Azərbaycan Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi quraşdırıb. Bakı və Yerevandan məlumat və şərhlər
Laçın yoluna NBM
Azərbaycan Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi quraşdırıldığını açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Qarabağda yaşayan ermənilər üçün dəhlizlə hərəkət etmək üçün heç bir maneə olmayacaq. Yerevan və Xankəndidə isə bu, 10 noyabr 2020-ci il tarixli sazişin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilib. Azərbaycanlı ekspertin sözlərinə görə, dünyanın hər bir ölkəsinin öz sərhədlərinə nəzarət etmək hüququ var və bu, üçtərəfli bəyanatın tələblərini pozmur.
- Onlarla Gürcüstan vətəndaşı Sudanda, döyüş bölgəsində qalıb
- İlham Əliyev: “Ya onlar Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da çıxıb gedəcəklər”
- Qəzet mətbəəsində keçən 30 il
Bakıdan informasiya
Aprelin 23-də günorta saatlarında Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılması barədə məlumat yayıb.
“2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub”, – sərhəd xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Azərbaycan XİN-in bəyanatı
Azərbaycan Xarici İşlər Nazirliyi Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını “Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan qanunsuz məqsədlər üçün sistemli və genişmiqyaslı istifadəsinin davam etməsi ilə” izah edib.
“Üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar”, – nazirliyin məlumatında deyilir.
“Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq.
Yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək”, – XİN-dən bildirilib.
Bakıdan şərh
Siyasi icmalçı Hacı Namazov Laçın yolunun girişində keçid məntəqəsinin quraşdırılması ilə bağlı xəbəri JAMnews-a şərh edərkən deyib. Onun sözlərinə görə, üçtərəfli sazişin pozulmasından söhbət gedə bilməz:
“10 noyabr 2020-ci il tarixli bəyanatın altıncı bəndinə əsasən, Azərbaycan Laçın dəhlizi ilə maneəsiz hərəkətə zəmanət verir. Bu dəhliz iki ölkənin sərhədindən başlayır. Ona görə də ora daxil olmaq üçün Azərbaycan ərazisinə daxil olmaq lazımdır.
Ölkəyə daxil olan və ölkədən çıxan insanların və nəqliyyat vasitələrinin yoxlanılması dünyanın bütün ölkələrinin suveren hüquqlarının bir hissəsidir. Bu məntiqdən çıxış edərək, Azərbaycanı öz sərhədlərində keçid məntəqəsi quraşdırmaqda ittiham etmək axmaqlıqdır”.
Politoloq ikinci Qarabağ müharibəsinin nəticələrinə görə imzalanan üçtərəfli bəyanatın başqa bir məqamına diqqət çəkib:
“Ermənistanda sazişin altıncı bəndindən danışarkən nədənsə doqquzuncu bəndi unudurlar ki, bu da Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni nəzərdə tutur.
Müqavilənin imzalanmasından iki il yarım keçib. Bu yol haradadır? Bir metr belə asfalt çəkilməyib. Bu yola kim nəzarət edəcək, hardan keçəcək və başqa məqamları qoyuram bir kənara, yolun özü haradadır?
Azərbaycan heç kimin köməyi olmadan ötən ilin yayından istifadəyə verilmiş alternativ Laçın yolunu çəkdi. Yəni müqavilənin bəndlərindən birini yerinə yetirib. Eksterritorial dəhliz verməyəcəklərini iddia etməkdə davam edən ermənilər heç nə etmirlər. Baxmayaraq ki, razılaşma Rusiya FTX-nın nəzarətində olacaq yolun təhvil verilməsini tələb edir. Yol isə yoxdur”.
Hacı Namazov Ermənistanla sərhəddə keçid məntəqəsinin tətbiqi ilə nələrin dəyişəcəyi haqda sualımıza da cavab verib:
“Bu keçid məntəqəsi heç nəyi dəyişməyəcək. Orada Rusiya sülhməramlıları və Azərbaycan sərhədçiləri yan-yana dayanıblar. Qarabağda yaşayanlar, humanitar ləvazimatlar, Qırmızı Xaç avtomobilləri əvvəlki kimi hər iki istiqamətə gedib-gələcəklər.
