Bakıda yoluxma saylarının davamlı kəskin artması səbəbilə (iyulun 2-də 572 yeni yoluxma qeydə alınıb) iyunun 21-dən yenidən tətbiq edilən və iyulun 20-ə qədər davam edəcək sərt karantin rejiminə nəzarət vasitələri dəyişir.
Hakimiyyət bildirir ki, pandemiya şəraitində əhalinin yaşamının yaxşı tənzimlənməsinin qayğısına qalırlar. Amma cəmiyyət onsuz da sərt olan qaydaların daha da sərtləşəcəyindən narahatdır.
Azərbaycanda pandemiya başlayandan 18684 nəfər virusa yoluxub. Onlardan 228 nəfər ölüb, 10425 nəfər sağalıb.
Bakıda və bir neçə digər şəhər və rayonlarda ərzaq mağazaları və apteklərdən başqa bütün satış obyektləri yenidən bağlanıb, metronun hərəkəti dayandırılıb. İctimai nəqliyyat həftəsonları işləmir, biznes müəssisələrinin əksəriyyəti qapanıb. Əsas məhdudiyyətlərdən biri hərəkət məhdudiyyətidir. İnsanlardan evdə qalmaq tələb olunur, yalnız hakimiyyətdən sms-icazə almaqla gün ərzində bir dəfə iki saatlıq evdən çıxmaq mümkündür.
İyulun 2-dən yollarda sürücülərin və sərnişinlərin sms-icazələrinin olub-olmadığını yoxlayan polis postlarının ləğv olunmasına qərar verilib. Bu, böyük tıxacların əmələ gəlməsinə səbəb olurdu.
Amma cəmiyyən bu qərarı dəyərləndirməyib. Sosial şəbəkələrdə fəal şəkildə əslində hakimiyyətin daha sərt karantin rejimi tətbiq etməyə hazırlaşdığı haqda yazırlar.
Sms-icazə sistemi necə işləyir?
İlk dəfə sms-icazə sistemi 2020-ci il martın 27-də tətbiq edilib və mayın 15-ə qədər davam edib.
Ləğv edildikdən sonra isə Azərbaycanda gündəlik koronavirusa yoluxma halları onlarladan yüzlərləyə yüksəlib. Hakimiyyət belə hesab edib ki, pandemiya ilə mübarizədə sms-icazə sistemi effektli olub və buna görə də iyunun 21-dən yenidən eyni sistemi tətbiq edib.
Gün ərzində bir dəfə xüsusi nömrəyə evdən çıxma səbəbinin (banka, ərzaq və ya dərman almağa, həkimə getmək) kodu və şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilməklə sms göndərərək iki saatlıq icazə almaq mümkündür.
Piyadaları küçələrdəki polislər, sürücüləri və sərnişinləri isə hazırda ləğv olunan postlardakı patrullar yoxlayırdı.
İndən belə təsadüfi qaydada yoxlama aparılacaq. Həmçinin Yol Polisi İdarəsi yoxlamalarda müşahidə kameralarından da yararlanmaq niyyətindədir.
İdarədən kameralar vasitəsilə sürücünün və sərnişinin evdən çıxmaq icazəsinin olub-olmadığını məhz necə yoxlayacaqlarına aydınlıq gətirilməyib.
Sosial şəbəkələrdə insanlar əsasən yeni tədbirlərlə, xüsusən də müşahidə kameralarının yoxlamadakı rolu ilə bağlı çaşqınlıqlarını paylaşırlar.
“Əgər mən həkim qəbuluna gedib-gələcəmsə, qəbul da iki saatdan daha çox çəkəcəksə, kamera həkimin verdiyi arayışı necə yoxlayacaq?”
“Bizə çip qoyacaqlar və iki saatlıq icazəmizin olub-olmadığını yoxlayacaqlar?”
“Birdən maşında beş adam oldu və onlardan ancaq sürücünün icazəsi oldu, onda necə?”
Bir çox Bakı sakinləri iyun ayında iki həftə tətbiq edildiyi kimi yenə də həftəsonları evdən çıxmağın qadağan ediləcəyindən narahatdırlar. Sosial şəbəkələrdə bu travmalı təcrübə haqda çox yazırlar. İki günlük tam qadağa zamanı insanlar hətta dərman almaq və ya təcili tibbi yardım üçün evdən çıxmaq imkanından da məhrum olmuşdular.