Bakıda birinci tanqo festivalı başlayıb
Oktyabrın 4-də Bakıda Argentinanın Azərbaycandakı səfirliyinin dəstəyilə birinci tanqo festivalı başlayıb. Festival üç gün davam edəcək.
Bakının müxtəlif rəqs meydançalarında festival çərçivəsində pulsuz seminarlar keçiriləcək. Azərbaycan, Gürcüstan və Argentinadan olan təlimçilər açıq tanqo və Argentina folkloru dərsləri verəcək, tanqo performansları göstərəcək, arzu edənlər isə fərdi dərs də ala biləcəklər. Festival çərçivəsində milonqalar – Argentina tanqosu axşamları – və tanqo marafonları təşkil olunacaq, AzərTac yazır.
Azərbaycandan olan tanqo müəllimi İlham Osmanov və Əlfiyə Sultanova, o cümlədən də Gürcüstanın rəqs studiyalarından dəvət olunmuş müəllimlər həm yeni başlayanlar, həm də artıq bu rəqsin ifa texnikasına sahib olanlar üçün təlimlər keçəcəklər.
Milonqa həm Cənubi Amerika rəqs növüdür, həm də Argentina tanqosu oynanılan və tanqo musiqisinin səsləndiyi rəqs axşamıdır. Əsl milonqanın öz qaydaları var (kodiqos). Musiqi anlamında milonqa tanqodan daha sürətli rəqsdir. Hesab olunur ki, bu rəqsin mənşəyində həm də Afrika kökləri var. Milonqa bir qayda olaraq, cəld nizamlı hərəkətlərdən ibarət sürətli, həyatsevər və dəcəl rəqsdir.