Belarus hakimiyyəti beynəlxalq reysi Minskdə endirərək müxalifətçini həbs edib
Belarusda bloqer və fotoqraf, müxalif Telegram kanallarının yaradıcısı Roman Protaseviç həbs edilib. Bu, Protaseviçin Yunanıstandan Litva paytaxtına uçduğu təyyarə təcili Minsk aeroportuna enəndən sonra baş verib. Yerli medianın verdiyi məlumata görə eniş səbəbi kimi təyyarəyə bomba yerləşdirilməsi göstərilib. Belarusda Protaseviçi ölüm cızasl gözləyir.
Euroradio-nun məlumatına əsasən, Roman Protaçeviç Ryanair şirkətinə məxsus Yunanıstandan Vilnyusa uçan və Minskdə endirilən təyyarənin sərnişinləri yoxlamadan keçirilərkən həbs edilib.
Aeroportun mətbuat xidmətindən jurnalistlərə bildirilib ki, təcili enişin səbəbi pilotların təyyarənin minalanması haqda məlumat verməsi olub.
Roman Protaseviç son zamanlar “Baş beynin Belarusu” Telegram kanalını aparırdı, daha əvvəl isə Aleksandr Lukaşenkoya qarşı etiraz aksiyalarını işıqlandıran müxalif NEXTA Telegram kanalının baş redaktoru idi. Bir müddətdir ki, o, Vilnyusda yaşayır və Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın komandasına daxil idi.
Protaseviç Belarus hakimiyyəti tərəfindən terrorçular siyahısına daxil edilmiş və beynəlxalq axtarışa verilmişdi. Ona qarşı irəli sürülmüş ittihamlarla onu ölüm cəzası gözləyir.
Protaseviçin həbsi ilə bağlı müxalifət lideri Svetlana Tixanovskaya bəyanatla çıxış edib.
“Yam aydındır ki, bu, xüsusi xidmət orqanlarının fəal və bloqer Roman Protaseviçi həbs etmək üçün təyyarənin ələ keçirilməsi əməliyyatıdır. Rejim Belarusun ən böyük müstəqil Telegram kanallarının redaktoru olmuş bir adamı cəzalandırmaq üçün müstəqil təyyarədəki sərnişinlərin və bütünlüklə mülki aviasiyanı təhlükə altına qoyub. Onu sadəcə buna görə terrorçu elan ediblər və yalnız buna görə indi Belarusda Roman ölüm cəzası təhlükəsi altındadır”, – Tixanovskaya bildirib.
Onun sözlərinə görə, o, Ryanair şirkətindən və Beynəlxalq Mülki Aviasiya Təşkilatından baş verənlərlə bağlı araşdırma aparılmasını və Belarusu ICAO-dan kənarlaşdırmağa qədər lazımi tədbirlərin görülməsini tələb edib.
“Bu gündən Belarus üzərindən uçan heç bir insan öz təhlükəsizliyindən əmin ola bilməz. Axı rejim etirazçıları ələ keçirmək üçün hava əlaqələri qaydalarından sui-istifadə edir”, – Tixanovskaya hesab edir.