COP-29 ərəfəsində Bakıda yeni velosiped zolaqları və dayanacaqları
Bakıda velosiped zolaqları və dayanacaqları
Bu ilin noyabrında Azərbaycanda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) hazırlıqlar çərçivəsində paytaxt Bakıda velosiped və skuterlərin hərəkəti üçün infrastruktur yaradılır.
“Avropa şəhərlərində olduğu kimi Bakıda da velosiped və skuterlərdən nəqliyyat vasitəsi kimi istifadə olunması çox yaxşı olardı, əlbəttə. Bunun üçün infrastruktur artıq yaradılmağa başlayıb. Hələ salınan yollar, qurulan dayanacaqlar tam rahat olmasa da, müəyyən problemlər qalsa da, prosesin artıq başlaması özlüyündə çox yaxşıdır”, – velosipedçi Kərim deyir.
2024-cü ilin avqust ayından etibarən Azərbaycanda ilk dəfə “bike-sharing” – velosiped kirayələmə xidməti fəaliyyətə başlayıb. Bakının əsasən mərkəzi küçələrində 50-yə yaxın velosiped dayanacağı quraşdırılıb. Velosipedlərin kirayə qaydası barədə məlumat lövhələri də həmin məntəqələrdə yerləşdirilib. Bu lövhələrdə yerləşən QR kodla xüsusi yaradılmış “APAR” mobil tətbiqinə keçid edərək kirayələmək istədiyiniz velosipedi aktivləşdirmək və deaktivləşdirmək, eyni zamanda yaxın parklanma yerlərini görmək mümkündür.
Piyadaların və avtomobillərin hərəkət etdiyi, yarıda qırılan velosiped zolaqları
İlkin mərhələdə AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən şəhərdə 10 kilometrlik velosiped zolağı çəkilib. Amma çox qısa müşahidə kifayət edir ki, velosiped zolağında piyadaların və avtomobillərin hərəkət etdiyini görəsən.
“Velosiped sürdüyümüz yerdə qəfil qarşımıza piyada, yaxud da avtomobillər çıxır. Bu, velosipedçilər üçün təhlükə yaradır. Amma bəzən də sürücüləri qınaya bilmirəm. Çünki Bakı velozolaq üçün struktur olaraq çox da uyğun şəhər deyil. Yollar ensizdir, onun da yarısını avtobus zolağı, yarısını da velosiped zolağı tutur. Yollar tıxac olanda da bəzən sürücülər bezir və buna görə də velozolağa çıxırlar.
Digər bir problem isə zolaqların yarımçıq olmasıdır. Məsələn, İçərişəhərdən üzü aşağı gedirəm, zolaq qəfil bitir. Yaxşı, mən bura qədər velosipedlə gəlmişəm, bəs sonra?
Dediyim odur ki, velosipeddən istifadəni təşviq etmək, kirayə xidməti filan – hamısı yaxşıdır, amma bu zolaqları əsasən magistral yollara və kəsintisiz çəksələr, daha yaxşı olar”, – uzun illərdir velosiped həvəskarı olan Abbas deyir.
1 saatlıq velosiped gəzintisi 14 manatdan baha
“Mən velosipedi 30 günlük kirayələmişəm, aya 12 manat ödəyirəm. Yoxsa elə-belə götürüb sürmək sərf eləmir. İndi dəqiq xatırlamıram dəqiqəsinə neçə qəpik yazırdı, amma bilirəm ki, baha çıxır. Aylıq abunə yaxşıdır, amma kaş ki, gündəlik sürmə müddətini heç olmasa 2 saata qaldırardılar, 1 saat azdır”, – deyə başqa bir velosipedçi deyir.
“İçərişəhər” m/s-nın qarşısındakı velosiped dayanacağında velosipedlərdən birinin QR kodunu “APAR” tətbiqində oxutduqda məlum olur ki, velosipedləri 30 və ya 365 günlük abunə ilə kirayələmək mümkündür. 30 günlük kirayə velosipedin sığortası ilə 36 manat, sığortasız isə 12 manatdır. İllik abunə ilə velosipedi kirayələmək isə 108 manata başa gəlir. Aylıq və ya illik abunə zamanı velosipedi sutka ərzində ancaq 1 saat sürmək mümkündür.
Bundan başqa, velosipedləri abunəlik olmadan da, sadəcə velosipedi aktivləşdirib götürmək mümkündür. Amma saatlıq və ya dəqiqəlik tariflər qeyd olunmayıb. Bu halda velosiped gəzintisinin neçəyə başa gəldiyini ancaq velosipedi geri təhvil verdiyiniz zaman bilmək olar.
Mən də dayanacaqdakı velosipedlərdən birini tətbiqdə aktivləşdirib, yola düşürəm. Getdiyim qısa yolda kifayət qədər narahatlıqlarla üzləşirəm. Velosiped zolağına arabir avtomobillər çıxır, zolaq yarıda qırılır, ensiz yolda qarşı tərəfdən gələn digər velosipedçilərdən yayınmaq çətin olur.
Gəzinti cəmi 13 dəqiqə sürür, velosipedi dayanacağa geri qaytaranda 3 manat 12 qəpik ödəməli oluram. Bu isə bir saatlıq velosiped gəzintisinin 14 manat 40 qəpiyə başa gəldiyini göstərir.