COP29 ərəfəsində Azərbaycan paytaxtında söküntü işləri aktivləşib
Bakıda söküntü işləri
Noyabrın 11-dən 22-ə qədər Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ərəfəsində Bakıda fəal şəkildə söküntü, təmir-tikinti, abadlaşdırma işləri həyata keçirilir. Bu işlər bəzən sadə vətəndaşları evsiz və ya işsiz qoyur. Son günlərdə mediada tez-tez belə halları əks etdirən məlumatlar yer alır.
- “Paşinyan və Əliyevin Kazanda səmimi görüntüləri münaqişədə istiləşməyə işarə ola bilər”. Bakıdan baxış
- Gürcüstan üçün Azərbaycan ssenarisi. Bakıdan baxış
- Bakıda güclü yağışın fəsadları, insanların ümidsizliyi
Nərimanov rayonunda iki yataqxana binası
Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində hasara alınmış məhəllənin hər tərəfindən tikinti texnikalarının səsi gəlir. Qəzalı vəziyyətdə olan yanyana yerləşən beşmərtəbəli iki yataqxana binasını bu günlərdə sökməyə başlayıblar. Həndəvərdəki ticarət obyektləri də artıq boşaldılıb, onların da yaxın vaxtlarda sökülməsi nəzərdə tutulub.
Birinci yataqxananın dəhlizində qarşılaşdığımız üç qonşu qadın – Zərifə, Gülsarə və Nazilədən eşitdiyimizə görə, binanı “Gold Residence” inşaat şirkəti sökür.
“Üç aydır ki, biz bu şirkətlə mübarizə aparırıq. Bəzilərimizə 10 min manat pul təklif ediblər, hələ gülə-gülə deyirlər ki, özünüzə təzə ev alarsınız. O pula nəinki Nərimanovda, heç ən ucqar yerdə də ev almaq mümkün deyil”, – Nazilə deyir.
Gülsarə isə deyir ki, onlara ümumiyyətlə pul verilməyəcəyini deyiblər. Onun sözlərinə görə, səbəbini məcburi köçkün kimi hələ də “çörək pulu” alması ilə izah ediblər.
“Mən Qubadlıdanam. Rayon işğal olunan vaxtdan Bakıya qaçmışam. O gündən bu yataqxanada yaşayıram, iki qızım var. İndi bunlar gəlib mənə deyirlər ki, sən çörəkpulu alırsan, ona görə sənə düşmür. Ayda 60 manata görə mənə heç nə düşmürmüş. Bu nə özbaşınalıqdır? Deyirəm, bəs necə edim, gedim küçədə yaşayım? Binanı biz içində yaşadığımız halda sökürlər”.
Gülsarənin sözlərinə görə, onların hələ Qubadlıya qayıtması məsələsi də gündəmdə deyil. Yataqxana söküləndən sonra onun və qızlarının qalmağa yeri yoxdur.
Əvvəllər bu iki yataqxana binasında yüzlərlə məcburi köçkün ailəsi yaşayıb. Zamanla onların əksəriyyəti köçüb gedib. Hazırda birinci binada 6, ikinci binada isə 13 sakin yaşayır.
“Gold Residence” şirkətinin elə yataqxanaların yaxınlığında yerləşən ofisində özünü şirkətin məsul şəxsi kimi tanıdan, adının üsə Ülvi olduğunu deyən şəxs sakinlərin şikayətinin əsassız olduğunu bildirdi:
“Hamısı uydurmadır, elə şey yoxdur. Əksər sakinlərin pulu verlib və onlar köçüblər. O çıxmaq istəməyən köçkünlərin isə sadəcə öz maraqları var, ona görə yalan danışırlar”.
1-ci Alatava qəsəbəsində 11 ailəyə məxsus evlər
1-ci Alatava qəsəbəsində evləri sökülən 11 ailə oktyabrın 30-da etiraz aksiyası keçirib. Sakinlər “Melissa Park” şirkətinin onların evlərini sökməsinə qarşı çıxıblar. Sosial mediada sakinlər içində ola-ola evlərin söküldüyünü əks etdirən videolar yayılıb.
“Mənim evdə avadanlığım, əşyalarım var. Hamısı daşın altındadır. Gəlsinlər, onların ziyanını da ödəsinlər. Mən kasıbçılıqla alıb yığmışam evimə. Sən nə ixtiyarla mənim evimi sökürsən?”, – sakinlərdən biri Ruhəngiz Babayeva “Amerikanın Səsi”nə deyib.
