Bakının mərkəzi bazarı - “Təzə Bazar”ın sahibi dəyişir
“Təzə Bazar” səhmdar cəmiyyəti bağlandığını elan etdi. Bununla da Azərbaycan paytaxtının ən köhnə mərkəzi bazarlarından birinin həmsahibləri arasındakı mübahisəyə son qoyuldu.
“Təzə Bazar” təxminən 70 il əvvəl Bakının mərkəzində inşa edilib və demək olar ki, ən populyar kənd təsərrüfatı bazarıdır. Hətta ərzaqların talonla satıldığı sovet dövründə, mürəkkəb 90-cı illərdə defisit malların hamısını tapmaq mümkün idi (əlbəttə ki, qeyri-rəsmi bazar qiymətinə). O cümlədən də təzə nərə balığı və qara kürü.
Bazar 2000-ci illərin əvvəllərində azərbaycanlı biznesmenlər Məmmədağa İbrahimov və Vaqif Şıxəliyev tərəfindən özəlləşdirilib. Amma bir neçə ildən sonra onlar arasında əmlak mübahisəsi yarandı, iş ölüm hədəsi və polisə müraciət həddinə gedib çatmışdı. Bəzi jurnalistlərin bildirdiyinə görə biznesmenlərdən biri daxili işlər nazirinin, digəri isə milli təhlükəsizlik nazirinin himayəsində olub. Aralarındakı şəxsi münaqişə iki güc nazirinin siyasi qarşıdurması ilə daha da dərinləşirdi.
2017-ci il aprelin 4-də “Təzə Bazar” ərazisində yanğın baş verdi və bazar təxminən bir həftə bağlı qaldı. Bazarın qəsdən yandırıldığına dair şübhələr olsa da, polis bunu təsdiqləyən kifayət qədər dəlil tapa bilmədi.
“Təzə Bazar” səhmdar cəmiyyəti ləğv olunandan sonra haqqın.az və virtualaz.org saytlarının bildirdiyinə görə, bazar rusiyalı milyarder Qod Nisanovun əlinə keçib.
Nisanov əslən Azərbaycanın Quba rayonunun dağ yəhudilərinin kompakt yaşadığı məşhur Qırmızı Qəsəbəsindəndir. “Forbs” jurnalının Rusiya nəşrinin məlumatına görə, Nisanov Rusiyanın ən varlı biznesmenlərinin reytinqində 36-cı yeri tutur.
Bu gün “Təzə Bazar” hələ alıcıların üzünə açıqdır, amma yaxın zamanda bazar əsaslı şəkildə rekonstruksiya ediləcək.
“Təzə Bazar” çiçəklənmə dövründə. Foto bloqdandır:
“Təzə Bazar” bu gün