Azərbaycanda “Siyasi partiyalar haqda” yeni qanun hazırlanır. Siyasətçilər nə düşünür?
Azərbaycanda “Siyasi partiyalar haqda” yeni qanun
Azərbaycan parlamenti “Siyasi partiyalar haqda” yeni qanun layihəsi hazırlamağa başlayıb. Hazırda qüvvədə olan sənəd 1992-ci ildə qəbul edilib. Deputat Erkin Qədirlinin fikrincə, köhnə qanun işlək olsaydı, hələ xidmət edə bilərdi. Müxalif Müsavat Partiyasının lideri Arif Hacılı isə əmindir ki, ölkədə yeni qanunların qəbul edilməsi reaksiya xarakteri daşıyır.
- “Jurnalist Muxtarlını qaçırmaq əmrini İvanişvili verib” – həbsxanadan etiraf
- Ermənistanda jurnalistlərə qarşı fiziki zorakılıq halları artıb
- “Gürcüstan müxalifəti namizəd statusu üçün az qala bizə yalvarırdı” – Avropa Parlamentinin deputatları
Azərbaycan parlamentində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqda” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər və layihə üzərində iş artıq başlayıb. Milli Məclisin mətbuat xidməti bu haqda məlumat yayıb.
Qeyd olunur ki, qanunun ictimai əhəmiyyəti nəzərə alınaraq, ölkədə qeydiyyatdan keçmiş siyasi partiyalara yeni qanunla bağlı öz təkliflərini parlamentə təqdim etməkləri təklif olunub.
Siyasətçilərin fikirləri
“Hakim partiya var, ana müxalifət partiyası, digər siyasi partiyalar olmalıdır. Elə bir sistem formalaşmalıdır ki, bütün partiyaların fəaliyyəti üçün daha geniş imkanlar yaradılmalıdır. Bu imkanları dövlətimiz yaradıb və onların daha da genişləndirilməsi əsas hədəflərdən biridir”, – “Turan”a müsahibəsində “Yeni Azərbaycan” iqtidar partiyasının deputatı Elman Nəsirov bildirib.
Onun fikrincə, Azərbaycanda yeni siyasi mədəniyyət formalaşıb, siyasi dialoq mühiti yaranıb. “Bunun “Siyasi partiyalar haqda” qanunda nəzərə alması çox vacibdir”, – deyə o əlavə edib.
Müxalif Respublikaçı Alternativ Partiyasından olan deputat Erkin Qədirli hesab edir ki, köhnə qanunla da yaşamaq mümkün idi.
“İndiki qanun 1992-ci ilin qanunudur. Həmin qanun düzgün tədbiq olunsaydı, onunla da yaşamaq olardı. Amma prinsip etibarilə köhnəlmiş məqamlar da var orda. O vaxtdan bu yana seçki sistemi, bir neçə qanunvericilik dəyişilib, amma “Siyasi partiyalar haqqında” Qanun eyni şəkildə qalıb”, – deyə o bildirib.
“Partiya olaraq bizim gözləntimiz liberallaşdırmadır, bunun üçün normativ-hüquqi bazanın formalaşdırılmasıdır. Siyasi səhnənin keyfiyyətcə yenilənməsinə, açılmasına ehtiyac var”, – Qədirli əlavə edib.
“Ağ Pariya”nın sədri Tural Abbaslı əmindir ki, “Siyasi partiyalar haqda” köhnə qanun çoxdan dəyişməli idi.
“Partiyalar çox təsirsiz, qanunla heç bir imtiyaza sahib olmayan, seçkilərdə, dövlətin siyasi həyatında heç bir təsir mexanizmi olmayan struktur halına gətirilib. Perspektivsiz olduğu üçün partiyalara insanların da axını yoxdur.
Təbii ki, partiyalar haqqında olan indiki qanunu dəyişib mojoritar seçki sistemində qalacağıqsa, bu qanunu dəyişməyə heç ehtiyac yoxdur. Çünki partiyalar əsasən proporsional sistemlə strukturlaşır.
Təəssüflə qeyd etməliyəm ki, layihənin hələ nə olduğu bəlli deyil. Hələlik ictimai müzakirələr aparılmayıb. Biz çox istərdik ki, ictimai müzakirələr aparılsın, layihə ortaya qoyulsun…
Güman edək ki, bu qanun layihəsi ilk addım olar, partiyalar arasında sağlam rəqabət mühiti yaradılar. 58 partiyadan da 5-10 partiya qalar və onlar da dərnək yox, sözün həqiqi mənasında partiya olar”, – deyə Abbaslı bildirib.
Müxalif Müsavat Partiyasının başqanı Arif Hacılı qanuna ediləcək dəyişikliklərdən heç bir müsbət nəticə gözləmir:
“Təəssüf ki, Azərbaycanda istər Konstitusiya, istər qanun dəyişiklikləri bir qayda olaraq mürtəce xarakter daşıyır. Bu dövr ərzində keçirilən referendumlar, demokratik institutlarla, azadlıqlarla əlaqədar olan qanun layihələrində hər hansı dəyişikliklər baş veribsə, bu dəyişikliklər həmişə gerçək müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyıb.
Ancaq, hər halda, biz bu məsələni müzakirə edəcəyik və Müsavat Partiyası bu məsələ ilə bağlı qərarlar qəbul edəcək. Əgər ümumi bir qərar qəbul olunsa, qanun layihəsinə əlavə və dəyişikliklərlə və ya yeni bir qanun layihəsi ilə çıxış edəcəyik”.