Bakı COP29-a evsahibliyi edəcək. Şəhər buna hazırdırmı? Şərh
Bakı COP29-a evsahibliyi edəcək
Gələn il Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi edəcək. Hətta Ermənistan da Azərbaycanın xeyrinə bu tədbirə evsahibliyi etmək üçün namizədliyini geri götürüb. Bu, nə konfransdır və niyə bu qədər vacibdir? Bakının evsahibliyinə nə mane ola bilər?
- “Onların mənə ehtiyacı var” – Digər kişilərə nümunə olan tənha atanın hekayəsi
- Prezident ailəsinin bizneslərini araşdıran media hədəfdə
- Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə uzadılıb. Sərhədlər bağlı qalır
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilən 28-ci sessiyasında Azərbaycanın 2024-cü ildə növbəti sessiyaya evsahibliyi edəcəyi açıqlanıb.
Ermənistan və Bolqarıstan Azərbaycanın xeyrinə namizədliklərini geri götürüblər. Yerevanın geri çəkilməsi barədə dekabrın 7-də Ermənistan baş nazirinin dəftərxanası və Azərbaycan Prezidentinin Administrasiyasının birgə bəyanatında bildirilib.
Bunun müqabilində Azərbaycan Şərqi Avropa Qrupundan Ermənistanın COP Bürosu üzvlüyünə namizədliyini dəstəkləyib.
COP nədir?
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dünyanın 180-dən çox ölkəsi, o cümlədən keçmiş SSRİ-nin bütün ölkələri və bütün sənayeləşmiş ölkələr tərəfindən iqlim dəyişikliyi ilə bağlı dövlətlərin fəaliyyət göstərməsi üçün ümumi prinsiplər haqqında imzalanmış sazişdir. Konvensiya 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində təntənəli çəkildə qəbul edilib və 21 mart 1994-cü ildə qüvvəyə minib.
2000-ci ildən etibarən sessiyalar hər il dünyanın müxtəlif yerlərində keçirilir.
Dubayda keçirilən COP28-də 140-dan çox ölkənin liderləri iştirak edib.
Azərbaycan üçün ən böyük tədbir
İqtisadiyyatçı-ekspert Fərid Mehralızadənin sözlərinə görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası sessiyası Azərbaycanın müstəqillik dövründə evsahibliyi edəcəyi ən böyük tədbir olacaq.
JAMnews-un müsahibi qeyd edib ki, bu il Dubayda keçirilən tədbirə dünyanın 100-dən çox ölkəsindən 80 min insan qatılıb. Texniki işçilərlə birgə tədbir iştirakçılarının sayı 100 mini ötüb.
“Ondan öncə, 2022-ci ildə Misirdə keçirilən tədbirdə 50 min qonaq iştirak edib. Yəni, COP29-la bağlı Bakıya onminlərlə insanın gəlişi gözlənilir, eyni zamanda onlarla ölkənin dövlət və hökumət başçıları”, – deyə Mehralızadə bildirib.
Bakı üçün ciddi sınaq
Ekspert vurğulayıb ki, Bakıdakı mövcud infrastukturu da ciddi sınaq gözləyir. Ən çox da otel və hava limanı baxımından:
“Statistika Komitəsinin bu ilin əvvəlinə olan göstəricisinə görə, Bakıdakı bütün otellərin birdəfəlik tutumu cəmi 24 minə bərabərdir. Bütün Azərbaycandakı otellərin birdəfəlik tutumu isə, 56 minə bərabərdir. Yəni, rəsmi rəqəmlərdən görünür ki, COP29 üçün Azərbaycana gəlməsi gözlənilənlərin sayı nəinki Bakının, bütün ölkənin otellərinin birdəfəlik tutumundan çox ola bilər.
Yəqin ki, hökumət “Olimpiya kəndi”ni də istifadə edəcək amma tək o kompleks kifayət edəcəkmi, sual altındadır.
Hava limanının da bir neçə günə bu qədər adamı qəbul etməsi digər məsələdir. Xatırlayırsınızsa, Bakıda keçirilən Avroliqa finalında (Çelsi-Arsenal) 70 minlik stadiondan xarici azarkeşlərə cəmi 15 min bilet ayrılmışdı. UEFA bunu Bakı hava limanının lojistika imkanları ilə əlaqələndirmişdi.
Yəni, görünən odur ki, Bakı bu tədbirə özündən öncəki şəhərlərdəki qədər qonağı qəbul edərək evsahibliyi etmək istəyirsə, şəhərin lojistika imkanları ciddi artırılmalıdır.
Digər tərəfdən, bir neçə ölkənin iştirak etdiyi kiçik tədbirlər olduqda belə Bakıda əksər əsas yollar bağlanırsa, COP29 dövründə yollarda olacaqları düşünəndə adamın tükləri biz-biz olur”.