Gürcüstanın baş naziri Georgi Kvirikaşvili şəxsən Tbilisidə Parlament qarşısında ötən ilin dekabrında qətlə yetirilən 16 yaşlı yeniyetmənin atası Zaza Saralidze tərəfindən təşkil edilən mitinqə gəlib. Amma baş nazirə çıxış etməyə imkan verməyiblər. Onu fitləyib, plastik butulkalar tolazlayıblar.
Kütlə “çıx get” şüarını səsləndirib.
Hökumət başçısı əlində mikrofon tutaraq, bir neçə dəfə mitinqçilərə müraciət etməyə və üzərindən altı ay keçəndən sonra yeniyetmə David Saralidzenin qatilinin tapılması və cəzalandırılması üçün hökumətin hansı tədbirləri görmək niyyətində olduğunu açıqlamağa cəhd göstərib.
Kütlə hər dəfə onun sözünü kəsib və danışmağa imkan verməyib.
“Siz yenə bizi aldatmağa gəlmisiz”, – onlar qışqırıb.
Uzun fasilədən sonra Kvirikaşvili toplaşanlara bütün proseslərin qanun çərçivəsində inkişaf etməli olduğunu izah etməyə başlayıb. O, söz verib ki, ölümün araşdırması artıq prokurorluqda yox, Gürcüstan DİN-də yenidən başlayacaq.
Amma insanlar daha bərkdən fitləməyə, qışqırmağa başlayıblar: “Çıx get”. Sonra da baş nazirə butulka tolazlayıblar. Mühafizəçilər onu parlament qarşısındakı meydandan aparıblar.
Bundan sonra öldürülən yeniyetmənin atası Zaza Saralidze danışmağa başlayıb.
O mitinqçilərə müraciət edib və deyib ki, baş nazir mitinqə ona başsağlığı bildirmək üçün gəlməyib, “növbəti dəfə aldatmaq” üçün gəlib.
Parlament qarşısında vəziyyət gərgin olaraq qalır. Mitinqçilər dağılışmaq niyyətində deyil. Onlar bildirirlər ki, çadır düşərgəsi salacaqlar. Və hökumətin istefaya getməsini tələb edirlər.