Bakılılar “Formula-1”-in təxirə düşməsinə sevinir
5-7 iyunda baş tutmalı olan “Formula-1” yarışmasının Bakı mərhələsi (FORMULA 1 AZERBAIJAN GRAND PRIX 2020) koronavirus pandemiyası səbəbilə qeyri-müəyyən müddətə təxirə salınıb. Şəhər sakinlərinin çoxu bu xəbərə sevinib – “Formula” onlarda şəhərdə yaranan narahatlıqlarla assosiasiya olunur.
Martın 24-ə olan məlumata əsasən, Azərbaycanda 72 koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanlardan biri ölüb, on nəfər sağalıb.
“Formula-1” Bakıda 2016-cı ildən keçirilir. Hakimiyyət bildirir ki, bu tədbir turist axını sayəsində dövlət büdcəsinə gəlir gətirir və ölkənin nüfuzunu yüksəldir. Şəhər sakinləri isə bu yarışmanı həyatlarını mürəkkəbləşdirən, hər il təkrarlanan qaçılmaz pislik kimi dəyərləndirirlər. Çünki yarışma şəhərin mərkəzi küçələrində keçirilir, buna görə də bir neçə ay əvvəldən Bakının demək olar ki, bütün mərkəzi bağlanır, barmaqlıqlarla hasarlanır. Bu, həm maşınların, həm də piyadaların normal hərəkətinə mane olur və ümumiyyətlə əsəblərə toxunur.
Buna görə də indi iyun yarışmasının təxirə salındığını eşidən şəhər sakinləri rahat nəfəs alıblar.
Sosial şəbəkələrdə yazılan bəzi şərhlər:
“Sağ ol, koronavirus”.
“Heç olmasa bir xoş xəbər”.
“Kaş ki, Azərbaycan birdəfəlik bundan imtina edərdi”.
Yarışmanın nə zaman baş tutacağı bəlli deyil, amma artıq bilet alan azarkeşlər istənilən halda biletlərindən yararlana biləcəklər.
Daha əvvəl pandemiya səbəbilə Avstraliya, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Hollandiya da yarışmanın onlarda keçirilməli olan mərhələsini təxirə salıblar.