Sual odur ki, erməni tərəfini bu qədər həyəcanlandıran nədir və niyə birdən-birə Xankəndidəki qanunsuz rejimin tam blokadaya alınmasından danışmağa başlayıblar? İş burasındadır ki, bundan sonra Ermənistandan Qarabağa qanunsuz yüklərin, eləcə də hərbi qulluqçuların daşınması praktiki olaraq mümkün deyil. Bu səs-küyün bütün səbəbi budur. Mülki vətəndaşlar üçün heç nə dəyişməyib”.
Politoloq ötən il dekabrın 12-dən azərbaycanlı fəalların Laçın yolunda davam edən etiraz aksiyasının taleyi ilə bağlı fikirlərini də açıqlayıb:
“Bu aksiya iştirakçılarının tələbləri təmin edilməyib. Yataqlarda monitorinq aparılmayıb. Bu səbəbdən aksiya davam edə bilər.
Amma digər tərəfdən, bundan sonra Xankəndidəki qanunsuz rejim faydalı qazıntıların Ermənistana qeyri-qanuni daşınması imkanından məhrumdur. Bu yükü daşıyan avtomobillər sadəcə Azərbaycan ərazisindən çıxa bilməyəcək. Ötən ilin dekabrından ermənilərin istifadə etdiyi bütün torpaq yollar Həkəri çayı üzərindəki körpüyə aparırdı. Bu məntiqdən çıxış edərək aksiya dayandırıla bilər. Yataqların monitorinqi isə artıq zaman məsələsidir”.
Yerevandan informasiya
Ermənistan XİN-in bəyanatı
Ermənistan XİN hesab edir ki, Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında nəzarət-buraxılış məntəqəsi yaratması Laçın dəhlizini tamamən bağlayır:
“Azərbaycan silahlı qüvvələrinin bu addımını hətta Azərbaycanın növbəti təxribatı kimi də qiymətləndirmək olmaz. Əslində bu, Azərbaycanın Dağlıq Qarabağda ardıcıl etnik təmizləmə siyasətinə və ermənilərin Dağlıq Qarabağdan qovulmasına yönəlmiş 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın fundamental müddəalarından birinin kobud şəkildə pozulmasıdır.
Ötən il dekabrın 12-dən indiyədək uydurma ekoloji bəhanə ilə Laçın dəhlizinin qeyri-qanuni blokadaya alınması, bu gün isə uzaqgörən və əsassız səbəblərdən nəzarət-buraxılış məntəqəsinin quraşdırılması bu planlaşdırılmış siyasətin ardıcıl həyata keçirilməsi istiqamətində atılan növbəti addımlardır”.
Bəyanatın sonuncu bəndində Ermənistanın strateji müttəfiqi olan Rusiyanın mövqeyindən narazılıq ifadə edilir:
“Biz Rusiya Federasiyasını dəhlizin qeyri-qanuni blokadasını aradan qaldırmaq və Azərbaycan qüvvələrinin Laçın dəhlizinin bütün təhlükəsizlik zonasından çıxarılmasını təmin etməklə üçtərəfli bəyanatın 6-cı bəndində nəzərdə tutulan öhdəliyi nəhayət yerinə yetirməyə çağırırıq”.
Beynəlxalq tərəfdaşların reaksiyası
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib.
“Birləşmiş Ştatlar Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır. Biz Laçın dəhlizi boyunca insanların sərbəst və açıq gediş-gəlişinin və ticarətin zəruriliyini bir daha bəyan edir və tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq”.
Yerevandan şərh
Siyasi icmalçı Naira Hayrumyan:
“Qoris-Stepanakert yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasının erməni soyqırımının 108-ci ildönümü ərəfəsində və Türkiyədə seçkilərə 20 gün qalmış baş verməsi diqqət çəkiri ki, bu da regional proseslərin paradiqmasını ciddi şəkildə dəyişə bilər. Seçkilərdə kimin qalib gəlməsindən asılı olaraq.
Bu kontekstdə Bakının addımlarının tələsik olduğunu qeyd etmək lazımdır ki, bu da onun müvəqqəti resursunun qalmadığını gizlətmir. Bunu çoxdan planlaşdırılan addım kimi təqdim etmək cəhdlərinə baxmayaraq, Türkiyədə seçkilərin xoşagəlməz nəticəsi olacağı təqdirdə Bakının ehtiyat hazırlamağa tələsdiyi göz qabağındadır.
