"Bakının tələblərinin altına saatlı bomba döşənib" - ermənistanlı analitik
Azərbaycan münaqişənin davamında maraqlıdır
“Bunun yeni yanaşma olmadığı aydındır. Keçmişdə də irəliləyiş əldə olunan kimi, Azərbaycan tərəfdən mütləq çətinliklər və təxribatlar yaranırdı,” – Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Bakı tərəfindən sülh müqaviləsinin mətni yekunlaşdıqdan sonra irəli sürülən şərtləri şərh edərkən bildirib.
Onun fikrincə, müqavilənin imzalanması ilə Azərbaycanın eskalasiya riskləri azalacaq, çünki bu məsələ beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Hovhannisyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında müqavilənin mətninin razılaşdırılması 10 beynəlxalq təşkilat və 58 ölkə tərəfindən alqışlanıb. Onların arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya da var.
Jurnalistlər nazir müavinindən bu ölkələrdən hansınınsa vasitəçi rolunu öz üzərinə götürmək istəyinin olub-olmamasını soruşublar. O, bu suala hələlik cavab verə bilməyəcəyini bildirib.
Politoloq Narek Sukiasyan müxtəlif ölkələrin reaksiyalarına əsasən qeyd edir ki, onlar problemin mahiyyətindən uzaqdır və bu məsələni prioritet saymırlar:
“Onların marağı yalnız “baş ağrısından” qurtulmaqdır. Qərb öz problemləri ilə məşğuldur – Avroatlantik münasibətlərin böhranı, Ukrayna münaqişəsinin həlli cəhdləri, daxili problemlər. Məncə, onlar üçün uzaq və vacib hesab olunmayan bu münaqişənin gündəmdən çıxması sevindirici xəbərdir”.
“Üçüncü qüvvələr dedikdə hərbi iştirak nəzərdə tutulur” – XİN müavini
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan 24 mart tarixində keçirilən brifinqdə bir daha vurğulayıb ki, İrəvan sülh müqaviləsinin imzalanmasının detallarını müzakirə etməyə hazırdır. Lakin Bakıdan hələlik cavab yoxdur. Hovhannisyan bildirib ki, Ermənistan sülh prosesini irəli aparmağa davam edir və beynəlxalq arenada da bu istiqamətdə işləyir.
O, eyni zamanda, Ermənistan və Azərbaycanın sərhədində üçüncü qüvvələrin olmaması ilə bağlı razılaşmasını da şərh edib.
Bu məsələ Ermənistanda narahatlıq doğurur, çünki bu, Avropa İttifaqı (Aİ) müşahidə missiyasının sərhəddən çıxarılması kimi qiymətləndirilir. Ermənistan cəmiyyətində sabitliyin məhz Avropa müşahidəçilərinin nəzarəti sayəsində qorunduğu düşünülür.
“Söhbət üçüncü qüvvələrin istisna olunmasının qarşılıqlı əsasda həyata keçirilməsindən gedir. Gələcəkdə də bu prinsip qüvvədə qalmalıdır. Ümumiyyətlə, üçüncü qüvvələr dedikdə, adətən, hərbi iştirak nəzərdə tutulur. Avropa İttifaqının (sivil) müşahidə missiyasını hərbi qüvvə hesab etmək nə dərəcədə doğrudur?” – deyə Paruyr Hovhannisyan sual edib.
Jurnalistlər nazir müavinindən rəsmi Bakının gələcəkdə müşahidəçilərin çıxarılması tələbi ilə gəlib-gəlməyəcəyi ehtimalını soruşublar.
“Bu barədə tam əminliklə danışmaq mümkün deyil. Məntiqə əsasən, belə tələblərin irəli sürülməməli olduğu görünür, lakin tam arxayın olmaq çətindir”, – o cavab verib.
Hovhannisyanın fikrincə, hazırda Ermənistan sərhədindən müşahidəçilərin çıxarılması məsələsini müzakirə etməyə ehtiyac yoxdur. Bu məsələ yalnız sülh müqaviləsi imzalandıqdan sonra gündəmə gələ bilər:
“Sülh prosesi sürətlə irəliləmir. Missiyanın mandatı isə iki il müddətinə nəzərdə tutulub. Əgər gələcəkdə müqavilə imzalansa və ratifikasiya olunsa, real sülh əlamətləri görünsə, o zaman Aİ müşahidə missiyasının mandatı məsələsini müzakirə edə bilərik. Müşahidəçilərin fəaliyyəti sərhəddə nəzarət xidməti ilə məhdudlaşmamalıdır. Onların mandatı eyni zamanda ölkələr arasında etimadın qurulması və möhkəmləndirilməsini də əhatə edir.”
O, Avropa müşahidəçiləri ilə əməkdaşlığın davam etdirilməsi üçün “uyğun modelin” tapılacağına ümid etdiyini bildirib.
Nazir müavini müqavilənin digər müddəaları barədə isə danışmayıb, lakin sənədin bütün mübahisəli məsələlərin həlli üçün ikitərəfli mexanizmlər nəzərdə tutduğunu vurğulayıb.
