Co Bayden İlham Əliyevə məktub ünvanlayıb. Bu nə deməkdir?
Baydenin Əliyevə məktubu
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidentinin Avropa məsələləri üzrə köməkçisi Maykl Karpenter ilə görüşüb.
Karpenter ABŞ prezidenti Co Baydenin məktubunu çatdırıb və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına dəstəyini təsdiqləyib.
Azərbaycanlı politoloq Fərhad Məmmədov deyir ki, belə bir məktubun ortaya çıxması faktı artıq maraq doğurur.
“Yəqin ki, bu, ölkəsində keçiriləcək prezident seçkilərinə iki həftə qalmış ABŞ prezidentinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmək üçün sonuncu cəhdidir”, – Məmmədov hesab edir.
- Azərbaycanda keçiriləcək COP29 konfransında iştirak üçün indiyədək 28 min nəfər qeydiyyatdan keçib
- Gürcüstanda “geosiyasi seçkilər”in regiona təsiri. Bakıdan baxış
- Gürcüstanın QHT və media qurumları “xarici agentlər haqqında” qanunu Strasburq məhkəməsində mübahisələndirəcəklər
Baydenin məktubunda nə deyilir?
“Hörmətli cənab Prezident,
İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır.
Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm.
Bu məsələyə dəstək verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək.
Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız.
Hörmətlə,
Cozef Bayden
Amerika Birləşmiş Ştatlarının prezidenti”.
Şərh
Aşağıdakı şərhində politoloq Fərhad Məmmədov bu məktubun bir neçə məqamını qeyri-müəyyən adlandırır, öz şərhini təqdim edir və açıq qalan sualları səsləndirir:
● “Co Bayden sülh sazişi üzrə irəliləyişin əldə olunduğunu etiraf edir. Amma eyni zamanda “əsrlər boyu davam edən münaqişədən” söz açır. O, nəyi nəzərdə tutur?
● Məktubda “sabit və ləyaqətli sülh” ifadəsi işlədilir. “Sabit” sözünün mənasına gəlincə, hər şey aydındır. Bəs “ləyaqətli” sülh dedikdə nə nəzərdə tutulur? İndiyədək ABŞ nümayəndələri bu sözləri sırf ermənipərəst kontekstdə işlədirdilər. Odur ki, bu dəfə “ləyaqətli” dedikdə nəyin nəzərdə tutulduğuna aydınlıq gətirilməlidir.
● Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ABŞ-ın yadına düşüb. Bu, özlüyündə vacibdir.
● Avropa və Mərkəzi Asiya arasında əlaqə bir daha xatırladılır – bu da vacibdir.
● Sülhə sadiqliyin nümayişi kontekstində 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq ətraf mühit forumunun qeyd edilməsi spekulyasiyadır. COP29-un Bakıda keçirilməsi ABŞ-ın iştirakı olmadan Azərbaycan və Ermənistan arasında ikitərəfli təmaslar nəticəsində mümkün olub. Bu faktın özü artıq müsbət haldır. Belə spekulyasiyalar ikitərəfli münasibətlərə xələl gətirir.
● Sülh müqaviləsinə “yaradıcı yanaşma” – bunu nəzərdə tutursunuz? Bəs ABŞ Azərbaycandan hansı kompromisləri gözləyir? Söhbət Azərbaycana qarşı açıq-aşkar ərazi iddiasının qeyd olunduğu Ermənistan Konstitusiyası ilə bağlı kompromisdənmi gedir?
● Bu il sülh müqaviləsinin hazırlanmasının tamamlanması ilə bağlı çağırış prezident Baydenin öz prezidentliyi dövründə müqavilənin imzalanmasını təmin etmək üçün son cəhdidir. Bu, artıq şəxsi maraqdır.
● Co Bayden “administrasiyasından cəsarətli addımlar atacağını” vəd edir. İndiyə qədər necə addım atırdılar? Kövrək və çəkingən?
● Azərbaycan rəhbərliyi ABŞ-dan gözləntilərini dəfələrlə açıq şəkildə ifadə edib. Bunlar:
• 907-ci düzəliş,
• Qarabağın bərpasına dəstəyin göstərilməsi,
• minaların təmizlənməsində yardım.
907-ci düzəliş nədir?
1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına yardımı tənzimləmək üçün “Azadlığa Dəstək Aktı” adlı qanun qəbul etdi. Bu qanunun 907-ci düzəlişinə əsasən, ABŞ hökumətinin Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib. 907-ci maddə 2002-ci ildən dayandırılıb. Bu dayandırma daha sonra şəxsən indiki prezident tərəfindən hər il uzadılıb. 2023-cü ildə isə bu baş vermədi və 907 saylı düzəliş yenidən qüvvəyə mindi.
● Bu xahişləri başa düşmək və Azərbaycanı dəstəkləmək yaradıcılıq və cəsarət tələb etmir. ABŞ prezidentinin məktubunun mətnini elə şərh etmək olarmı ki, yardım və dəstək yalnız Ermənistanla sülh müqaviləsi imzalanacağı təqdirdə təklif olunacaq?
● Əgər belədirsə, o zaman ABŞ rəhbərliyinin erməni mərkəzli olması tezisi təsdiqlənir. Doğrudan da, Ermənistanın Azərbaycan ərazilərini 30 ildən artıq işğal altında saxladığı dövrdə onun qarşısına belə ilkin şərtlər qoyulmamışdı”.