İlham Əliyev Dövlət Departamentini Azərbaycana təzyiq göstərməkdə ittiham edib, deputatlar USAİD-in ölkədən çıxarılmasını istəyirlər
Azərbaycanla Qərb arasında gərginlik
Azərbaycanla Qərb arasında gərginlik gündən günə qızışır. Azərbaycan prezidenti İlham Əliyev 60-dan çox konqresmenin ABŞ dövlət katibinə Azərbaycan hökumətinə təzyiq göstərmək xahişi ilə müraciətinə cavab olaraq bildirib ki, bu müraciətin müəllifi və ünvanı eynidir. “Bunun ünvanı Amerika Dövlət Departamentinin dövlət katibidir. Amma məndə zərrə qədər şübhə yoxdur ki, bu müraciət elə Amerika Dövlət Departamentində yazılır”, deyə o bildirib.
Milli Məclisin deputatları isə ölkənin xarici işlər nazirinə müraciət edərək, ABŞ-la münasibətlərə yenidən baxılmasına və müdafiə sahəsində əməkdaşlığa dair sazişlərin denonsasiyasınıa çağırıblar.
“ABŞ-ın hərəkətləri əsasında belə qənaətə gəlmək olar ki, Vaşinqton üçün region ölkələrinin Rusiya və İranla qarşı-qarşıya dayanması arzuolunandır. Ağ Evə məhz qarşıdurma lazımdır!”, – azərbaycanlı politoloq Fərhad Məmmədov deyir.
- “Azərbaycansız müzakirələrin aparılması ədalətli deyil”. AŞPA-da Azərbaycan tənqid olunub
- Yaxın Şərq dalanı. Bakıdan baxış
- Keçmiş deputat 8 il müddətinə azadlıqdan məhrum edilib
Nə baş verib?
Oktyabrın 3-də 60-a yaxın amerikalı qanunverici dövlət katibi Entoni Blinkinə müraciət edərək COP29 iqlim sammitinə qədər siyasi məhbusları azad etmək üçün Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyi xahiş edib.
Arasında 10 senator və 48 konqresmenin olduğu qanunvericilər Blinkeni Azərbaycanı siyasi məhbusların azad edilməsi üçün “real tədbirlər” görməyə məcbur etməyə və Ermənistana qarşı “sülh danışıqlarını pozma riski” daşıyan təxribatçı bəyanatları pisləməyə çağırıblar.
“Biz Dövlət Departamentini COP29-da uğurlu diplomatiya üçün daha əlverişli mühit yaratmaqdan ötrü etnik ermənilər də daxil olmaqla, bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə nail olmağa çağırırıq”, – məktubda deyilir.
“Əfqanıstanın işğalı başlayanda Azərbaycan ABŞ-a lazım idi, oradan qaçanda isə sanksiyalar tətbiq etdilər”
“Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşündə bildirib.
“O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”, – AzərTac Dövlət Agentliyi Əliyevdən sitat gətirib.
Bunun səbəbləri barədə danışan dövlət başçısı deyib:
“Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika prezidenti tərəfindən qaldırılırdı. Onlar ki Əfqanıstandan qaçdılar, – özü də bütün dünyanın gözü qarşısında, – bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!”.
“Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər.
Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?”, – deyə dövlət başçısı vurğulayıb.
“ABŞ-la münasibətlərə yenidən baxılsın, USAID-in Azərbaycandakı fəaliyyəti dayandırılsın”
Prezidentin çıxışının ardınca Milli Məclisin 43 deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ-la münasibətlərə yenidən baxılması və müdafiə sahəsində əməkdaşlığa dair sazişlərin denonsasiyası çağırışı ilə çıxış edib.
“Azərbaycana qarşı insan haqları və beynəlxalq humanitar hüquq sahəsində iddialar irəli sürən müraciət müəlliflərinə xatırlatmaq istərdik ki, ABŞ-ın İraq, Əfqanıstan və dünyanın digər regionlarında apardığı müharibələr zamanı milyonlarla dinc sakinlər həlak olub. Bir çox insan işgəncələrə məruz qaldı və məhkəməsiz cəzalandırıldı.
İnsan haqlarından danışan ABŞ ən mühüm insan haqları konvensiyalarına qoşulmayıb. Məhz ABŞ uzun illərdir ki, BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisini Quantanamo həbsxanasına buraxmayıb”, – MM üzvləri vurğulayıblar.
Onların fikrincə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa ilə birlikdə “Azərbaycan torpaqlarının işğal altında qalmasını təmin etməyə çalışırdı”.
“Ermənistanın suverenliyi və ərazi bütövlüyündən daim danışan konqresmenlər heç vaxt Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətdən danışmayıblar”, – daha sonra müraciətdə deyilir.
Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün deputatlar nazirdən aşağıdakı addımları həyata keçirməyi xahiş edir:
- Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi;
- Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması;
- ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması.