Şərh
Politoloq Narek Sukiasyanın fikrincə, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi son illərdə eyni məntiq üzrə davam edir:
“Artıq 4-5 ildir ki, Azərbaycan maksimalist tələblər irəli sürür. Ermənistan isə anlayır ki, sərt müqavimət eskalasiyaya səbəb ola bilər və buna görə də tələblərin icrasını mümkün qədər gecikdirməyə çalışır. Lakin müqavimət göstərməyin mümkünsüz olduğu anda geri çəkilir. Hər mərhələdə güzəştə gedərək, İrəvan qarşıdakı eskalasiyanı ləngitməyə çalışır.”
Sukiasyan irəliləyişə aparan hər addımı alqışladığını bildirir. Lakin onun mahiyyətini anlamağın vacibliyini vurğulayır.
O, rəsmi Bakının bütün uğurları öz adına çıxardığını və bütün qərarların onun diktəsi ilə verildiyini xatırladır:
“Bu, müsbət sülh üçün zəmanət deyil. Hərbi həll yolunun tam istisna olunmadığını göstərir. Burada məqsəd digər tərəfi alçaltmaq və onun inkişafını əngəlləməkdir. Əgər səni özünü müdafiə vasitələrindən, hətta özünü müdafiə hüququndan və resurslarından məhrum etməyə məcbur edirlərsə, o zaman hansı inkişafdan və hansı müsbət sülhdən danışmaq olar?”
Analitik bildirir ki, hazırda sülh atmosferi hiss olunmur. Buna sübut kimi Azərbaycanın müqavilənin mətni razılaşdırıldıqdan sonra irəli sürdüyü şərtləri və davam edən hərbi ritorikanı göstərir.
Rəsmi Bakı yalnız Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən və ATƏT-in Minsk Qrupunun buraxılmasından sonra müqaviləni imzalayacağını bildirir.
Politoloq hesab edir ki, Bakıda da yaxşı bilirlər ki, konstitusiyaya dəyişiklik tələbi “dalana dirəməkdir”:
“Məhz buna görə də bu məsələni qabardırlar ki, münaqişə həll olunmasın. Bakı sülhlə maraqlanmır. Onun üçün bu münaqişənin davam etməsi həm daxili, həm də xarici problemlərin həllində sərfəlidir.”
Narek Sukiasyan bildirir ki, hətta Ermənistan hakimiyyəti Bakının tələb etdiyi konstitusiya dəyişikliklərinə razılıq versə belə, erməni xalqının bunu referendumda qəbul etməsi çətin görünür. O, Bakının tələblərinin altına saatlı bomba döşəndiyini deyir:
“Əgər referendum nəticələri onu qane etməsə, Azərbaycan deyəcək ki, baxın, erməni xalqı “revanşizmi” dəf edə bilmədi və ona dərs verilməlidir. Onlar bunu müharibə elan etmək üçün kazus belli, formal əsas kimi istifadə edəcəklər”.
Azərbaycan konstitusiyanın dəyişdirilməsini tələb edir, çünki onun ərazi iddiaları ehtiva etdiyini düşünür. Əslində isə söhbət konstitusiyanın mətnindən yox, orada istinad edilən İstiqlal Bəyannaməsindən gedir. Bəyannamənin ilk abzasında 1 dekabr 1989-cu il tarixində Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağın Milli Şurası tərəfindən qəbul edilmiş “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” birgə qərara istinad olunur. Məhz bu qərar Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia kimi qiymətləndirilir.
Analitik Ermənistan Baş naziri Nikol Paşinyanın sülh sazişini imzalamağa hazır olması ilə bağlı son bəyanatlarını xatırladır:
“Bunlar müharibənin başlamaması üçün çağırışlar idi, çünki mövcud vəziyyət sülhə inanmağa imkan vermir. Mən düşünmürəm ki, Ermənistan hökuməti bu sənədin imzalanması ilə sülh dövrünün başlanacağına inanır. Bu açıqlamalar daha çox daxili auditoriyaya hesablanıb”.
Kontekst
Ermənistanla Azərbaycan arasındakı sülh sazişinin mətni üzrə açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib və danışıqlar prosesi martın 13-ü yekunlaşıb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlama vermişdi.
Nazir növbəti mərhələdə Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını və Minsk qrupunun ləğvinin həyata keçirilməli olduğunu vurğulamışdı.
● 2020-ci ilin payızında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük ikinci Qarabağ müharibəsi baş verdi. Nəticədə Azərbaycan Qarabağın bir hissəsinə və ona bitişik yeddi rayona nəzarəti bərpa edib.
● 19 sentyabr 2023-cü ildə Azərbaycan Qarabağda yerli hərbi əməliyyat keçirdi.
● 28 sentyabrda tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Samvel Şahramanyan respublikanın buraxılması haqqında fərman imzaladı.
● 15 oktyabr 2023-cü ildə prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın suverenliyinin tam bərpasını, Qarabağ probleminin həllini və münaqişənin başa çatmasını bəyan edib.
● Hazırda Azərbaycanda tanınmamış DQR-nin keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, keçmiş xarici işlər naziri David Babayan, parlamentin sədri David İşxanyan, generallar Leva Mnatsakanyan və David Manukyan da daxil olmaqla 14 nəfər həbsdədir. Bakıda onların məhkəmə prosesləri gedir.
● Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb.
Azərbaycan münaqişənin davamında maraqlıdır