Barselona: Milyon yarım insanın qatıldığı 5 dinc yürüşdən sonra polislə sərt toqquşma
Oktyabrın 15-dən 20-ə qədər Barselonada beş dinc yürüş keçirilib və hər birində yarım milyona yaxın insan iştirak edib.
Onlar Kataloniyanın İspaniyadan ayrılaraq müstəqil olması uğrunda hərəkatın 9 liderinə qarşı məhkəmə hökmlərinin ləğv olunmasını tələb ediblər. Onlar uzun müddətə – 9 ildən 11 ilə qədər azadlıqdan məhrum ediliblər.
Hakimiyyət etirazçıların tələblərinə məhəl qoymayıb.
Nəticədə Barselona küçələri döyüş meydanına çevrilib – BBC xəbər verir. Küçələrə onlarla yox, yüzlərlə insan çıxıb və onlar əvvəlki kimi dinc əhvalda olmayıblar.
• Niyə Qərbi Avropa hüsab edir ki, Kataloniya İspaniyanın istəyinin əksinə müstəqil ola bilməz?
• “Məxməri inqilabdan” sonra Avropa İttifaqı və Ermənistan münasibətləri. Niyə sıçrayış baş vermədi?
Etirazların iştirakçıları zibil konteynerlərini yandırır, şəhər hakimiyyətinin verdiyi məlumata görə, şəhər mərkəzində artıq 700 belə yanğın söndürülüb.
Etirazçılar “Molotov kokteyllərindən” istifadə etməyə başlayıb. Polis cavabında gözyaşardıcı qaz, su vuran maşın və rezin güllələri işə salıb.
Ümumxalq tətili nəticəsində Kataloniya paytaxtının iqtisadi həyatı praktiki olaraq iflic olub.
Ağaclar, səkilər, svetaforlar dağıdılıb və ya yandırılıb. Dəyən ziyan ümumilikdə 1,5 milyon avro həcmində dəyərləndirilir.
Barselonada onlarla yol və ətrafı tamamən bağlanıb.
Yeni iğtişaşlardan ehtiyatlanaraq el classico – “Barselona” və Madridin “Real” futbol klubları arasındakı oyun təxirə salınıb. Görüş Barselonada oktyabrın 26-da baş tutmalı idi.
________________________________________
Kataloniya dramı iki il əvvəl, 2017-ci ildə inkişaf etməyə başlayıb. O zaman yerli parlament spiker Karles Puçdemonun rəhbərliyi altında Kataloniyanın İspaniyadan müstəqilliyini elan etməyə cəhd göstərib, amma İspaniya hakimiyyəti bunu qanunsuz elan edib.
Separatçı hərəkatın liderləri bir müddət xaricdə gizlənib, sonra isə ölkəyə qayıdıblar və həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Bu həbslər Barselonada yeni etirazlara və iğtişaşlara səbəb olub.
İspaniya qanunvericiliyinə əsasən, tələbləri yerinə yetirən məhkumlar gün ərzində həbsxananı tərk edə bilər və yalnız gecələmək üçün ora qayıtmalıdırlar. Hələlik aydın deyil ki, bu şərtlər separatçı hərəkatın liderlərinə münasibətdə də tətbiq olunacaqmı.