Ukraynanın gözlənilən əks-hücum amili də vacibdir, bu kontekstdə Rusiyanın regiondakı rolu və təsiri dəyişə bilər. Bakı Moskva ilə birlikdə Ukrayna paradiqmasının dəyişməsi ilə yanaşı, Qərbin Cənubi Qafqaz regionunda rolunun artacağı ehtimalı qarşısında sığortalanmağa çalışır.
Belə olan halda noyabrın 9-da üçtərəfli bəyanat öz əhəmiyyətini tamamilə itirəcək və başqa razılaşmalar əldə etmək lazım gələcək – artıq üçtərəfli deyil, qanuni, beynəlxalq səviyyədə.
Burada “yerli” amil də var: keçid məntəqəsinin quraşdırılması Ermənistanın “Zəngəzur dəhlizi”nə eksterritorial rejim verməkdən imtina etməsinə Bakının inandırıcı olmayan cavabıdır. Ermənistan-Türkiyə sərhədində Marqarada erməni gömrük məntəqəsinin və Teh kəndi yaxınlığında erməni nəzarət-buraxılış məntəqəsinin tikilməsi Ermənistanın eksterritorial dəhliz vermək niyyətində olmadığından xəbər verir.
Azərbaycanın rəsmi açıqlamalarında keçid məntəqəsinin Rusiya kontingenti ilə razılaşdırılaraq yaradıldığı göstərilir. Bakı bilərəkdən və ya bilməyərəkdən Ermənistan tərəfinin Rusiyanın vasitəçi monopoliyasından narazılığına səbəb olaraq bunu vurğulayır.
Ermənistan Xarici İşlər Nazirliyi Rusiyadan məsuliyyət tələb edən bəyanat yayıb. Moskva tərəfindən dəhlizin blokunu açmaq üçün addımların olmaması erməni tərəflərin növbəti addımına – çoxmillətli sülhməramlı qoşunların yerləşdirilməsini tələb edən BMT və digər beynəlxalq qurumlara müraciətinə səbəb olmalıdır.
Bakı, görünür, Yerevandan başqa reaksiyalar gözləyir. REAL Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, “bu hadisənin Yerevanda hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacağını gözləmək olar. Əgər yaxın gələcəkdə dövlət çevrilişi baş verməyəcəksə, o zaman tezliklə sülh müqaviləsinin imzalanacağını ehtimal etmək olar”.
İnqilab olacaqmı? Baş nazir Nikol Paşinyan son bir ayda dəfələrlə bəyan edib ki, o, eskalasiyadan qaçmaq məntiqi ilə hərəkət edir və sülh müqaviləsi imzalamağa hazırdır. Bəzi ekspertlər bu davranışı Türkiyədəki seçkilər və Ukraynanın əks-hücumuna qədər vaxt qazanmaq cəhdi kimi qiymətləndirirlər.
Görünən odur ki, Paşinyan imkan daxilində belə taktikaya əməl edəcək.
Qarabağdakı vəziyyətə gəlincə, yol artıq 4 aydır ki, vətəndaşlar, ticarət və humanitar yüklər üçün bağlıdır. İnsanların və yüklərin avtomobil yolu ilə daşınması müstəsna olaraq Rusiya sülhməramlıları və BQXK vasitəsilə həyata keçirilir. Bu baxımdan, keçid məntəqəsi quraşdırıldıqdan sonra heç nə dəyişməyəcək. Laçın yolunda “ekoloqların” aksiyası öz mənasını itirəcək, blokada “qaldırıla” bilər, lakin qarabağlılar çox güman ki, artıq Azərbaycan keçid məntəqəsindən keçməklə dəhlizlə hərəkət etməkdən çəkinəcəklər.
Onlar rus qoşunlarının “zəmanəti” altında “pasport rejimi”nin nədən ibarət olduğunu bilirlər. Bütün bunlarda təbii ki, siyasi faktor da var – keçid məntəqəsinin açılması noyabrın 9-da üçtərəfli bəyanata son qoydu.
Bundan sonra nə Ermənistan tərəfinin, nə də Rusiya tərəfinin bu bəyanatı status-kvonun əsası kimi göstərməyə əsas yoxdur. Bölgədə yenidən Tabula rasa hökm sürür – sual yeni status-kvonun müəllifinin kim olacağından ibarətdir”.