Ekspert rəyi
Azərbaycanlı politoloq Fərhad Məmmədov ABŞ-ın Cənubi Qafqaz ölkələri, o cümlədən də Azərbaycanla münasibətlərini və regiondakı maraqlarını təhlil edib:
ABŞ Cənubi Qafqaz üçün nə təklif edir?!
ABŞ dövlət katibinin müavini Ceyms O`Brayen Rusiya və İranın yaratdığı təhlükəsizlik arxitekturasının Cənubi Qafqaz ölkələri üçün arzuolunmaz olduğunu bildirib.
“Regional (Cənubi Qafqaz) təhlükəsizliyin əsas oyunçuları kimi Rusiya və İran oxu ətrafında qurulmuş gələcək qeyri-sabit və arzuolunmazdır, o cümlədən Ermənistan və Azərbaycan hökumətləri üçün”, – O’Brayen deyib.
Yaxşı fikirdir, amma…
Ermənistan və Azərbaycan üçün nəyin arzuolunmaz, nəyin faydalı olması ilə bağlı ABŞ rəsmisinin fikirləri təqdirəlayiqdir.
Amma Azərbaycan liderləri ABŞ-ın tövsiyəsi olmadan hələ 25 il öncə özləri bu fikrə gəliblər. Azərbaycan Gürcüstan və Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərini üçtərəfli formatda rəsmiləşdirib, Vaşinqtonun isə buna həmişə biganə münasibəti olub. Azərbaycanın ABŞ-ın maraqlarına uyğun olan bütün strateji layihələri bu üçtərəfli formatda reallaşır.
Azərbaycan KTMT-yə daxil olmayıb, Rusiyanın lider olduğu Aİİ və Gömrük İttifaqının üzvü deyil. Azərbaycanla Rusiyanın təbii ticarət əlaqələri var.
Moskva ilə Bakının yalnız müttəfiqlik əməkdaşlığı bəyannaməsi var ki, bu da Rusiya sülhməramlılarını Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarmağa imkan verib.
Azərbaycanın İranla münasibətləri mürəkkəb və ziddiyyətlidir.
Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizi yalnız iqtisadi layihədir, burada hər hansı bir oxun formalaşmasına işarə yoxdur.
Azərbaycanda gələcək inkişafın oxu Şərq-Qərb və Şimal-Cənub vektorlarında TDT ətrafında formalaşır. Bakı ilə razılaşdırılmış bütün məsələlər real şəkildə işləyir!
Bəs Ermənistan?
Ermənistan Rusiyanın müttəfiqidir, ölkə KTMT, Aİİ və Gömrük İttifaqının üzvüdür. Ermənistanda Rusiya hərbi bazası var, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) isə Ermənistanın Türkiyə və İranla sərhədlərində dayanır! Paşinyan hökuməti Rusiya ilə ticarət dövriyyəsini ildə 14-16 milyard dollara çatdırır.
Ermənistanın Rusiya ilə bütün sahələri əhatə edən geniş əlaqələri mövcuddur.
Ermənistanın İranla əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir və onlar da inkişaf edərək dərinləşir. Ən azı Paşinyan son bir neçə ildə Xamneyi ilə görüşən regionun yeganə lideridir!
İran Aİİ ilə qarşılıqlı əlaqələrini Ermənistan vasitəsilə qurur!
Beləliklə də, Ermənistan Moskva və Tehran oxunda olmağın bariz nümunəsidir!!!
Bəs ABŞ buna necə reaksiya verir?!
İndiki Amerika administrasiyasının dezavantajı ondan ibarətdir ki, bu cür bəyanatlar verərkən, ilk növbədə, sonrakı addımlarında uyğunsuzluq nümayiş etdirirlər.
ABŞ Ermənistanla yaxınlaşaraq onun siyasətini ağlabatan adlandırır və Azərbaycanı özündən uzaqlaşdırmaq üçün hər şeyi edir. Prezident İlham Əliyev bu uyğunsuzluğu “nankorluq” adlandırıb.
O`Brayen bəyanatından ABŞ-ın nöqteyi nəzərindən region ölkələri üçün nəyin arzueolunmaz olduğu anlaşılır. Bəs arzuedilən nədir?! Bu barədə bir söz deyilmir.
Lakin ABŞ-ın hərəkətləri əsasında belə qənaətə gəlmək olar ki, Vaşinqton üçün region ölkələrinin Rusiya və İranla qarşı-qarşıya dayanması arzuolunandır. Ağ Evə məhz qarşıdurma lazımdır!
Ona görə də, məsələn, Azərbaycanın Rusiya və İranla münasibətlərdə müstəqilliyi Vaşinqtonda məmnunluq doğurmur.
Bir sözlə, ABŞ-da seçkilərə az vaxt qalıb və indiki administrasiyanın yox olması artıq zamanın tələbinə çevrilib, çünki Vaşinqtonun siyasətindəki bu uyğunsuzluq və qərəzlilik bütün ağlabatan sərhədləri aşır.