Barselonada terror aktı: 13 ölən, onlarla yaralı
Avqustun 17-də Barselonada, Rambledə, mərkəzi küçədə sürücü avtomobili izdihamın üstünə sürüb. Bu ana görə olan məlumata görə, 13 nəfər həlak olub, onlarla adam yaralanıb.
Şahidlərin sözlərinə görə, sürücü qəsdən hərəkət edirdi. Reuters yazır:
“Şahidlərin sözlərinə görə, mikroavtobus Barselonanın ən izdihamlı Ramble küçəsi ilə ziqzaqlarla hərəkət edərək, yoluna çıxan piyadaları vurub”.
İspaniya polisi bildirir ki, baş verənləri terror aktı kimi qiymətləndirir. Polis axtarılan avtomobil sürücüsünün fotoşəkilini dərc edib. Bu, 22 yaşlı, mərakeşli Driss Oubakirdir.
İspaniyanın baş naziri Mario Raxoy bildirib ki, Kataloniya hakimiyyəti ilə əlaqə saxlayır.
ABŞ-ın dövlət katibi Reks Trillerson deyib: “Terrorçular bilməlidir ki, ABŞ və onun müttəfiqləri onları tapmaq və polisə təhvil vermək niyyətində israrlıdırlar”.
Britaniyanın baş naziri Tereza Mey bildirib ki, Böyük Britaniya “İspaniya ilə çiyin-çiyinə terrorçuluğa qarşı çıxış edir”.
Son vaxtlar avtomobillərin istifadəsi ilə ən iri terror aktları aşağıdakı kimi olub:
– Paris, avqust 2017 – 6 yaralı
– London, iyun 2017 – 8 ölən
– London, mart 2017 – 4 ölən
– Stokholm, aprel 2017 – 4 ölən
– Berlin, dekabr 2016 – 12 ölən
– Nissa, iyul 2016 – 86 ölən