Azərbaycanda vaksinasiyanın məcburi olması təklif edilir
Azərbaycan parlamentində ölkədə koronavisrusa qarşı vaksinasiyanın məcburi həyata keçirilməsi təklif olunub. Vaksinasiya prosesinin analizindən sonra deputatlar bu qənaətə gəliblər – insanlar çox passiv peyvənd vurdururlar. Bəzi günlərdə peyvənd vurduranların sayı min nəfərə çatmır.
- Bakıda səs-küylü həbslər: koronavirus xəstəxanasına yerləşdirilmək neçəyədir?
- Bakıda səs-küylü həbslər: koronavirus xəstəxanasına yerləşdirilmək neçəyədir?
- Bakıda sorğu: Açıq havada maska taxılmalıdır? – VİDEO
Parlamentdə müzakirə
“Dünən mətbuatda oxudum ki, 365 nəfər vaksin vurdurub. Onlardan 362 nəfər birinci, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say niyə azdır? Vaksin yoxdur, yoxsa insanlar vaksin olunmaq istəmir?” – Azərbaycan parlamentinin iclasında deputat Qüdrət Həsənquliyev çıxışı zamanı bu sualı qaldırıb.
Onun fikrincə, vaksin olunmaq üçün yaş həddini aşağı salmaq lazımdı. “Vaxtında müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha yaxşı olardı”, – o əlavə edib.
Deputatın sualına Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin keçmiş rektoru Əhliman Əmiraslanov cavab verib. O, bildirib ki, ölkədə vaksin çatışmazlığı yoxdur: “Peyvənd olunmaq istəyən insanların sayı azdır. Belə olarsa, yavaş-yavaş yaş həddini aşağı endirməli olacağıq”.
Deputat Fəzail Ağamalı daha radikal təkliflə çıxış edib. “Elə etməliyik ki, proses məcburi olsun. Eyni zamanda elə etməliyik ki, maarifləndirmə tədbirləri daha da artırılsın. İnsanlar vaksin vurdurmağa meyilli olmalıdır”, – parlament üzvü bildirib.
Ə.Əmiraslanov isə F. Ağamalıya cavab olaraq bildirib ki, dünyanın heç bir ölkəsində məcburi peyvəndləmə təcrübəsi yoxdur.
Ölkədə vaksinasiya ilə bağlı vəziyyət
Azərbaycanda vaksinasya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Ölkədə Çin istehsalı Sinovac peyvəndindən istifadə olunur. Hakimiyyətin bildirdiyinə görə, 8 milyon doza vaksinin gətirilməsi haqda müqavilə bağlanıb. Bu, 4 milyon insanın, başqa sözlə Azərbaycanın bütün əhalisinin 40 faizinin peyvəndlənməsi üçün kifayət etməlidir.
Bu gün bütün ölkədə ümumilikdə 1 milyon 423 min 660 doza peyvənd istifadə olunub. 939.460 nəfərə ilk, 484.200 nəfərə isə ikinci doza peyvənd vurulub.
Bu statistikadan çıxış edərək deyə bilərik ki, yarım milyona yaxın ölkə vətəndaşı artıq tam vaksinasiyadan keçib və bu da əhalinin 5 faizini təşkil edir.
Ekspert rəyi
Həkim Azər İsmayılovun fikrincə, vaksinasiya prosesini asanlıqla könüllü-məcburi etmək mümkündür.
“İsrailin çox yaxşı təcrübəsi var. Son on ay ərzində ilk dəfə dost ölkədə koronavirusdan bircə ölüm halı da qeyd olunmayıb. Bəs onlar buna necə nail olublar?
İsraildə vaksinasiya könüllü-məcburi xarakter daşıyır. Orada xüsusi “yaşıl pasportlar” tətbiq edilib, həmin pasport olmasa, heç yana gedə bilməzsən. Heç bir restorana, teatra, stadiona və ya insanların qələbəlik olduğu başqa yerlərə bu sənəd olmadan heç kimi buraxmırlar. Və bu pasport ancaq vaksinasiyadan keçənlərə verilir”, – JAMnews-un müxbiri ilə söhbətində İsmayılov izah edib.
“İnsanların həvəssiz vaksinasiyasının səbəblərinə gəlincə, çox vaxt iş işdən keçməyincə, insanlarım ağlı başına gəlmir. Adi təfəkkür formasıdır: sağam, sağlamam, vaksinasiyasız da keçinərəm”, – ekspert əlavə edib.
Şərhlər
Vaksinasiya sosial şəbəkələrin Azərbaycan seqmentində də fəal müzakirə olunan mövzulardandır. Bəzi xarakterik şərhlər:
“Vaksinasiya haqda danışsaq, biz yəqin, yeganə xalqıq ki, buu dərəcədə hər şeyə qarşı laqeydik, nəinki başqaları, heç özümüz haqda da düşünmürük”.
“Sadəcə Çin istehsalı olduğu üçün vaksinə etibar etməyənləri anlamıram. Virusun özü də Avropanın deyil”.
“Əsas məsələ vaksinin özü deyil, vaksindən sonra orqanizmdə antitellərin yaranmasıdır. Tezliklə ümid edirəm ki, bu Çin vaksininin nə dərəcədə effektiv olduğunu anlayarıq”.