Bakıda müxalifətin piketi: saxta etirazçılar, polislə qarşıdurma və saxlanılan 30 nəfər
Bakının mərkəzində müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) razılaşdırılmış piketi baş tutub. Hakimiyyət 50 nəfərlik piketin keçirilməsinə icazə verib, gələnlərin sayı isə qat-qat çox olub. Nəticədə polis “artıqları” qovub. İlkin məlumata görə, 30 nəfərə yaxın etirazçı saxlanılıb.
• Tbilisi mitinqlərinin yarı-yamaykalı içtirakçısı
Tarixçə: günəş altında yer naminə mübarizə
Əvvəllər müxalifət mitinqlərini Bakının kənar rayonlarından birində “Məhsul” stadionunda keçirirdi. Hakimiyyət onlara şəhərin yalnız bu məkanında toplaşmağa icazə verirdi.
Amma sentyabrın əvvəlində stadion əsaslı təmirə bağlanıb.
Milli Şura şəhərin mərkəzinə yaxın başqa bir məkanda mitinq keçirmək üçün icazə almağa cəhd göstərib. Mitinqin mövzusu siyasi məhbuslar, korrupsiya və hakimiyyətə qarşı digər iddialar olmalı idi.
Amma hakimiyyət müxalifətə mitinqi Lökbatanda keçirməyi təklif edib. AXCP şəhər kənarında toplaşmaqdan imtina edib.
Nəticədə Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında mitinqə yox, piket keçirməyə icazə verilib. Bununla əlaqədar olaraq AXCP mövzunu dəyişmək qərarına gəlib. Piket toplaşmaq azadlığına həsr olunub.
Saxta etirazçıların iştirakı ilə piket
Piket sentyabrın 8-də saat 15:00-da başlayıb.
Piketə gedib çıxa bilməyən bəzi fəallar bildiriblər ki, hakimiyyət əvvəlcədən aksiya məkanına öz adamlarını saxta etirazçılar kimi yerləşdirib ki, 50 nəfər toplaşsın və qalanları oraya buraxmamaq üçün “qanuni əsas” yaransın.
Polisin yanında dayanan bir neçə nəfərin “İlham Əliyev, biz sizinləyik” şüarı yazılmış plakat açması da bu versiyanı təsdiqləyir. Bu, müxalifətçiləri hiddətləndirib, onlardan ikisi plakatı cırıb və onlar saxlanılıblar.
Piket hakimiyyətin azad toplaşmaq hüququ ilə bağlı Konstitusiyanın tələblərinə və beynəlxalq öhdəliklərə əməl etməsi tələbinin ifadə olunduğu qətnamənin oxunması ilə yekunlaşıb.
Növbəti mitinq oktyabrın 19-a təyin edilib.
Şahidlərin danışdıqları
“14:55-də mən piket keçirildiyi yerə yaxınlaşdım. Bütün kvartal xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınmışdı. 30 nəfərə yaxın adam piketdə iştirak etmək istəyirdi, amma polis onları ordan sıxışdırdı. İki nəfəri mənim gözlərimin qarşısında saxladılar”.
“Mən piketin keçirildiyi yerin yaxınlığındakı parka çatanda, orada iyirmiyə yaxın adam vardı, polis və xüsusi təyinatlılar onları ordan sıxışdırıb çıxarmağa çalışırdı. Parkda sadəcə skamyalarda oturan insanları da qovurdular. Mənim yanımda dörd nəfər saxlanıldı. Mənə elə gəlir ki, piketin dağıdılmasında mülki geyimli güc strukturu əməkdaşları da iştirak edirdi: onlar polislə nəzə müzakirə edirdilər, ordakıları diqqətlə nəzərdən keçirir, şəkillərini çəkirdilər”.