Azərbaycanda tele-aparıcının məsuliyyətsiz adlandırdığı dövlət qurumuna yazdığı açıq məktub ciddi müzakirə olunur
Tanınmış tele-aparıcı Azər Qərib öz facebook səhifəsində dövlət qurumlarının virusa qarşı məsuliyyətsizliyini tənqid edən açıq məktub yazıb:
“Yükü vətəndaşların üstünə atmağa başlayıblar, onlar doğru işləmədiklərinə görə ölkədə 4 aydır ki, karantindir, amma nəticəsi hələ də yoxdur.
Virusa inanmayan vətəndaşlar əslində TƏBİB-ə (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) inanmırlar, çünki onlar vətəndaşlara düzgün informasiya çatdırmırlar”.
Məktuba kütləvi dəstək gəlib, dərc olunduğu andan bəri məktubu səkkiz min nəfərdən çox istifadəçi paylaşıb, 17 000 nəfər isə bəyənib.
İyulun 8-ə qədər Azərbaycanda ümumi 21 374 nəfər koronavirusa yoluxub. Onlardan bu günə qədər 265-i ölüb, 12 635-i sağalıb, 8 474 nəfərin isə müalicəsi davam edir. Artıq neçə aydır ki, qısa yumşalmalar istisna olmaqla ölkədə sərt karantin rejimi qüvvədədir. Ticarət mərkəzləri, salonlar, restoranlar və metro bağlanıb. İctimai nəqliyyat həftəsonları işləmir. Vətəndaşlardan evdə oturmaları tələb olunur və onlar evlərini ancaq vacib ehtiyacları olduğu halda 2 saatlıq sms icazəsi ilə tərk edə bilərlər.
Payızda vəziyyət daha da gərgin olacaq
Digər ölkələrdə karantin rejiminin artıq aradan qalxmağa başladığı halda Azərbaycanda sərtləşdirilmiş karantin rejiminin davam etdiyinə, TƏBİB nümayəndələrinin brifinqdə səsləndirdiyi “payızda vəziyyət daha da gərgin olacaq” xəbərdarlığına isə Azər Qərib belə reaksiya verib:
“Necə yəni daha da pis olacaq? Əgər daha da pis olacaqsa və hamımız payızda qırılacağıqsa, onda nə mənası var bu karantinin?” – Azər Qərib sual edib.
“Bütün dünya alimləri bar-bar bağırırlar ki, insanlara D vitamini lazımdır, biz isə sahil şəhəri olaraq evlərdə qapanmışıq. TƏBİB düz deyir, payızda pis olacaq, çünki bu gün günəşə, dəniz havasına həsrət qalan, immunitetini gücləndirməkdən məhrum olanlar payızda kütləvi olaraq xəstələnəcəklər”.
• “Bizimlə heç kim maraqlanmır”. Azərbaycanda koronavirus xəstəsinin hekayəsi
• Maska, baryerlər, bahalaşma. Gürcüstanda koronavirusdan sonra turizm necə görünəcək
• Azərbaycan iqtisadiyyatını nə gözləyir – Natiq Cəfərli ilə müsahibə
• Tanınmış azərbaycanlı jurnalist atasının ölümündə səhiyyəni günahlandırıb
O, həm də karantindən çıxan ölkələrin adlarını qeyd edərək Operativ Qərargaha öz iradını bildirib:
“Niyə bu camaata Gürcüstan haqda demirsən? Niyə demirsən ki, karantinə hamıdan gec gedən Britaniya artıq karantindən çıxır? Nəyə görə şərh etmirsən Belarus misalını, elə bil belə bir ölkə yoxdur kimi aparırsan özünü?”
4 aylıq karantin rejimini Azər Qərib “rus ruletkası” ilə müqayisə edib. O, hökumətin metroyla bağlı qəbul etdiyi dəyişkən qərara da toxunub:
“Metronu açaq, yox, gəlin bağlayaq, postları götürək, yox gəlin qaytaraq, lokdaun edək, yox etməyək, bu, belə deyir, digəri başqa cür, məgər dörd ay az müddətdir qurumlar arasında mükəmməl koordinasiya qurmaq üçün, vahid informasiya siyasətini formalaşdırmaq üçün?”
Azər Qərib onu da qeyd edib ki, insanları bu halda günahlandırmaqdansa onlara ümid vermək lazımdır, insanları vahiməyə salmaq onları virusdan qorumaq sayılmır:
“Pisdir bunun fəsadları, insanlar aqressivləşir, hamı bir-birinə şübhə ilə baxır, “acından ölməkdənsə, virusdan ölmək yaxşıdır” məntiqi çıxır ortaya”.
Jurnalist həm də müraciətində bildirib ki, TƏBİB insanları maarifləndirməlidir, başa salmalıdır ki, COVİD-19 virusuna tutulmaq heç də o demək deyil ki, öləcəksən, bu xəstəlikdən sağlamaq mümkündür.