Bakılılar mesenatın heykəli üçün ayrılan yerdən narazıdır
Paylaşmaq
Paylaşmaq
Bakının mərkəzində “İçəri Şəhər” metrostansiyasının qarşısında Hacı Zeynalabdin Tağıyevin heykəlini qoymaq planlaşdırılıb. Şəhər əhlinə bu seçim uğursuz görünüb və bu, sosial şəbəkələrdə mübahisə mövzusuna çevrilib.
Heykəlin necə olacağı hələlik bəlli deyil. Açıq müsabiqə elan olunub – iyunun 30-a qədər arzu edən hər kəs öz eskizini təklif edə bilər. Xüsusi komissiya bütün müraciətlərə baxıb, qərar qəbul edəcək.
Hacı Zeynalabdin Tağıyev (1823-1924) Azərbaycanın neft sənayeçisi, milyonçu və xeyriyyəçidir. 2019-cu ilin əvvəlində tanınmış media üzü Bəhram Bağırzadə ölkə rəhbərliyinə Bakıda Tağıyevin heykəlini ucaltmağı təklif edib, çünki zamanında o, ölkəyə çox xeyir verib. Təklif qəbul olunub.
Sosial şəbəkədən şərhlər:
“Heç uyğun yer deyil! Heykəl ümumi kompozisiyaya qətiyyən uymur”;
“Məncə, yaxşı seçimdir. Metronun qarşısındakı meydança onsuz da boş idi”;
“Ayaqaltı yerdir, belə heykəlin qoyulması üçün uyğun deyil. Yəni hardasa qəşəng bağ və ya park tapa bilmədilər? Ya da heç olmasa əlamətdar bir yer”;
“Əsas odur ki, burada bitən ağacları kəsməsinlər, belə isə normaldır”;
“Bu stansiyanın görünüşü heç vaxt xoşuma gəlməyib, odur ki, korlanan kompozisiya məni narahat etmir. Amma ki, yəni başqa yer tapılmayıbmı? Məsələn, onun keçmiş fabriki var, onun pulu ilə tikilən məktəb var, ona ilk milyonunu qazandıran neft mədəni var… Niyə orda yox? Heykəli şəhərin mərkəzində qoymaq vacibdir?”.
Bakının qədim hissəsinin qaşısında yerləşən “İçəri Şəhər” metrosu təxminən on il əvvəl rekonstruksiya olunub. Köhnə sovet tikilisini şüşə piramida ilə əvəzləyiblər ki, bir çox bakılılar onu çöx yöndəmsiz hesab edir. Onlara elə gəlir ki, bu piramida qədim qala divarları fonunda əcaib görünür.
Şəhərdə yeni heykəllərin ucaldılmasına gəlincə isə, demək olar ki, hər bir belə hadisə şəhər sakinlərinin narazılığına səbəb olur. Məsələn, milli epos qəhrəmanı Koroğlunun və görkəmli müğənni Rəşid Behbudovun yeni heykəlləri heç kimin xoşuna gəlməyib və sosial şəbəkələrdə bu heykəllər uzun müddət ələ salınıb.