yerli universitetin tələbələridir, onların əsas tələbi isə Honkonqun muxtariyyətinin qorunmasıdır.
Onlar öz kampuslarını barrikada və “Molotov kokteylləri” ilə qorumağa çalışırlar. Ən son yenilik isə odur ki, etirazçılar idman oxları ilə silahlanıblar.
Boliviya
Etirazlar Boliviyanı 2019-cu il oktyabrın 21-dən, prezident seçkilərində çoxsaylı saxtakarlıqlar qeydə alınandan sonra bürüyüb.
Seçkilərdə solçu populist, Fidel Kastronun və “ənənəvi Boliviya dəyərlərinin”, o cümlədən də koki yarpaqlarının leqal istifadəsinin pərəstişkarı Evo Morales dördüncü dəfə namizədliyini irəli sürüb.
Onun iqtisadi siyasətinin nəticəsi irimiqyaslı böhran olub.
Etirazlar bir neçə həftə davam edib və yüz minlərlə insan iştirak edib. Polis və ordu etirazçıları dəstəklədiyini elan edib.
Nəticədə Morales ona siyasi sığınacaq təqdim edən Meksikaya qaçıb. Mərkəzi Seçki Komissiyasının sədri və parlament spikeri həbs olunub.
Parlamentdə səsvermədən sonra vitse-spiker Janni Anyez özünü Boliviyanın müvəqqəti prezidenti elan edib və yaxın zamanda yeni seçkilərin keçiriləcəyinə söz verib. Ölkənin Konstitusiya Məhkəməsi onun seçilməsini qanuni hesab edib və artıq bir neçə ölkə onu tanıdığını təsdiqləyib.
İraq
İraqda 2019-cu ilin sentyabrından noyabrına qədər Bağdad və digər şəhərləri bürüyən etiraz aksiyalarının gedişatında 300 nəfər qətl eedilib, 15 min nəfərə yaxın yaralanıb.
Yüz minlərlə insan korrupsiyaya və sosial bərabərsizliyə son qoyulmasını, dövlət idarəçiliyi keyfiyyətinin yüksəldilməsini tələb edir.
Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və silah tətbiq edib, amma bu, yalnız daha sərt toqquşmalara gətirib çıxarıb.
Nəticədə İraqın prezidenti, parlament spikeri, baş naziri və Ali Məhkəmə sədrinin görüşü baş tutub. Görüşün nəticəsi olaraq hakimiyyətin “radikal” islahatlara, o cümlədən də konstitusiya dəyişikliyinə hazır olduğu elan edilib, “hədsiz güc tətbiq edənlər” isə cəzalandırılacaq.
Livan
Livanda 2019-cu ilin oktyabrında kütləvi etirazlar başlayıb, on minlərlə insan küçələrə axışıb. Onların əsas hərəkətverici qüvvəsi gənclərdir.
Bununla yanaşı bütün müşahidəçilər qeyd edirlər ki, ilk dəfə qəti və mütəşəkkil mövqeni qadınlar tutub.
Onlar nümayişçilərin əsas tələbini – korrupsiya ilə mübarizə və bütün hakimiyyət sisteminin islahatlarını dəstəkləyir, amma eyni zamanda kişilərlə bərabər hüquqlarda israr edirlər.
Livanlı qadının hökumət nümayəndələrindən birinin silahlı mühafizəçisinə sərt müqavimət göstərdiyini əks etdirən video etirazın rəmzinə çevrilib.
Livan münaqişəsində İranın dəstəklədiyi “Hizbullah” hökumətin tərəfindədi, Livan ordusu isə etirazçıları dəstəkləyir.
Oktyabrın sonunda baş nazir Xariri istefasını elan edib. Bu, mülki geyimli naməlum şəxslərin etirazçıların düşərgəsinə amansız hücumundan sonra baş verib.