Bakıda qadına şiddətə qarşı etiraz marşı: polisin səylərinə baxmayaraq yürüş baş tutdu
Bakıda qadınlara şiddətə qarşı razılaşdırılmamış etiraz aksiyası keçirilib. Əvvəlcə polis kobud şəkildə aksiyanı dağıdıb, lakin nəticədə bəzi iştirakçılara marşrutun sonuna çatmağa imkan yaradılıb.
Yürüşün səbəbləri
Oktyabrın əvvəlində Bakıda kişi həyat yoldaşını münaqişə zəminində qətlə yetirib. O, üç uşağının və təsadüfi şahidlərin gözləri qarşısında qadına küçədə bıçaqla 25 dəfə zərbə endirib. Bu hadisə hamıda şok effekti yaradıb, kimsə son dövrlərdə məişət zorakılığının statistikasını hesablayıb və müəyyən edib ki, 5 gün ərzində az qala 10 qadın məişət zəminində öldürülüb, ya da qəddarlıqla döyülüb.
Bu, sosial şəbəkələri və medianı yenidən məişət zorakılığı haqqında danışmağa vadar edib. Sosial şəbəkələrdə #QadınaŞiddətəYox teqi altında etiraz kampaniyası başlayıb. Bir çoxları dövlətdən müdaxilə etməyi və hər hansı tədbir görməyi tələb edib.
Məişət zorakılığı Azərbaycanda çox aktual mövzudur. “The Advocates for Human Rights” hüquq müdafiə təşkilatının hesablamalarına görə, bu və ya digər formada bunu qadınların 43%-i yaşayıb.
Qadınlar həm ərləri, həm də ailənin digər üzvləri – ataları, qardaşları, qayınataları və ya qayınanaları tərəfindən döyülməyə məruz qalırlar. Bunun üçün səbəb nə desən ola bilər – qısqanclıqdan tutmuş kiçik münaqişəyə qədər.
Azərbaycanda hələ 2010-cu ildə qəbul edilmiş məişət zorakılığının aradan qaldırılması haqqında qanun mövcuddur. Lakin əməldə o, praktiki olaraq işləmir, çünki hətta polis də əksər hallarda məişət zorakılığını “ailədaxili iş” hesab edir.
İstirahətə daha çox nə “mane olur”: qətllər, yoxsa onlara qarşı etirazlar
“Şiddətə dözmə! Qadınlara şiddətə son!” şüarı altında aksiyanı bir qrup fəal təşkil edib. Aksiya sülh marşı kimi düşünülmüşdü: onlar şəhərin mərkəzində – şairə Natəvanın heykəlinin yaxınlığında toplaşaraq, bir neçə yüz metr irəliləməyi və “finiş”də tələblər əks etdirilmiş bəyanatı oxumağı planlaşdırmışdılar. Tələblərdən ən əsası ölkə hökumətinin İstanbul konvensiyasını – Avropa Şurasının məişət zorakılığı və qadınlara şiddətə qarşı beynəlxalq sazişini imzalamasıdır. Konvensiya 2014-cü ilin avqust ayının 1-də qüvvəyə minib. Hazırda onu 50 ölkə (Gürcüstan və Ermənistan daxil olmaqla) imzalayıb.
Bu zaman qeyd olunurdu ki, marş sırf sülh xarakteri daşıyacaq, aksiyanın mövzusuna uyğun olmayan şuarlar qadağan edilir.
Təşkilatçılar şəhər hakimiyyətinə aksiyanın keçirilməsinə icazə verilməsi üçün müraciət etmişdilər. Lakin onlar etiraz edərək bildirmişdilər ki, aksiya “vətəndaşların istirahətinə mane olacaq” və “məqsədəuyğun deyil”.
“Deməli, qadınların küçədə qətlə yetirilməsi şəhər sakinlərinin istirahətinə mane olmur, marş mane olur?!” – təşkilatçılar hiddətlənərək, qadağaya baxmayaraq, aksiyanı keçirmək qərarını verdilər.
O, oktyabrın 20-də saat 15-də başlamalı idi.
Aksiya necə keçdi
Aksiyanın başlanmasına bir saat qalmış heykəl ətrafındakı ərazi polis tərəfindən nəzarətə götürülmüşdü. Onların arasında qadın polis əməkdaşları da vardı ki, son dövrlərdə onları qadın iştirakçıların saxlanılması məqsədilə mitinqlərin dağıdılmasına məxsusən cəlb edirlər. Kənarda bir neçə xidməti maşın gösləyirdi.
Əvvəlcə heykəlin qarşısında onlarla fəal və təxminən o qədər də jurnalist dayanmışdı.
Fəallar şüarları əllərinə alaraq onları səsləndirməyə başlayan kimi polis kobud şəkildə etirazçıları qovmağa başladı. Təxminən beş nəfər saxlanıldı və demək olar ki, dərhal buraxıldı. Bəzilərini zorla avtobusa mindirdilər.
Polis iştirakçıların bir qismini dar kənar küçəyə sıxışdırdı və beləliklə, aksiyanı lokallaşdırdı. Onları burada dağılmağa dilə tuturdular. Nəticədə, fəallar yenə də öz tələblərini səsləndirə bildilər.
Bununla birlikdə, digər aksiya iştirakçıları əllərindəki şüarlarla təyin olunmuş yerə çatdılar və onları artıq heç kim izləmirdi.
Dünən, oktyabrın 19-da, polis və xüsusi təyinatlılar müxalifətin mitinqini qəddarlıqla dağıtmışdı.
This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.