Bakının “Neftçi” komandası 80 illik yubileyini qeyd edib
Azərbaycanın futbol üzrə çempionatının 23-cü turunda keçirilən mərkəzi oyun – “Neftçi”-“İnter” oyunu 19-37-də başladı. Bu qeyri-adi vaxt Azərbaycanın ən qocaman futbol klubunun yarandığı ilin şərəfinə seçilib. Oyun sovet bəstəkarı Blanterin məşhur “futbol marşı”nın sədaları altında başlayıb. “Neftçi”nin oyunçuları meydana retro-formalarda çıxıblar. Komanda öz tarixi boyu SSRİ çempionatında birinci və sonuncu dəfə medal qazandığı ildə məhz bu formanı geyinib. Tribunalarda “Neftçi”nin əfsanəvi bombardiri Anatoli Banişevskinin iri portretini görmək xüsusilə xoş idi. Futbol kralı Pele özü onu üst mərtəbədə misilsiz oyununa görə “qızıl baş” adlandırıb.
1937. Bu, həm də atamın doğulduğu ildir. Bir aydan sonra onun da 80 yaşı tamam olacaqdı. Atamı təsadüfən xatırlamadım. Məni məhz o, ilk dəfə Lenin adına respublika stadioununa aparıb (indi bu stadion 1966-cı ildə keçirilən dünya çempionatında AFR yığmasının qapısına vurulmuş mübahisəli topu hesaba alan məşhur laynsmen Tofiq Bəhramovun adını daşıyır). Zənnim məni aldatmırsa, 1976-cı il idi, “Neftçi” onda aşağı diviziona düşmüşdü və Kazanın “Rubin” komandasını qəbul edirdi. İlk dəfə “Banya”nı elə onda gördüm. Azarkeşlər o zaman Banişevskini mehribancasına bu cür adlandırırdılar. O, artıq əvvvəlki formada deyildi, oyunun sonunda 10-15 dəqiqəliyə çıxırdı, amma yenə də tez-tez qapıdan top keçirirdi! “Neftçi” bir ildən sonra yüksək liqaya qayıtdı və Banişevski SSSR çempionatlarında özünün yüzüncü qolunu vuraraq, sovet bombardirləri klubunda ilk azərbaycanlı (məhz belə!) oldu.
Atamla sonuncu dəfə 1990-cı il mayın 9-da “Neftçi” ilə “Dinamo”nun (Moskva) veteranları arasında digər əfsanəvi bakılı futbolçu Ələkbər Məmmədovun (“Milan”ın meydanında onun qapısından dörd top keçirmiş futbolçu) şərəfinə keçirilmiş oyunda olmuşam. O zaman çətin dönəmlər idi. Bakıda “Qara yanvar” günlərində komendant saatı tətbiq olunmuşdu. Oyun leysan yağış altında keçirilirdi, veteranların çoxu yorulur və əvəz olunmaqlarını istəyirdilər. Lakin Ələkbər Əmiroviç son dəqiqəyəcən oynadı və sonra hələ azarkeşlərə uzun-uzadı avtoqraf verdi.
Əlamətdar oyunlar çox olub. “Neftçi” Kiyevin “Dinamo” və Moskvanın “Spartak” kimi komandalarını dəfələrlə udub, amma bununla yanaşı, iradəsiz olaraq autsayderlərə uduza bilib. “Cənubi Qafqaz derbisi” – Tbilisinin “Dinamo” və Yerevanın “Ararat” komandaları ilə oyun xüsusilə gərgin şəraitdə keçib.
“Ararat”la öz haqq-hesabları vardı. Çoxları bilmir ki, başda “Neftçi”nin sabiq liderlərindən biri Eduard Markarov olmaqla, onların çempion heyətində altı bakılı oynayıb. Biz qısqanırdıq, hirslənirdik, çünki qonşularımızn daha güclü olduğunu və daha tez-tez udduğunu bilirdik. Xüsusilə də tbilisililər. Amma Bakıda gürcü az idi, ermənilərsə kifayət qədərdi. Beləcə, tez-tez bu oyunlardan sonra milis gücləndirilmiş rejimdə işləməli olurdu, ciddi insidentlər də baş verirdi. Bu olaylarda, şübhəsiz ki, milli məsələ də öz rolunu oynayırdı, amma zənnimcə, “derbi” amili yenə də üstünlük təşkil edirdi. Axı Londonun “Tottenhem” və “Arsenal” komandalarının oyunundan sonra da vitrinləri tez-tez sındırırlar. Mən hələ İstanbul nəhənglərinin derbisini demirəm.
Yubiley günündə ilk rəmzi zərbəni iki digər veteran – hücumçu Kazbek Tuayev və qapıçı Çingiz İsmayılov vurdular. Birinicisi sonralar müstəqil Azərbaycanın yığmasın məşq elətdirib, ikincisi isə uzun illər əvəzsiz futbol şərhçisi olub. Bir dəfə “Neftçi” növbəti dəfə aşağı liqanın bir addımlığında idi. Yuxarı liqada qalması üçün mütləq qələbə lazım idi. Alma-Atanın “Kayrat” komandası ilə oynayırdılar. 90 dəqiqə geridə qaldı, sonra əlavə vaxt, qolsa yoxdur, sıfır-sıfır. Çingiz məyus səslə oyunu yekunlaşdırır: “Hə, hörmətli tamaşaçılar, hakim artıq saniyəölçənə baxır, meydanın mərkəzinə doğru gedir… Təəssüf ki, komandamız gələn ilini aşağı liqada keçirəcək. Amma dilxor olmaq lazım deyil, biz hər şeyə rəğmən “Neftçi”ni sevirik… və birdən: “Adə, vurdular!!!” Ən son saniyədə kapitanımız Əbdülqəni Nurməmmədov hirsindən meydanın mərkəzindən topa var-gücü ilə möhkəm zərbə vurdu və o, möcüzəli şəkildə “Kayrat”ın qapısından keçdi. Biz yüksək liqada qaldıq.
Gəncliyimizin kumirlərinin taleyi müxətlif cür gətirib. Birisi məmur olub, digəri hüquq-mühafizə orqanlarında zabitdir, kimisi məhbəsdədir, kimisi ölkədən gedib və təəssüf ki, kimsə artıq həyatda yoxdur. Komanda indi çətin dönəmlər yaşayır. “Neftçi” Azərbaycan çempionatının turnir cədvəlində aşağı yerləri tutur. Lakin öz yubiley günlərində yenə də kifayət qədər güclü komanda olan “İnter”in öhdəsindən gəlib, onu 2-1 hesabı ilə udub.
Bu rəmzi qələbənin Azərbaycan futbolunun flaqmanının dirçəlişində mühüm adım olacağına inanmaq istərdim.