Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Bu sənədlərə əsasən hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu haqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı və Fransanın vasitəçiliyi ilə keçirilən ikitərəfli görüşün yekununa dair bəyanatda deyilir.
Ötən axşam və gecə Praqada Azərbaycan prezidenti və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa Şurasının başçısı Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə görüş keçirilib.
Qafqaz vaxtı ilə gecənin gec saatlarında başa çatan ikitərəfli görüşün yekunlarına dair bəyanat qəbul edilib və bu bəyanatda Azərbaycan və Ermənistan ilk dəfə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb.
Bəyanatda deyilir:
Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər.
Bakı və Yerevan təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Sərhəd komissiyalarının növbəti iclası isə oktyabrın sonunda Brüsseldə keçiriləcək.
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin missiyasına köməklik göstərmək üçün razılıq verib.
Rəsmi Bakı da öz növbəsində ona aid olduğu qədər bu missiya ilə əməkdaşlığa razılıq verib.
Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi – güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir.
Əliyev-Paşinyan görüşünün birinci hissəsindən sonra Azərbaycan prezidenti yerli telekanallara müsahibə verib, Qarabağın və orada yaşayan erməni əhalinin gələcək taleyinin Azərbaycanın daxili məsələsi olduğu tezisini bir daha təsdiqləyib.
Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü baş tutub. Bu görüşdən sonra Ərdoğan bildirib ki, Türkiyə Ermənistanla münasibətlərin tam normallaşmasına və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan sonra bütün beynəlxalq kommunikasiyaların açılmasına hazırdır.