Sakinlər şirkət nümayəndələri ilə görüşə bilmədiklərini bildirirlər. Ailələrin iddiasına görə, şirkət onlarla razılaşdırmadan evlərini sökməyə başlayıb.
“İndiyə qədər bizimlə görüşən olmayıb. Bizə bir qiymət deyilməyib. Ancaq hədə-qorxu yoluyla bizim evlərimizi sökürlər ki, biz bunlardan qorxaq, dedikləri qiymətlə razılaşaq. Biz ona razı deyilik. Çünki evlərin qiyməti bahadır. Biz Yasamal rayonunda yaşayırıq, mən şəxsən elə Yasamal rayonunda qalmaq istəyirəm, qıraq yerdən ev almaq istəmirəm. Yasamal rayonunda bu gün evlərin kvadratmetri 2500 manatdan aşağı deyil”, – başqa bir sakin Sahib Bağırov “Amerikanın Səsi”nə bildirib.
“Melissa Park” şirkəti medianın məsələylə bağlı sorğusunu cavablamayıb. Dövlət Şəhərsalma və Arxitektira Komitəsindən isə “Amerikanın Səsi”nə bildirilib ki, Bakının Yasamal rayonunun 1-ci Alatava qəsəbəsindəki söküntü işləri dayandırılıb və ərazi nəzarətə götürülüb.
“Vosmoy bazarı” ətrafındakı obyektlər
Oktyabrın 29-u gecə saatlarından Bakının Nizami rayonunda yerləşən “Vosmoy bazarı” kimi tanınan “8-ci km” ticarət mərkəzinin ətrafındakı obyektlər sökülməyə başlayıb. Ərazidə artıq 150-dən çox piştaxta və köşkün söküldüyü bildirilir.
“Deyirlər icra hakimiyyətindən əmr gəlib ki, buralar sökülməlidir. Deyirlər ki, bizi yerləşdirəcəklər, amma yalan söhbətdir. Kasıbın qayğısına qalan kimdir ki?”, – piştaxtası sökülən xırda sahibkar Sevinc Hüseynova “MeydanTV”yə deyib.
Nizami rayon İcra Hakimiyyətindən “Turan”a bildirilib ki, söküntü işləri yalnız bazarın ətrafında gedir:
“Bazarda heç bir iş aparılmır. Bazar ətrafında qanunsuz quraşdırılmış piştaxtalar və köşklər sökülür. Yəni, qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur”.
Ticarətçilər isə onilliklərdir ki, orada onlara ticarət etməyə icazə verildiyini deyirlər.
“Biz bu qədər illər ərzində hökumətin icazəsi olmadan öz başımıza necə ticarət edə bilərik burda? Əgər qanunsuz idisə, şəhər rəhbərliyi hara baxırdı? İndi ayılıblar?”, – deyə tacirlərdən biri sual edir.
Qanuna görə, yalnız dövlət ehtiyacı üçün vətəndaş mülkiyyətini satmağa məcbur ola bilər
Vəkil Nemət Kərimli məsələ ilə bağlı “JAMnews”a bildirib ki, yaranan situasiyada vətəndaşların mülkiyyət hüququnun pozulduğuna şübhə yeri yoxdur.
“İstər Azərbaycan Konstitusiyasına görə, istər beynəlxalq konvensiyalara görə, hər bir şəxsin mülkiyyət hüquqi var. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, yalnız dövlət ehtiyacları üçün vətəndaşların evlərini satması məcburi ola bilər. Bu halda belə, satınalma evin məbləğini ədalətli ödəməklə mümkündür. Özəl şirkətlərin isə ümumiyyətlə belə bir hüququ yoxdur”,– vəkil deyir.
Dövlət ehtiyacı nədir?
“Ərazidə hansısa dövlət əhəmiyyətli obyektin tikilməsi, milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı hansısa işin görülməsi, yaxud ərazinin tamam boş qalması dövlət maraqlarına xidmət edirsə, bu, dövlət ehtiyacı sayılır. Digər bütün səbəblər – yeni yaşayış binası, ticarət mərkəzi və sairə obyektlərin tikintisi işlərini görmək heç bir halda dövlət ehtiyacı ilə əsaslandırıla bilməz”, – Nemət Kərimli izah edir.
Vəkilin sözlərinə görə, həm evlərin, həm də iş yerləri sökülən vətəndaşlar mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilərlər:
“Yerli instansiyalarda buna nail olmasalar da, məsələni Avropa Məhkəməsinə qədər aparmaq olar. Strasburqda həllini tapmış mülkiyyətlə bağlı oxşar işlər çox olub”.