Azərbaycanda internet vasitəsilə beynəlxalq zənglərin bloklanması davam edir
Mayın ortasından Azərbaycanda WhatsApp və Skype vasitəsilə video və səsli zənglər praktiki olaraq mümkün deyil.
İlkin olaraq bunun İslam Həmrəyliyi Oyunları müddətində internetdə yüklənmə olmasın deyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) müvəqqəti olaraq məcburən gördüyü tədbir olduğu haqda qeyri-rəsmi versiya səsləndirilmişdi.Bu versiyanı “Multimedia” ictimai təşkilatının prezidenti Osman Gündüz irəli sürmüşdü.
Amma mayın 22-də İslamiada bitdi, qonaqlar çıxıb getdilər, amma bu günə qədər messencerlərlə xaricə zəng vurmaq mümkün deyil. NRYTN mətbuat xidmətinin əməkdaşı Turan informasiya agentliyinə bildirib ki, messencerlərin işində heç bir məhdudiyyət yoxdur.
Nazirlik rəhbərliyi, həmçinin iqtidaryönlü deputatlar Azərbaycanda internet vasitəsilə beynəlxalq zənglərin “nizamlanmasının” vacib olduğunu dəfələrlə bildiriblər.
Müstəqil ekspertlər bu kimi planlara qarşı çıxış edirdilər.
Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, dövlətin vətəndaşla messencer arasındakı ikitərəfli münasibətlərə qarışmağa ixtiyarı yoxdur. Baş verənlərin əsas səbəbi abonentlərin zənglər zamanı xarici sosial şəbəkələrin və messencerin imkanlarından yararlandıqları üçün itirilən maliyyə gəlirinin nazirlik strukturlarında toplanmasına nail olmaqdan ibarətdir. Bundan başqa hər bir abonent haqda fərdi məlumat əldə etmək cəhdi də səbəblər sırasındadır, – Məmmədli hesab edir.
IT sahəsində ekspert İlqar Mirzə mobil telefon operatorlarının kommersiya maraqları ilə bağlı versiyanı irəli sürüb. Onun sözlərinə görə, mobil operatorlar nazirliyə təzyiq göstərərək dövlətin beynəlxalq rabitə sahəsində telefon şirkətləri ilə rəqabət aparan sosial şəbəkələrin və messencerin işini məhdudlaşdırmasına nail olmağa çalışır. Telefon şirkətləri ziyan çəkir, çünki xaricdə yaşayan dostlarla Skype vasitəsilə danışmaq daha rahatdır, üstəlik danışıq xərci də yoxdur. Sadəcə internetdən istifadə üçün ödəniş edirik, – Mirzə contact.az saytına bildirib.
Azərbaycanda sosial şəbəkə istifadəçiləri ümumilikdə messencerin bloklanmasına mənfi reaksiya verib, amma buna anlayışla yanaşanlar da tapılıb. Aşağıda sosial şəbəkə və forumlardan bir neçə sitat gətirmişik:
– “Mənə qalsa, terror aktı qurbanı olmaqdansa bir az Votsappsız yaşamaq daha yaxşıdır. Sizin də gördüyünüz kimi, bizim müdafiə orqanlarımız bunun öhdəsindən pis gəlmirlər. Siz çox təhlükəsiz ölkədə yaşayırsız. Bir qədər başqa şəraitdə yaşamaq bəs edər ki, müdafiə olunduğunu hiss etməyin necə vacib olduğunu anlayasız. Və bunun naminə müəyyən məhrumiyyətləri qəbul edəsiz”.
– “Mənim işlədiyim şirkət artıq online vido-konfranslar keçirə və əcnəbi həmkarlarla rahat, müasir formatda müzakirələr apara bilmir”.
– “Yəni siz ciddi şəkildə düşünürsüz ki, bununla terrorun qarşısını almaq mümkündür? Biz özümüzə bloklanmanın səbəbini izah etdiyimiz və onlara haqq qazandırdığımız müddətdə onlar pul qırtmağa davam edirlər”.
– “Gözlərimin qabağında doqquzuncu sinif şagirdi asanlıqla VPN vasitəsilə Skype-a qoşuldu. Yəni doğrudanmı hakimiyyət düşünür ki, hipotetik terrorçular qadağaları necə aşacaqlarını bilmirlər”.